Keçid linkləri

2024, 01 Noyabr, Cümə, Bakı vaxtı 04:41
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

17:47 23.10.2020

13 kəndin işğaldan azad olunduğu bildirilir

Azərbaycan ordusunun bu gün, oktyabrın 23-də Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilan rayonunun bəzi kəndlərini də işğaldan azad etdiyi bildirilir.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev özünün rəsmi Twitter səhifəsində qeyd edib.

"Müzəffər Azərbaycan Ordusu Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndlərini işğaldan azad etmişdir...", - o qeyd edib.

Dövlət başçısı başqa bir paylaşımında da vurğulayıb ki, Xocavənd rayonunun Dolanlar, Bünyadlı, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun isə Vənədli və Mirzəhəsənli kəndləri də işğaldan azad edilib.

18:17 23.10.2020

HRW hökumətdən cavab gözləyir

"Human Rights Watch" təşkilatı bildirir ki, Azərbaycan hökumətinə müraciət olunub, amma hələ ki, cavab ala bilməyiblər.

Qurumun Avropa və Orta Asiya üzrə direktor köməkçisi Giorgi Gogia AzadlıqRadiosuna deyib ki, hətta ölkəyə gələ bilməyəcəkləri halda belə Azərbaycan tərəfi ilə bağlı da hesabat hazırlayacaqlar, amma bu, daha çox vaxt alacaq və hazırkı hesabat qədər effektiv olmaya bilər: "Bəli, biz hesabatla bağlı narahatıq, çünki bizim hər iki tərəfdə olmaq imkanımız olmayıb. Təbii ki, biz uzaqdan olsa da, araşdırma aparırıq, amma tərəflərdən birinə getmək imkanı olmadığı halda peyk görüntüləri, fotoları təhlil edirik, bütün bunlar kifayət qədər vaxt alır. Bizim ehtiyacımız var ki, şəxsən olay yerində olaq, qurbanlarla şəxsən danışaq, hansı bombanın və məhz hansı istiqamətdən gəldiyini araşdıraq. Bizim hələ ki, bu vacıb sənədləşməni yalnız tərəflərdən birində etmək imkanımız yaranıb".

O, sonda da deyib: "Biz hələ də ümid edirik ki, Azərbaycan hökuməti də bizim üçün belə bir imkanı yaradacaq, çünki bu vacibdir".

19:18 23.10.2020

Azərbaycan Xarici İşlər Nazirliyi oktyabrın 23-də bu qurumun rəhbəri Ceyhun Bayramovun ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşü barədə məlumat yayıb.

Məlumata görə, nazir Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsində son vəziyyətlə bağlı müzakirə aparıb.

Habelə vurğulandığına görə, o, Ermənistan tərəfinin destruktriv siyasəti, dinc əhalinin məqsədyönlü şəkildə atəşə tutulması, xaricdən muzdluların və terrorçuların kütləvi cəlb olunması barədə ətraflı məlumat verib.

Bayramov və Mnatsakanyan üçtərəfli danışıqlardan imtina ediblər

ABŞ Dövlət katibi Mike Pompeo oktyabrın 23-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə danışıqlara başlayıb.

AFP xəbər verir ki, Pompeo Dövlət Departamentində əvvəlcə azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşür.

Pompeo bu danışıqlardan sonra Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyanla görüşməli idi.

AFP xəbər verir ki, həm Azərbaycan, həm də Ermənistan xarici işlər nazirləri üçtərəfli görüşü istəmədiklərini bildiriblər.

Pompeo bildirib ki, “diplomatik vəziyyət gərgindir”:

"Bizim mövqeyimiz az qala hər bir Avropa ölkəsinin tutduğu mövqe kimidir. Biz onlara demişik ki, deeskalasiya olmalıdır və bütün ölkələr bu münaqişədən aralı durmalı, münaqişəni qızışdırmamalı, tərəflərə silah sistemləri və dəstək verməməlidir”.

Pompeo deyib ki, yalnız belə mövqe şəraitində gərginliyin azaldılmasına nail olmaq olar.

Rusiya prezidenti Vladimir Putin oktyabrın 22-də hər iki tərəfdən 5 min nəfərin həlak olduğunu bildirmişdi.

Pompeo bu yaxınlarda Ermənistanın hazırda müdafiə mövqeyində olduğunu demiş və Azərbaycanın müttəfiqi olan Türkiyənin münaqişəyə müdaxiləsini pisləmişdi.

