Gəncə və Mingəçevir yenidən raket atəşinə tutulub
Azərbaycan Müdafiə Nazirliyinin oktyabrın 17-də verdiyi xəbərdə deyilir ki, Gəncə şəhəri növbəti dəfə Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub.
Gəncə və Mingəçevir şəhərlərinə yenidən raket zərbələri endirilib.
AzadlıqRadiosunun müxbiri Gəncədən xəbər verir ki, adamların yatdığı bir vaxtda 5 evlərin sıx yerləşdiyi əraziyə raketlər düşüb.
Sakinlər və xilasedicilər dağıntıların altından adamları çıxarmağa çalışırlar.
Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev Twitter hesabından yazıb:
"Ermənistanın silahlı qüvvələri humanitar atəşkəsin arxasında gizlənərək əməldə hərbi cinayətlər törətməkdə davam edir. Gəncə və Mingəçevir şəhərlərinə raket zərbələri endirilib. İtkilər və dağıntılar barədə əlavə məlumat veriləcək”.
Hikmət Hacıyev yazdığı daha bir tvitdə ilkin məlumata görə 40 mülki şəxsin ciddi yaralandığını və 12 nəfərin həlak olduğunu bildirib. Ölənlərdən ikisinin azyaşlı olduğu qeyd olunur.
Hacıyev yazır ki, bu yekun rəqəmlər deyil.
Hikmət Hacıyev bildirir ki, Gəncə şəhərinə ballistik raketlər Ermənistan ərazisindən atılıb:
“Bura döyüş zonasından uzaqdır. Heç bir hərbi zərurət yox idi”.
Prezidentin köməkçisi yazır ki, Ermənistan XİN bu hadisəyə görə "dövlətin məsuliyyət daşımadığını" bildirib.
Gəncə şəhərinə bundan əvvəl oktyabrın 11-də də raket atılmışdı. Ermənistan silahlı qüvvələrinin həmin zərbəsi nəticəsində 10 mülki şəxs həlak olmuşdu.
Mingəçevirə atılan raketlərin zərərsizləşdirildiyi xəbər verilir
Azərbaycan Respublikası Baş Prokurorluğunun məlumatına görə Ermənistan ərazisindən Mingəçevirə atılan raketlər Hava Hücumundan Mdüafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.
Hikmət Hacıyev özününü Tvitter səhifəsində Gəncəyə atılan raketin qaıqlarını paylaşıb.
Gəncədə həlak olanların sayı 10 nəfəri keçib, yaralıların sayı isə 40 nəfərə çatıb. Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitter hesabında məlumat paylaşıb.
Gəncənin mərkəzi hissəsində yerləşən dinc sakinlərin yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində 12 nəfər həlak olmuş, 40-dan çox şəxs yaralanıb. Çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir. Bu məlumatı Azərbaycan Respublikasının baş prokurorluğu yayıb.
Prokurorluq bildirir ki, hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.