İran xəbərdarlıq edir
İranın Xarici İşlər Nazirliyi Ermənistana və Azərbaycana yenidən xəbərdarlıq edib. Buna Dağlıq Qarabağda əməliyyatlar zamanı İran tərəfə təsadüfən atəş açılması və bir nəfərin yaralanması səbəb olub.
"Belə bir atəş bir daha təkrarlanarsa, İran İslan Respublikası buna etinasız yanaşmayacaq", – nazirliyin sözçüsü Səid Xətibzadə oktyabrın 16-da deyib.
Rəsmi IRNA agentliyi yerli məmura istinadla xəbər verib ki, İranın Şərqi Azərbaycan əyalətinin Xudafərin şəhəristanında iki kəndə 10 raket düşüb, bir bina dağılıb, bir nəfər yaralanıb.
Xudafərin Ermənistanın işğalı altında olan Dağlıq Qarabağla həmsərhəddir.
Sentyabrın 27-dən Azərbaycanla Ermənistan arasında başlanan əməliyyatlar zamanı sərhədin o tayına dəfələrlə raket və mərmi düşüb. Xətibzadə oktyabrın 12-də xəbərdarlıq edirdi ki, "münaqişənin istənilən tərəfinin ölkəmiz ərazisinə müdaxiləsi dözülməzdir".
“Xırmancıq, Ağbulaq, Axullu kəndləri azad edilib”
Azərbaycan prezidenti İlham Əliyev bu gün, oktyabrın 16-da bildirib ki, 3 kənd də işğaldan azad edilib.
"Rəşadətli Azərbaycan Ordusu tərəfindən Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad edilib..." - deyə prezident İlham Əliyev "Twitter" səhifəsində paylaşım edib.
Baş Prokurorluq: “Videolarla əlaqədar araşdırma aparılıb”
Azərbaycan Baş Prokurorluğu bəzi sosial şəbəkə istifadəçiləri və kütləvi informasiya vasitələrində yayılan videolarla bağlı açıqlama yayıb.
Orada bildirilir ki, bəzi sosial şəbəkə istifadəçiləri, “Инфотека24” və digər xarici kütləvi informasiya vasitələri guya Azərbaycan Ordusunun hərbi qulluqçularının erməni əsirlərinə qarşı qanunsuz davranışlarını, o cümlədən azərbaycanlı həkimlərin yaralılara laqeyd münasibət göstərməsini əks etdirən videogörüntülər yayıblar.
“Tərəfimizdən erməni əsirlərinə qarşı qanunsuz davranışlarla bağlı yayılmış videolarla əlaqədar araşdırma aparılıb və onların saxta olması müəyyənləşdirilib. Bildiririk ki, beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə ermənilər tərəfindən səhnələşdirilən bu tipli videolar təxribat xarakteri daşıyır. Videoların Azərbaycan hərbi qulluqçularının döyüş fəaliyyətinə, o cümlədən cəmiyyətimizə heç bir aidiyyəti yoxdur” - məlumatda yazılıb.
Bundan əvvəl Ermənistan mediasında insan haqları müdafiəçilərinin Azərbaycan əsgərlərinin erməni əsirlərlə qəddar hərəkət etməsinin və daha sonra onları güllələməsinin iddia olunduğu iki video və bir fotonu əldə etdikləri xəbər verilmişdi.
News.am saytı iddia edir ki, belə videolar Azərbaycan mənbələri tərəfindən yayılır.
Prezident: “Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar”
“İşğal edilmiş torpaqların hər bir qarışı, hər bir şəhər bizim üçün doğmadır, əzizdir...Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar".
AZƏRTAC-ın xəbərinə görə, bu fikri prezident İlham Əliyev Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində müxbirin Şuşa ilə bağlı sualına cavabında səsləndirib.
Dövlət başçısı Şuşanın işğaldan azad edilməsi ilə bağlı daha sonra deyib:
“... Biz buna nail olmalıyıq. Bu, nə zaman olacaq? Əlbəttə ki, onu yaxın gələcək göstərər”.