Keçid linkləri

2024, 26 Oktyabr, şənbə, Bakı vaxtı 14:28
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

20:39 5.10.2020

AMN: ‘Gəncə şəhəri növbəti dəfə atəşə tutulur’

Ermənistanın silahlı qüvvələrinin Gəncə şəhərini növbəti dəfə atəşə tutduğu bildirilir.

Bu barədə oktyabrın 5-i saat 20-15-də Azərbaycan Müdafiə Nazirliyi (AMN) məlumat yayıb.

Azərbaycanın ikinci paytaxtı sayılan və cəbhə bölgəsindən kənarda yerləşən bu şəhərin dünən, oktyabrın 4-də də artilleriya zərbələrinə məruz qaldığı bildirilmişdi.

Rəsmi qurumlar həmin zaman bir mülki şəxsin həlak olduğunu, 32 şəxsin də yaralandığını açıqlamışdılar.

20:56 5.10.2020

Prezident daha 3 kəndin azad edildiyini bəyan edib

Oktyabrın 5-də Azərbaycan ordusunun Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndlərini və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyi azad etdiyi bildirilir.

Bu barədə prezident İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində yazıb.

O, dünən, oktyabrın 4-də Azərbaycan ordusunun Cabrayıl şəhərini və bu rayonun 9 kəndinin də işğaldan azad edildiyini bəyan etmişdi.

Cəbrayıl rayonu 1993-cü ildə işğal edilmişdi.

23:19 5.10.2020

Lavrov Bayramovla danışıb

Oktyabrın 5-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, bu qarşı tərəfin təşəbbüsü əsasında gerçəkləşib.

Məlumata görə, Sergey Lavrov bölgədə artan gərginliyin narahatlıq doğurduğunu bildirib:

“Gərginliyin aradan qaldırılması və tərəflərin siyasi dialoqa qayıtmasının vacibliyi vurğulanıb”.

Qeyd edilib ki, Ceyhun Bayramov öz növbəsində, Ermənistanın məqsədyönlü şəkildə mülki əhalini, infrastrukturu atəşə tutması, ölkənin ikinci böyük şəhəri olan Gəncəni, sənaye şəhəri Mingəçeviri, habelə cəbhə bölgəsindən uzaqda yerləşən qəsəbələrin hədəfə alınması barədə rusiyalı həmkarına məlumat verib:

“Mülki insanlar arasında itkilərin olduğu vurğulanıb. Ermənistanın bu əməllərinin beynəlxalq humanitar hüququn ciddi pozulması halı olduğunu qeyd edən nazir Ceyhun Bayramov yaranmış vəziyyətə görə, tam məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bildirib.”

00:02 6.10.2020

ABŞ, Rusiya və Fransa bir daha atəşkəsə çağırırlar

Oktyabrın 5-də Birləşmiş Ştatların, Rusiya Federasiyasının və Fransa Respublikasının hökumətləri Dağlıq Qarabağda atəşkəsə çağıran birgə bəyanatla çıxış ediblər.

ABŞ Dövlət Departamentinin saytında dərc edilmiş məlumatda deyilir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov, Fransa xarici işlər naziri Jean-Yves Le Drian və Birləşmiş Ştatların dövlət katibi Michael Pompeo ATƏT-in Minsk qrupu həmsədr ölkələrinin təmsilçisi olaraq Dağlıq Qarabağ zonasında və onun ətrafında davam edən zorakılığın misli görünməmiş və təhlükəli eskalasiyasını ən sərt bir şəkildə pisləyirlər.

Nazirlər vurğulayıblar ki, Təmas Xətti boyunca, Dağlıq Qarabağdan kənarda, Ermənistan və Azərbaycan ərazisində mülki obyektlərin iddia edilən hədəflənməsi regionun stabilliyinə qeyri-məqbul təhlükə təşkil edir.

Nazirlər həmsədr ölkələrin liderləri tərəfindən oktyabrın 1-də verilmiş birgə bəyanatı xatırladaraq münaqişə tərəflərini dərhal və qeyd-şərtsiz atəşkəsə çağırıblar.

Bəyanatda deyilir ki, həmsədr ölkələr onlara ATƏT və beynəlxal icma tərəfindən verilmiş mandatın gücündən tam istifadə etmək əzmindədirlər.

Nazirlər bildiriblər ki, həmsədrlər tərəflərlə danışıqları davam etdirəcəklər və onları təməl prinsiplər və müvafiq beynəlxalq sənədlər əsasında nizamlama prosesini bərpa etməyə çağırırlar.

Dövlət katibinin müavini Bayramov və Mnatsakanyanla danışıb

Bundan əvvəl ABŞ dövlət katibinin müavini Stephen E. Biegun ayrı-ayrılıqda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Zohrab Mnatsakanyanla telefon söhbəti etmişdi.

Bu barədə məlumatı ABŞ Dövlət Departamentinin sözçüsü Morgan Ortagus verib.

O bildirib ki, cənab Biegun nazirlərə Dağlıq Qarabağ və onun ətrafında gərginliyin eskalasiyasından narahatlığını bildirib və tərəfləri Minsk qrupu həmsədrlərinin vasitəçilyi ilə dərhal atəşkəsə və danışıqların bərpasına çağırıb.

Dövlət katibinin müavini bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur.

Davamı

XS
SM
MD
LG