Tərtər və Ağdam rayonları atəşə tutulur
Ermənistan silahlı qüvvələrinin Tərtər və Ağdam rayonlarının ərazilərini atəşə tutduqları bildirilir.
Bu barədə bu gün, oktyabrın 20-si, saat 13:00 radələrində Azərbaycan Müdafiə Nazirliyi (AMN) məlumat yayıb.
Prezident: Zəngilan şəhəri işğaldan azad edilib
Prezident İlham Əliyev xalqa müraciətində deyib ki, Azərbaycan ordusu Zəngilan şəhərini, bu, Xocavənd, Cəbrayıl və Füzuli rayonlarının bəzi kəndlərini işğaldan azad edib.
Azərbaycan prezidenti İ.Əliyevin deməsinə görə, aşağıdakı yaşayış məntəqələri işğaldan azad edilib:
Füzuli rayonu: Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri.
Cəbrayıl rayonu: Sarafşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri.
Xocavənd rayonu: Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Vəng kəndləri.
Prezident daha sonra əlavə edib: "Vəng kəndinə yeni Azərbaycan adı verirəm. Bundan sonra Vəng kəndi Çinarlı kəndi adlandırılsın".
Azərbaycan dövlət başçısının vurğulamasına görə, Zəngilan rayonunda isə rayon mərkəzi, Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan və Muğanlı kəndi işğaldan azad edilib.
İ.Əliyev: "Biz böyük qayıdışın astanasındayıq"
"Əminəm ki, bu gün işğalçılardan azad edilmiş bütün torpaqlara Azərbaycan vətəndaşları qayıdacaqlar. O torpaqlarda yaşayacaqlar, sülh, əmin-amanlıq şəraitində yenə də qurub-yaradacaqlar".
Prezident İlham Əliyev bunu xalqa müraciətində bildirib.
O vurğulayıb ki, Azərbaycanın işğaldan azad edilən bütün şəhərləri, kəndləri bərpa olunacaq: "Biz böyük qayıdış astanasındayıq və Azərbaycan dövləti əlindən gələni edəcək ki, işğal edilmiş və azad edilmiş torpaqlara qayıdacaq Azərbaycan vətəndaşları rahat yaşasınlar, əmin-amanlıq şəraitində yaşasınlar. Bu torpaqlarda həyat canlanacaqdır".
Top mərmisindən Tərtərdə iki nəfərin öldüyü bildirilir
Bu gün, oktyabrın 20-də top mərmisindən Tərtər rayonunda iki nəfərin həlak olduğu açıqlanıb.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Açıqlamaya görə, oktyabrın 20-si, səhər saatlarından başlayaraq qarşı tərəfin silahlı birləşmələri Tərtər rayonunu intensiv raket və ağır artilleriya atəşinə tutub: "Saat 15 radələrində rayonun Cəmilli kəndində fərdi yaşayış evinə top mərmisinin düşməsi nəticəsində kənd sakinləri - 1994-cü il təvəllüdlü İsaqlı Anar Rəsul oğlu və 1984-cü il təvəllüdlü Quliyev Anar Tofiq oğlu həlak olub. 1972-ci il təvəllüdlü Şabanov Murov Rəsul oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb, yaşayış evinə isə külli miqdarda ziyan dəyib".
Qurumdan bundan əvvəl qeyd edildiyinə görə, sentyabrın 27-dən (cəbhədə döyüşlər başlanandan) Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində Azərbaycan tərəfdən 61 mülki şəxs həlak olub, 291 nəfər yaralanıb.