“Ağdam rayonu atəşə tutulur”
“Ağdam rayonu ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulur.”
Bu məlumatı da Azərbaycan Müdafiə Nazirliyi (AMN) oktyabrın 18-i, saat 13:42-də yayıb.
AMN: “Ermənistanın Su-25 təyyarəsi vurulub”
Ermənistan silahlı qüvvələrinin növbəti Su-25 hücum təyyarəsinin vurulduğu bildirilir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi ( AMN) oktyabrın 18-də məlumat yayıb.
Məlumatda yazılıb ki, oktyabrın 18-də saat 12.30-da cəbhənin Cəbrayıl istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aviazərbələr endirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin növbəti Su-25 hücum təyyarəsini Hava Hücumundan Müdafiə bölmələri vurub.
Azərbaycan bundan əvvəl, oktyabrın 17-də saat 11:11 radələrində də Cəbrayıl istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus 1 ədəd Su-25 təyyarəsinin vuruldğunu açıqlamışdı.
XİN: “Bu, vasitəçilərin səylərinə Ermənistanın hörmətsizliyidir ”
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi bu gün, oktyabrın 18-də məlumat yayıb.
Məlumatda yazılıb ki, Azərbaycan bir daha xoş niyyətini nümayiş etdirərək humanizm prinsipləri əsasında oktyabrın 18-dən humanitar atəşkəsə razılıq verib:
“Ermənistan silahlı qüvvələri razılıq elan olunduqdan dərhal sonra yerli vaxtla saat 00.02 radələrindən etibarən Azərbaycanın Cəbrayıl şəhərini, eləcə də Cəbrayıl rayonunun Araz çayı boyunca yerləşən işğaldan azad olunmuş kəndlərini minaatan və artilleriya qurğularından atəşə tutub. Gecə saat 00.05 -dən 03.25 -dək atəşkəsi pozan Ermənistan silahlı qüvvələri iriçaplı silahlardan istifadə edərək iki dövlətin sərhədində Azərbaycanın Gədəbəy və Tovuz rayonlarındakı mövqelərini atəşə tutub.”
Məlumata görə, atəşin dayandırılması razılığına rəğmən gecə ərzində cəbhədə vəziyyəti gərgin saxlayan Ermənistan silahlı qüvvələri səhər saat 07.00-dan Ağdərə, Füzuli, Hadrut və Cəbrayıl istiqamətlərində hücum cəhdi göstərib:
“İkinci dəfə elan olunmasından sonra Ermənistan tərəfindən humanitar atəşkəsin kobud şəkildə pozulması Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətini davam etdirdiyini və onun münaqişənin danışıqlar yolu ilə həllinə biganə olduğunu nümayiş etdirir. Bu, həmçinin humanitar atəşkəsə razılıq əldə edilməsi üçün çalışan vasitəçilərin səylərinə Ermənistanın hörmətsizliyidir.”
Məlumat sonunda da yazılıb ki, Azərbaycan humanitar atəşkəsə sadiqdir, lakin öz mülki əhalisini və mövqelərini müdafiə etmək üçün cavab tədbirləri görmək hüququnu özündə saxlayır.
“Ermənistan dövlət sərhədində də atəşkəsi pozub”
“Ermənistan Azərbaycanla dövlət sərhədində də vəziyyəti gərginləşdirməyə cəhd göstərib”.
Bu məlumatı da Azərbaycan Müdafiə Nazirliyi (AMN) oktyabrın 18-i, saat, 10:35-də yayıb.
Məlumatda yazılıb ki, oktyabrın 18-də saat 00.05-dən 04.00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu istiqamətindən Gədəbəy, Berd rayonu istiqamətindən isə Tovuz rayonu ərazisindəki Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlardan atəşə tutub.