Cəbhədə son vəziyyət
Ermənistan silahlı qüvvələrinin gecə ərzində Goranboy, Tərtər, Ağdam rayonlarının ərazisini minaatanlar və toplardan atəşə tutduqları bildirilir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi (AMN) oktyabrın 19-u saat 8:15-də məlumat yayıb.
"Bu gün (oktyabrın 19-u) səhər saatlarından Ağcabədi rayonunun ərazisi də atəşə tutulur", - nazirlik qeyd edib.
AMN yuxarıdakı məlumatın yayılmasından təqribən 15 dəqiqə əvvəl isə bildirmişdi ki, oktyabrın 18-də gün ərzində və 19-a keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl istiqamətlərində, eləcə də Araz çayı boyu müqavimət göstərməyə cəhd edən qarşı tərəflə döyüş əməliyyatları davam edib.
Açıqlamaya görə, qarşı tərəf Azərbaycan bölmələrinin müdafiə mövqelərini atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub. "Hazırda qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir", - məlumatda vurğulanıb.
Tərtərdə xəsarət alan var
Tərtər rayonunda mülki insanlardan xəsarət alanın olduğu deyilir.
Bu barədə oktyabrın 19-da Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd edilib ki, oktyabrın 18-i səhər saatlarından Ağcabədi rayonunun müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulması nəticəsində Yuxarı Qiyaməddinli, Qaraxanlı kəndlərində ümumilikdə 25-dən artıq yaşayış evinə külli miqdarda ziyan dəyib.
Bundan başqa bildirilir ki, oktyabrın 19-da səhər saatlarından başlayaraq Ermənistanın silahlı qüvvələri Tərtər rayonunun müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutub: "Ələsgərli kənd sakini 1962-ci il təvəllüdlü Səlimov Niyaz Hüseynalı oğlu yaşadığı evin həyətinə top mərmisinin düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, yaşadığı evə isə ciddi ziyan dəyib".
Baş Prokurorluqdan bundan əvvəl də bildirilib ki, sentyabrın 27-dən (cəbhədə döyüşlər başlayandan) Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində Azərbaycan tərəfdən 60 mülki insan həlak olub, 270-dən çoxu isə yaralanıb.
AMN: "Dövlət sərhədində mövqelərimiz atəşə tutulur"
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dövlət sərhədində mövqelərini atəşə tutduqları bildirilir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi (AMN) oktyabrın 19-u saat 12:36-da məlumat yayıb:
"Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycanla dövlət sərhədində növbəti dəfə vəziyyəti gərginləşdirməyə cəhd göstərib. Oktyabrın 19-u saat 11:10-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonu istiqamətindən Tovuz rayonu, Vardenis rayonu istiqamətindən isə Daşkəsən rayonu ərazisindəki Azərbaycan Ordusunun döyüş mövqelərini iriçaplı silahlardan atəşə tutur", - məlumatda yazılıb.
MN: "Göygöldə mövqelərimiz atəşə tutulur"
Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı qüvvələri oktyabrın 19-u saat 12:00-dan başlayaraq işğal olunmuş Kəlbəcər rayonu istiqamətindən Göygöl rayonu ərazisindəki Azərbaycan mövqelərini minaatanlar və iriçaplı atıcı silahlardan atəşə tutur.