AFP bildirib ki, Birləşmiş Ştatlarda böyük və siyasi baxımdan fəal erməni diasporası var.

Lakin o əlavə etmişdi ki, ABŞ və Azərbaycvanı strateji maraqlar bağlayır.

01:04 24.10.2020

Vaşinqtonda Qarabağ danışıqları başa çatdı

Oktyabrın 23-də Vaşinqtonda ABŞ dövlət katibi Mike Pompeo Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun BayramovZohrab Mnatsakanyanla ayrı-ayrılıqda danışıqlar aparıb.

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, nazirlər Pompeo ilə üçtərəfli danışıqların keçirilməsinə razılıq verməyiblər.

Reuters agentliyi yazır ki, danışıqların aparıldığı vaxt ABŞ Dövlət Departamentinin qarşısında Azərbaycanı və Ermənistanı dəstəkləyən əks-etiraz aksiyaları keçirilirdi.

Nazir Ceyhun Bayramov həmsədrlərlə də görüşüb

Vaşinqtona səfəri çərçivəsində Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun oktyabrın 23-də ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə də görüşü keçirilib.

Bu barədə Azərbaycan Xarici İçlər Nazirlyi (XİN) oktyabrın 24-ü məlumat yayıb.

Məlumata görə, görüşdə Ceyhun Bayramov qeyd edib ki, Ermənistan tərəfi iki dəfə humanitar atəşkəsi pozub, mülki əhalini məqsədyönlü şəkildə davamlı atəşə tutur və münaqişə zonasından kənarda yerləşən şəhərləri, yaşayış məskənlərini raket hücumuna məruz qoyur.

Məlumatda vurğulanıb ki, nazir habelə, Ermənistan rəhbərliyinin münaqişənin diplomatik həllinin olmaması barədə açıqlamasını həmsədrlərin diqqətinə çatdırıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Oktyabrın 1-də bu qurumun həmsədr ölkələrinin liderləri birgə bəyanat yayaraq tərəfləri hərbi əməliyyatları dayandırıb, ilkin şərtsiz sülh danışıqlarını bərpa etməyə çağırmışdı.

Trump: “Biz Ermənistanla işləyirik…”

Bu arada prezident Donald Trump deyib ki, Qarabağa dair danışıqlarda “yaxşı irəliləyiş” əldə olunub.

O Azərbaycan və ya Ermənistanın liderləri ilə danışıb-danışmadığını açıqlamayıb.

Trump deyib:

“Biz Ermənistanla işləyirik. Bizim Ermənistanla çox yaxşı münasibətlərimiz var…Görək nə olur…”

Reuters yazır ki, Pompeonun nazirlərlə söhbəti 30-40 dəqiqə davam edib.

Zohrab Mnatsakanyan görüşdən sonra jurnalistlərin suallarına cavab verərkən danışıqları “çox yaxşı” adlandırıb.

Erdoğan: “Türkiyənin Rusiya qədər haqqı var”

Vaşinqton danışıqlarından az əvvəl Türkiyə prezidenti Recep Tayyip Erdoğan demişdi ki, o Qarabağ məsələsinin Moskva və Ankara arasında nizama salınacağına ümid edir:

“Türkiyə inanır ki, buradakı sülh prosesində işrtirak üçün onun da Rusiya qədər haqqı var”.

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün yaradılmış Minsk qrupunun həmsədr ölkələri – Rusiya, ABŞ və Fransa hələki Türkiyənin rolunu qəbul etmək istəmirlər.

Birgə bəyanat qəbul edilmədi

Bu arada oktyabrın 23-də BMT Təhlükəsizlik Şurasının 15 üzvü Dağlıq Qarabağ münaqişəsinə dair birgə bəyanat üzrə razılığa gələ bilməyiblər.

Diplomatların dediyinə görə bu ona görə baş verib ki, şuranın bəzi üzvləri bəyanatda BMT-nin Dağlıq Qarabağa dair məlum qətnamələrinə istinad edilməsini tələb edirdilər.

Rusiya, ABŞ və Fransa isə bu yanaşmanı qəbul etməyiblər.

Reuters yazır ki, belə bəyanatlar Təhlükəsizlik Şurasının bütün üzvlərinin konsensusu ilə qəbul edilməlidir.

Rusiyanın BMT-dəki səfirinin müavini Dmitri Polyanski deyib ki, üzvlər mətn üzərində işi davam etdirməmək qərarına gəliblər.

Davamı

XS
SM
MD
LG