Pompeo nazirlərə deyəcək ki...
Bakı sülhə nail olmaq cəhdlərinə sadiq qalır. Bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Xarici İşlər naziri Ceyhun Bayramovun Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşündən sonra deyib.
"Bayramov Azərbaycanın münaqişəni dinc yolla həll etməyə sadiqliyini vurğuladı", – Bülbüloğlu Rusiyanın TASS dövlət agentliyinə deyib.
Bayramov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan oktyabrın 23-də Vaşinqtonda ABŞ-ın Dövlət katibi Mayk Pompeo ilə görüşməlidirlər.
Pompeonun jurnalistlərə deməsinə görə, o, Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinə deyəcək ki, "irəliyə doğru yol münaqişənin dayandırılması, de-eskalasiya, hər bir ölkənin kənar durması – münaqişəni alovlandırmaması, silah sistemləri, yaxud dəstək verməməsidir".
"Bu halda hamı üçün qəbul edilən diplomatik həlli potensial olaraq əldə etmək olar", – o, sözlərinə əlavə edib.
Cəbhədə oktyabrın 22-nə olan vəziyyət
Oktyabrın 21-i gün ərzində, habelə 22-nə keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Cəbrayıl və Zəngilan-Qubadlı istiqamətlərində döyüş əməliyyatlarının müxtəlif intensivliklə davam etdiyi bildirilir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi (AMN) oktyabrın 22-i, səhər saat 8:45 radələrində məlumat yayıb.
Məlumatda qeyd edilib ki, qarşı tərəf Azərbaycanın müdafiə mövqelərini atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub. Açıqlamaya görə, Azərbaycan ordusunun keçirdiyi əməliyyat nəticəsində cəbhənin Qubadlı istiqamətində Ermənistan silahlı qüvvələrinin müdafiə olunan bölmələri vacib yüksəklik və bir sıra mövqelərdən geri çəkilməyə məcbur edilib: "Hazırda bütün cəbhə boyu döyüşlər davam edir. Qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir".
Azərbaycan mövqelərinin atəşə tutulduğunu bildirir
Oktyabrın 22-də saat 09:15-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən Füzuli rayonundakı mövqelərini reaktiv artilleriya sistemlərindən atəşə tutduğu deyilir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi (AMN) oktyabrın 22-i, saat 9:40 radələrində məlumat yayıb.