Keçid linkləri

2024, 26 Oktyabr, şənbə, Bakı vaxtı 12:29
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

17:25 5.10.2020

Prezidentin köməkçisi: "Bu əmrlər..."

"Qəti şəkildə Ermənistanın Azərbaycana qarşı son hücumlarını pisləyirik. Bu əmrlər bilavasitə Ermənistanın siyasi, hərbi rəhbərliyinin tapşırığı ilə həyata keçirilir".

Bunu bu gün, oktyabrın 5-də keçirilən brifinqdə Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun fikrincə baş verənlər Ermənistan tərəfindən Azərbaycana qarşı növbəti müharibə, təcavüz aktıdır: "Bu hücumlar məqsədyönlü şəkildə həyata keçirilir, artıq uzaqmənzilli raketlərdən də istifadə edilir. Artıq bu raketlər Xızı şəhərinə qədər gəlib çıxıb...".

Prezidentin köməkçisinin vurğulamasına görə, onlar bununla münaqişəyə üçüncü tərəfi də cəlb etmək istəyirlər.

H.Hacıyevin sözlərinə görə, Azərbaycan Hərbi Hava Qüvvələri atılan raketlərin bir çoxunu havadaca məhv edir.

17:36 5.10.2020
Ermənilər Xankəndinin vurulduğunu deyirlər
Gözlə

No media source currently available

0:00 0:01:11 0:00

17:38 5.10.2020

İ.Əliyev Minsk qrupundan zəmanət istəyir

"Bizim tələblərimiz var. Bizə çox ciddi zəmanətlər verilməlidir. Beynəlxalq vasitəçilər bizə bu zəmanətləri təsdiq etməlidirlər. Eyni zamanda, Ermənistanın işğal edilmiş torpaqlardan çıxmaq qrafiki bizə verilməlidir, hansı gün hansı bölgədən çıxacaq".

AZƏRTAC-ın xəbərinə görə, bu fikirləri prezident İlham Əliyev "TRT Haber" telekanalına müsahibəsində səsləndirib. Onun əlavə etməsinə görə, təbii ki, o zaman müharibə dayanacaq: "Çünki biz istəyirik ki, bu məsələ sülh yolu ilə həll olunsun, amma həll olunsun".

Dövlət başçısının qeyd etməsinə görə, bəzi vasitəçilər istəyirlər ki, sadəcə, atəşkəs olsun.

"Atəşkəs isə 1994-cü ildən qüvvədədir. Bu illər ərzində niyə bu məsələ həll olunmadı? Birləşmiş Millətlər Təşkilatının qərarları niyə icra edilmədi? Təcavüzkar dövlətə sanksiyalar niyə tətbiq edilmədi?", - deyə o, vurğulayıb.

Qeyd edilən sualların havada qaldığını bildirən İ.Əliyev deyib: "Bu suallara cavab yoxdur. Bu gün Azərbaycanın şanlı Ordusu öz uğurlu əməliyyatlarını keçirərkən, bizim dədə-baba torpaqlarımızı azad edərkən bu çağırışlar gəlir ki, nəbadə irəliyə getməyin, ara verin...".

Prezidentin sözlərinə görə, bu müharibəni regional müstəvidən çıxarıb qlobal müharibəyə çevirmək istəyirlər: "Ona görə bizim atəşkəslə bağlı sözümüz birdir. Biz buna hazırıq. Amma müəyyən şərtlər var ki, onları da mən açıqlamışam".

19:01 5.10.2020

Prezident: ‘Fransa özü-özünü bu üçlüyün xaricinə qoyur’

“Bütün prosesdə biz həmsədrlərə eyni gözlə baxmışıq və mən dəfələrlə rəsmi çıxışlarımda demişdim ki, hər bir ölkə ilə Azərbaycanın ayrı münasibətləri var, təbii ki, bu münasibətlərin səviyyəsi fərqlidir”.

Bunu da AZƏRTAC-ın xəbərinə görə, prezident İlham Əliyev “TRT Haber” telekanalına müsahibəsində deyib.

O daha sonra da əlavə edib:

“Amma, eyni zamanda, bu məsələdə biz bu ölkələri bir-birindən ayırmırıq və bu ölkələr bütün proses boyunca son olaylara qədər vahid bir mövqedən çıxış edirdi, bitərəf idi. Halbuki biz bilirdik ki, bəlkə də bunların ürəyində tərəftutma var. Bu da təbiidir. Amma rəsmi addımlarda və bizimlə təmaslarda heç zaman bunu göstərmirdilər.”

Aparıcının “Fransa prezidenti Makronu üzr istəməyə dəvət etdiniz” replikasına cavab olaraq dövlət başçısı deyib: “Bəli, təbii, çünki bizə qarşı ittiham irəli sürdü. Olmayan şeyləri üstümüzə atdı. Bu, bizim ölkəmiz üçün qəbuledilməzdir. Deyib ki, Azərbaycan Türkiyə ilə birlikdə bölgəyə terrorçuları gətirib... Ondan sonra bir açıqlamasında demişdir ki, “Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və biz buna icazə vermərik”. Dağlıq Qarabağ bizim torpağımızdır. Bir dövlət öz torpaqlarını fəth edə bilərmi?”

Prezident İlham Əliyev qeyd edib ki, “Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və biz buna icazə vermərik” sözləri qəbuledilməzdir:

“Ona görə Fransa özü-özünü artıq bu bərabər üçlüyün xaricinə qoyur və biz buna səssiz qala bilmərik.”

Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqlarını ATƏT-in Minsk qrupu tənzimləyir.Fransa, ABŞ və Rusiya həmsədr ölkələrdir.

Bu açıqlamaya, hələlik, Fransanın Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb.

Davamı

XS
SM
MD
LG