“Cəbhədə oktyabrın 24-nə olan vəziyyət”
Oktyabrın 23-ü gün ərzində və 24-nə keçən gecə cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut, Qubadlı istiqamətlərində döyüş əməliyyatlarının müxtəlif intensivliklə davam etdiyi bildirilir.
Bu barədə oktyabrın 24-i, səhər saatlarında Azərbaycan Müdafiə Nazirliyi (AMN) məlumat yayıb.
Məlumatda qeyd edilib ki, qarşı tərəf Azərbaycanın müdafiə mövqelərini atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub:
“Azərbaycan ordusunun bölmələri əməliyyat planına uyğun cəbhənin müəyyən edilmiş istiqamətlərində döyüş fəaliyyətlərini davam etdirib”
Bəzi istiqamətlərdə Ermənistan silahlı qüvvələrinin bölmələrinin geri çəkildiyi, vacib yüksəkliklərin azad edildiyi vurğulanıb.
“Hazırda bütün cəbhə boyu döyüşlər davam edir. Qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir”, deyə AMN bildirib.
Halbuki,…
Azərbaycan və Ermənistan oktyabrın 18-i, yerli vaxtla saat 00.00 dan etibarən müvəqqəti humanitar atəşkəsə razılıq vermişdilər.
Bundan əvvəl də oktyabrın 10-da saat 12:00-dan etibarən tərəflər arasında hümanitar atəşkəs təmin edilməliydi.
Amma həmin tarixdən sonra da cəbhədə bir çox istiqamətlərdə döyüşlərin davam etdiyi bildirilirdi. Hətta, Azərbaycanın ikinci böyük şəhəri, cəbhə xəttindən uzaq Gəncə oktyabrın 11-i və17-də raket zərbələrinə tutulmuşdu.Nəticədə üst-üstə 25 dinc sakinin həlak olduğu, 80-dan çoxunun isə yaralandığı açıqlanmışdı.
Ümumilikdə, son həftələr cəbhənin ən müxtəlif istiqamətlərində qarşılıqlı döyüşlərin davam etdiyi, hər iki tərəfdən itkilərin olduğu bildirilib.
Atəşkəsin pozulmasına görə, də qarşılıqlı ittihamlar səslənib.
Tərtər və Bərdə rayonlarının atəşə tutulduğu bildirilir
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tərtər və Bərdə rayonlarının ərazilərindəki yaşayış məntəqələrini atəşə tutduğu bildirilir.
Bu məlumatı da oktyabrın 24-i, səhər saatlarında Azərbaycanın Müdafiə Nazirliyi (AMN) yayıb.
Goranboy-Naftalan ərazilərinin də atəşə tutulduğu deyilir
Azərbaycan oktyabrın 24-i səhər saatlarında Ermənistanın nəzarətində olan silahlı qüvvələrin Goranboy-Naftalan istiqamətindəki əraziləri də atəşə tutduğunu açıqlayıb.
Bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
“Naftalan-Tərtər atəşə tutulur”
“Ermənistan silahlı qüvvələri Ağdərə istiqamətindən Naftalan-Tərtər rayonlarının ərazisini yaylım atəşli reaktiv sistemlərdən (YARS) atəşə tutur.”
Bu məlumatı isə Azərbaycan Müdafiə Nazirliyi (AMN) oktyabrın 24-i, saat 11:11-də açıqlayıb.