“60 mülki şəxs həlak olub, 270 nəfər yaralanıb”
Azərbaycan Baş Prokurorluğunun mətbuat xidməti mülki əhalinin itkiləri ilə bağlı oktyabrın 17-də növbəti məlumat yayıb.
Məlumatda qeyd edilib ki, sentyabrın 27-dən ( döyüşlər başlayandan) hazırkı vaxtadək Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində Azərbaycan tərəfdən 60 mülki şəxs həlak olub, 270 nəfər yaralanıb:
“Bundan başqa 327 mülki obyekt, 90 yayayış binası və 1704 yaşayış evi yarasız hala düşüb.”
“ Bu qədər silah,… kasıb Ermənistanda haradandır?”
“…Ermənistanın hərbi büdcəsi bəlli, Ermənistanın dövlət büdcəsi də bəlli. Ermənistan bankrot ölkədir…”
Bunu da prezident İlham Əliyev oktyabrın 17-də xalqa müraciətində deyib.
Onun sözlərinə görə, bu ölkənin sərbəst valyuta ehtiyatları cəmi 1,5 milyard dollardır, bu da bank rezervləridir:
“ Hansı pulla bu silah və texnikanı alır? Təkcə bu günə qədər məhv edilmiş və qənimət kimi götürülmüş texnikanın qiyməti aşağısı 2 milyard dollar səviyyəsindədir. Ancaq hələ də bunların texnikası qalıbdır. Hələ də həm işğal edilmiş torpaqlarda, eyni zamanda, Ermənistan ərazisində. Sual olunur, kim onları silahlandırır?”
Prezidentin deməsinə görə, onlara da bəzi hallarda iradlar irəli sürülür ki, silahlanırsınız:
“… Ancaq sual olunur, bəs Ermənistan silahlananda? Bəs bu kasıb, yoxsul ölkədə bu qədər silah-texnika haradandır və bu gün də onlara qaçaq yollarla, qaçaqmalçılıq sxemləri əsasında silahlar, texnika göndərilir və çox təhlükəli və böyük dağıdıcı gücə malik olan texnikalardır. Ona görə bu suallara biz cavab istəyirik və əminəm ki, bu cavabı biz alacağıq”.
Prezident İlham Əliyev televiziyadakı canlı çıxışından sonra tvitt hesabında da işğaldan azad olunan Azərbaycan şəhər və kəndlərinin adlarını paylaşıb.
Gəncənin raket atəşinə tutulması ilə bağlı cinayət işi başlanıb
Gəncə şəhərinin raket atəşinə tutulması ilə bağlı cinayət işi başlanıb.
Bu barədə bu gün, oktyabrın 17-də Baş Prokurorluq məlumat yayıb.
Məlumatda qeyd edilib ki, Ermənistan silahlı qüvvələrinin oktyabrın 17-i, gecə saat 1 radələrində Gəncənin mərkəzi hissəsini raket atəşinə tutması nəticəsində 13 nəfər həlak olub:
“ 45-dən artıq şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.”
Qurum bildirib ki, faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin uygun maddələri ilə cinayət işi açılıb:
“Hazırda hadisə yerində olan prokurorluq əməkdaşları həlak olan və zərərçəkmiş şəxslərin, həmçinin mülki infrastruktur obyektlərinin, nəqliyyat vasitələrinin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirlərini davam etdirirlər”
Azərbaycan Fövqəladə Hallar Nazirliyi isə Gəncə şəhərinin raket zərbələrinə tutulması nəticəsində azı 13 nəfərin həlak olduğunu, 52 nəfərin xəsarət aldığını açıqlayıb.