Əsir düşən yaralı Ermənistan hərbçilərinin müalicə olunduğu bildirilir
Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti (DTX) əsir düşən Ermənistan hərbçiləri ilə bağlı bu ölkənin Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatını yayıb.
Məlumatda qeyd edilib ki, Komissiyanın katibi İsmayıl Axundov yaralı vəziyyətdə əsir düşmüş Ermənistan hərbçiləri - 13.11.2001-ci il təvəllüdlü Sarqsyan Areq Siraki, 23.05.2001-ci il təvəllüdlü Amircanyan Narek Qariki və 07.09.2001-ci il təvəllüdlü Mikayelyan Albert Yervandiyə müalicə aldıqları hospitalda baş çəkib.
“Başçəkmə zamanı Komissiya katibi yaralı Ermənistan hərbçilərinin vəziyyəti, onlarla davranış, müalicələri və saxlanma şəraitləri ilə maraqlanmışdır.Ermənistan hərbçiləri Azərbaycanda onlara göstərilən münasibətdən və davranışdan razı qaldıqlarını, müalicələrinin normal aparıldığını bildirmiş, minnətdarlıq ifadə etmişlər.”,məlumatda vurğulanır.
Məlumata görə, beynəlxalq humanitar hüquq normalarının müvafiq müddəaları rəhbər tutularaq, başçəkmə zamanı yaralı Ermənistan hərbçilərindən ikisinin ailələri ilə telefon əlaqəsi saxlamaları təmin edilib: “Ailə üzvlərinin telefon nömrələrini xatırlamadığını bildirən Albert Mikaelyana isə videomüraciətlə yaxınlarına onunla davranış və müalicəsi barədə məlumat verilməsi üçün şərait yaradılmışdır.”
Amma, bu açıqlamaya əsir düşdükləri bildirilən hərbiçilərin özləri, ailələri və ya Ermənistanın rəsmi qurumlarından, hələlik, hər hansı münasibət bəlli deyil.
“Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağı…”
Azərbaycan Silahlı Qüvvələrinin Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdıqları bildirilir.
Bu barədə Azərbaycan prezident İlham Əliyev "Twitter" səhifəsində paylaşım edib.
“Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar…”, deyə o yazıb
Xudafərin körpüsü Azərbaycan və İranı birləşdirən, Cəbrayıl rayonunda yerləşən Araz çayı üzərində salınmış iki körpüdür.
Azərbaycan Silahlı Qüvvələrinin Xudafərin körpüsünün yerləşdiyi Cəbrayıl rayonunun mərkəzini isə oktyabrın 4-də işğaldan azad etdiyi açıqlanıb.
“Azərbaycan erməni hərbçilərin meyitlərinin bir hissəsini verməyə hazırdır”
“Azərbaycan birtərəfli qaydada erməni hərbçilərinin meyitlərinin bir hissəsini verməyə hazırdır”
Bu oktyabrın 18-də Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatında bildirilib.
Məlumatda qeyd edilib ki, həmin məsələ Komisiyanın Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyi ilə keçirilmiş görüşlərdə onların diqqətinə çatdırılıb:
“ ...Elan edilmiş müvəqqəti humanitar atəskəsin ruhuna uyğun olaraq, Azərbaycanın birtərəfli qaydada hazırda Azərbaycan tərəfində olan erməni hərbçilərinin meyitlərinin bir hissəsini iki ölkənin dövlət sərhədinin Tovuz rayonu istiqamətində əvvəlcədən razılaşdırılmış dəhlizdə BQXK-nın vasitəçiliyi ilə Ermənistana verməyə hazır olduğunu diqqətə çatdırmışdır.”
Məlumata görə, bu barədə qarşı tərəfə bildirilməsi xahiş olunub. Məlumatı Dövlət Təhlükəsizlik Xidməti yayıb.
Ermənistana məxsus PUA-nın vurulduğu bildirilir
Ermənistan silahlı qüvvələrinə məxsus taktiki pilotsuz uçuş aparatının (PUA) vurudluğu bildirilir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi (AMN) məlumat yayıb.
Məlumatda qeyd edilir ki, oktyabrın 18-i saat 13:00-da Horadiz istiqamətində uçuşlar keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus taktiki pilotsuz uçuş aparatını (PUA) Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri aşkar edərək vurublar.