Siyəzən, Qəbələ və Kürdəmir istiqamətlərinə də raket atıldığı deyilir
Oktyabrın 22-də səhər saatlarında Ermənistandan Azərbaycan ərazisinin əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulduğu bildirilir.
Bu məlumatı da Azərbaycan Müdafiə Nazirliyi (AMN) yayıb.
Məlumata görə, saat 07.00 radələrində Siyəzən rayonu istiqamətində üç, saat 09.00 radələrində Qəbələ rayonu istiqamətində iki, Kürdəmir rayonu istiqamətində isə bir raket buraxılıb: "Ermənistan silahlı qüvvələrinin hədəfi dinc əhali və mülki infrastruktur olub".
Nazirlik habelə bildirir ki, raket hücumu nəticəsində tələfat yoxdur.
Hər üç rayon cəbhə bölgəsindən kənarda yerləşir.
Qəbələ sakininin yaralandığı bildirilir
Ermənistan ordusunun Qəbələyə raket atması nəticəsində 1 mülki şəxsin yaralandığı, 5 evə ciddi ziyan dəydiyi bildirilir.
Bu barədə oktyabrın 22-də Azərbaycan Baş Prokurorluğu məlumat yayıb.
Məlumata görə, oktyabrın 22-si, səhər saatlarından başlayaraq Ermənistan silahlı birləşmələri cəbhə zonasından 150 km-dən artıq uzaqlıqda yerləşən Azərbaycanın Qəbələ, Kürdəmir və Siyəzən rayonlarına "Skad" ballistik taktiki raketlər atıb: "Raket zərbələri nəticəsində Qəbələ rayon sakini, 2003-cü il təvəllüdlü Əmirbəyov Murad Ceyhun oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb, kənd ərazisində yerləşən 5 yaşayış evinə ciddi ziyan dəyib".
Həmçinin, Abşeron yarımadasını içməli su ilə təchiz edən Oğuz-Qəbələ-Bakı su kəmərinin də hədəfə alındığı vurğulanır: "Lakin ordumuzun hava hücumundan müdafiə qüvvələrinin zərərsizləşdirilməsi nəticəsində raketin hissələri su kəmərinin yaxınlığına düşüb".