“65 mülki şəxs həlak olub, 297 nəfər yaralanıb”
Azərbaycan Baş Prokurorluğunun mətbuat xidməti oktyabrın 24-də cəbhədə mülki əhalinin itkiləri ilə bağlı növbəti açıqlama yayıb.
Qurumun məlumatına görə, sentyabrın 27-dən ( cəbhədə döyüşlər başlayandan) hazırkı vaxtadək Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində Azərbaycan tərəfdən 65 mülki şəxs həlak olub, 297 nəfər yaralanıb:
“Bundan başqa, 398 mülki obyekt, 90 hündürmərtəbəli yaşayış binası və 2174 yaşayış evi yarasız hala düşüb”
“Cəbhədə oktyabrın 25-nə olan vəziyyət”
Oktyabrın 24-ü gün ərzində və 25-nə keçən gecə cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut, Qubadlı, Laçın istiqamətlərində döyüş əməliyyatlarının müxtəlif intensivliklə davam etdiyi bildirilir.
Bu barədə oktyabrın 25-i, səhər saatlarında Azərbaycan Müdafiə Nazirliyi (AMN) məlumat yayıb.
Məlumatda qeyd edilib ki, qarşı tərəf Azərbaycan qoşunlarını atıcı silahlar, tanklar, minaatanlar və toplardan atəşə tutub:
“Azərbaycan Ordusunun bölmələri əməliyyat planına uyğun əsas istiqamətlərdə döyüş fəaliyyətlərini davam etdirərək nəzarətə götürülən əraziləri bir qədər də genişləndirib”
Açıqlamaya görə, Azərbaycan qoşunları cəbhənin müxtəlif istiqamətlərində yeni mövqelərə irəliləyib.
“Hazırda cəbhə boyu döyüşlər davam edir. Qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir”, AMN bildirir.
Sentyabrın 27-dən...
Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi bildirilir. Azərbaycan açıqlayıb ki, son bir ayda 145 civarında kəndi, Cəbrayıl, Füzuli şəhərlərini, Hadrut, Mincivan və Ağbənd qəsəbələrini işğaldan azad edib.
Oktyabrın 1-də ATƏT-in Minski qrupunun həmsədr ölkələrinin liderləri birgə bəyanat yayaraq tərəfləri hərbi əməliyyatları dayandırıb, ilkin şərtsiz sülh danışıqlarını bərpa etməyə çağırıb.
Tərəflər bu ara düz iki dəfə hümanitar atəşkəslə bağlı razılığa gəldiklərini açıqlayıblar.Amma yenə cəbhədə bir çox istiqamətlərdə döyüşlərin davam etdiyi bildirilb. Hətta, birinci razılaşma açıqlamasından sonra Azərbaycanın ikinci böyük şəhəri, cəbhə xəttindən uzaq Gəncə oktyabrın 11-i və 17-də raket zərbələrinə tutulmuşdu.Nəticədə üst-üstə 26 dinc sakinin həlak olduğu, 80-dan çoxunun isə yaralandığı açıqlanmışdı.
Ümumilikdə, son həftələr cəbhənin ən müxtəlif istiqamətlərində qarşılıqlı döyüşlərin davam etdiyi, hər iki tərəfdən itkilərin olduğu bildirilib. Atəşkəsin pozulmasına görə, də qarşılıqlı ittihamlar səslənib.
Xatırlatma
Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.
AMN: “Yaşayış məntəqələrimiz atəşə tutulur”
Ermənistan silahlı qüvvələrinin Ağdam, Tərtər və Ağcabədi rayonlarının ərazilərini atəşə tutduğu bildirilir.
Bu barədə oktyabrın 25-i, saat 13:19-da Azərbaycan Müdafiə Nazirliyi (AMN) məlumat yayıb.
Müdafiə Nazirliyi yeni məlumat yayıb
Azərbaycan Müdafiə Nazirliyi (AMN) bildirir ki, Qubadlı istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin bölmələri hücum etməyə cəhd göstərib.
Bu barədə AMN oktyabrın 25-i, saat 19:20 radələrində məlumat yayıb.
Qeyd edildiyinə görə, Azərbaycan bölmələrinin gördüyü tədbirlər nəticəsində qarşı tərəf geri çəkilib.