Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:15
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

16:54 9.10.2020

"Mingəçevir istiqamətində raket göydə vurulub"

Ermənistandan Mingəçevir istiqamətində atılan raketin göydə vurulduğu bildirilir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi ( AMN) oktyabrın 9-u saat 16:30-da məlumat yayıb.

Bildirilir ki, Ermənistan ərazisindən Mingəçevir istiqamətdə atılan ballistik hədəfi Azərbaycan Hava Hücumundan Müdafiə (HHM) sistemləri aşkar edərək 20 kilometrdən artıq hündürlükdə vurub.

17:33 9.10.2020

"Hadrut qəsəbəsi işğaldan azad edilib"

Azərbaycanın Hadrut qəsəbəsi və bir neçə kəndi işğaldan azad etdiyi bildirilir.

Bu barədə oktyabrın 9-da Prezident İlham Əliyev xalqa müraciətində danışıb.

Prezidentin deməsinə görə, işğaldan azad edilən kəndlər bunlardır: Çaylı, Yuxarı Güzdək, Görəzilli, Qaracallı, Süleymanlı, Əfəndilər, Qışlaq və Sur.

Hadrut (Ağoğlan) Azərbaycanın Xocavənd rayonunda qəsəbədir. Azərbaycan 1991-ci il noyabrın 26-da Dağlıq Qarabağ Muxtar Vilayətini (DQMV) ləğv edib. Ondan sonra Hadrut və Martuni rayonlarının bazasında Xocavənd rayonu yaradılıb. Xocavənd rayonu coğrafi baxımdan, əsasən, Dağlıq Qarabağ ərazisində yerləşir.

Hadrut da 1991-ci ilə qədər DQMV-nin tərkibində rayon olub.1923-cu ilə qədər Ağoğlan adlandırılıb.

19:05 9.10.2020

Prezident: ‘İşğalçıya bəlkə də sonuncu dəfə şans veririk ki...’

“... İşğalçıya bəlkə də sonuncu dəfə şans veririk ki, çıxın bizim torpaqlarımızdan. Çıxın, öhdəlik götürün, danışıqlara qayıdın, danışıqların formatına qayıdın.”

AZƏRTAC-ın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev okyabrın 9-da xalqa müraciətində deyib.

Prezident Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin oktyabrın 9-da Moskvada keçirilən görüşünə də toxunub:

“İndi məcbur olub onların xarici işlər naziri Moskvaya danışıqlara gəlib. Gəlsin orada desin “Qarabağ Ermənistandır”. Əgər belə bir şey desə heç bir danışıqlardan söhbət gedə bilməz. Mən də bunu demişəm. Heç kim də bizi məcbur edə bilməz.”

Dövlət başçısının vurğulamasına görə, bundan əvvəl Ermənistan rəhbərliyi Azərbaycandan tanınmayan “Dağlıq Qarabağ Respublikası”nın başçısı ilə danışıqlar aparmasını istəyib:

“Heç vaxt biz buna razı ola bilmərik və heç vaxt bu, olmayacaq.”

“Bu tarixi şansı onlar qaçırmamalıdır”

İlham Əliyevin qeyd etməsinə görə, Ermənistan rəhbərliyi nəhayət böyük zərbə alandan sonra dərk etməyə başlayıb ki, o, ancaq Azərbaycanın şərtləri ilə oturub-duracaq.

“Biz nə desək o da olacaq. Şans veririk ki, danışıqlar yolu ilə, sülh yolu ilə torpağımızdan çıxsın”, - deyə dövlət başçısı bildirib.

Prezident vurğulayıb ki, onsuz da Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək:

“Bütün dünya bunu gördü, o cümlədən Ermənistan bunu gördü. Biz istəyirik ki, qan tökülməsin. Biz istəyirik ki, şəhidlər olmasın. Biz öz torpaqlarımızı istəyirik...”

Prezident vurğulayıb ki, “bu tarixi şansı onlar qaçırmamalıdır”.

Xatırlatma

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi bildirilir.

Hər iki tərəfdən itkilər olduğu deyilir. Azərbaycan açıqlayıb ki, son günlər 30-dan çox kəndi, Cəbrayıl şəhərini və Hadrut qəsəbəsini işğaldan azad edib.

Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar cəbhə bölgəsində vəziyyət gərginləşəndən sonra Azərbaycanda prezident İlham Əliyevin fərmanı ilə sentyabrın 28-dən hərbi vəziyyət və qismən səfərbərlik elan olunub.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Atəşkəs olsa da, tez-tez onun pozulduğu bildirilir. Xüsusilə 2016-cı ilin aprelində və bu ilin iyulunda cəbhədə ağır silahların işə düşdüyü, hər iki tərəfdən itkilər olduğu deyilirdi.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Oktyabrın 1-də bu qurumun həmsədr ölkələrinin liderləri birgə bəyanat yayaraq tərəfləri hərbi əməliyyatları dayandırıb, ilkin şərtsiz sülh danışıqlarını bərpa etməyə çağırıb.

Bu gün, oktyabrın 9-da isə Moskvada Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşdüyü bildirilir.

19:33 9.10.2020

Quzanlıda dörd nəfərin xəsarət aldığı bildirilir

Quzanlı qəsəbəsinin atəşə tutulması nəticəsində dörd nəfərin xəsarət aldığı bildirilir.

Bu barədə Azərbaycan Baş Prokurorluğu oktyabrın 9-da məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, Ermənistan silahlı qüvvələri oktyabrın 9-da saat 14 radələrindən başlayaraq Ağdam rayonunun Quzanlı qəsəbəsini müxtəlif istiqamətlərdən raket və artilleriya mərmilərindən intensiv atəşə tutub:

“... 1979-cu il təvəllüdlü Hüseynov Əlizamin Cavid oğlu, 1978-ci il təvəllüdlü Zeynalov Elçin Əli oğlu,1984-cü il təvəllüdlü Məmmədova Lalə Məhəmməd qızı və 1992-ci il təvəllüdlü Rzayev Elçin Hənifə oğlu qəsəbə ərazisinə mərmi düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.”

Qurumun mətbuat xidmətinin bundan əvvəl yaydığı məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək qarşı tərəfin silahlı qüvvələrinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində Azərbaycan tərəfdən ümumilikdə 31 mülki şəxs həlak olub, 164 nəfər yaralanıb.

Davamı

XS
SM
MD
LG