BMT-də Qarabağdan danışacaqlar
Bu gün – oktyabrın 19-da BMT-nin Təhlükəsizlik Şurası Dağlıq Qarabağdakı əməliyyatlarla bağlı məsləhətləşmələr keçirəcək. BMT-nin Baş katibi Antonio Quterreş tərəfləri atəşkəsə sayğı göstərməyə çağırıb, mülki şəxslərə hücumları pisləyib.
"Raketin qalıqları Bakı-Novorossiysk neft kəmərinin..."
Dünən, oktyabrın 18-i saat 13 radələrində Ermənistan silahlı birləşmələrinin Azərbaycanın Xızı rayonunun ərazisində hərbi hədəf olmayan xam neft və kondensat ixrac edən kəmərləri hədəfə aldığı bildirilib.
Bu barədə oktyabrın 19-da Azərbaycan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Məlumatda yazılıb ki, Ermənistan silahlı qüvvələri hərbi əməliyyatlar aparılan ərazidən 300 kilometrdən artıq məsafədə yerləşən Xızı rayonu istiqamətində raket zərbələri endirməyə çalışıb: "... Havada zərərsizləşdirilməsi nəticəsində raketin içərisində olan partlayıcı hissəciklərin bir hissəsi Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığında strateji əhəmiyyətli Bakı-Novorossiysk neft kəmərinin Xızı rayonunun Sitalçay kəndindən keçən hissəsindən 250 metr məsafəyə səpələnib".
Azərbaycan hakimiyyət orqanları bundan əvvəl də Ermənistan silahlı qüvvələrinin Bakı-Tbilisi-Ceyhan neft kəmərini hədəf seçdiyini açıqlamışdı. Amma qarşı tərəf bu məlumatı təkzib etmiş və belə bir niyyətinin olmadığını vurğulamışdı.
61 mülki şəxs həlak olub, 282 nəfər yaralanıb
Baş Prokurorluğun mətbuat xidməti oktyabrın 19-da cəbhədə mülki insanların itkisi ilə bağlı növbəti məlumat açıqlayıb.
Məlumatda qeyd edilib ki, sentyabrın 27-dən (cəbhədə döyüşlər yenidən başlayandan) hazırkı vaxtadək Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində Azərbaycan tərəfdən 61 mülki şəxs həlak olub, 282 nəfər yaralanıb: "Bundan başqa, 341 mülki obyekt, 90 hündürmərtəbəli yaşayış binası və 1846 yaşayış evi yarasız hala düşüb".
Tərtərdə yanğın başlayıb
Bu gün, oktyabrın 19-u günortadan sonra Tərtər rayonu ərazisində pambıq qəbulu və emalı məntəqəsində yanğın baş verdiyi bildirilir.
Bu barədə AzadlıqRadiosuna yerli sakinlər məlumat veriblər. Onlar bunu əraziyə mərmi düşməsi ilə izah ediblər. Sakinlərin bildirməsinə görə, hazırda Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri yanğını söndürməyə çalışırlar.