“Biz heç vaxt mülki əhaliyə qarşı müharibə aparmamışıq”
“Bu gün (oktyabrın 17-i) Ermənistanın faşist rəhbərliyi növbəti hərbi cinayət törədib. Gəncə və Mingəçevir şəhərləri raket atəşinə məruz qalıb…”
AZƏRTAC-ın xəbərinə görə, prezident İlham Əliyev bunu xalqa müraciətində bildirib.
Prezidentin əlavə etməsinə görə, birinci dəfə deyil ki, Azərbaycan şəhərləri atəşə məruz qalır:
“Demək olar ki, hər gün Tərtər, Ağdam, Goranboy, Ağcabədi və digər şəhərlərə Ermənistan atəş açır və bu atəş nəticəsində vətəndaşlarımız həlak olur, yaralanır. 2 mindən çox ev dağıdılıb, ya da bu evlərə çox böyük ziyan vurulub”
Prezidentin vurğulamasına görə, ancaq bu hərəkətlər Azərbaycan xalqının iradəsini qıra bilməz.
“Biz heç vaxt mülki əhaliyə qarşı mübarizə, müharibə aparmamışıq, bundan sonra da aparmayacağıq.”, deyə o əlavə edib.
Prezident deyib ki, Azərbaycan xalqı birləşib və həmrəylik, vətənpərvərlik göstərir.
FHN: “Dağıntılar altından xəsarət almış 52 nəfər və 13 cəsəd çıxarılıb”
Fövqəladə Hallar Nazirliyi (FHN) Gəncədə axtarış-xilasetmə işləri ilə bağlı məlumat açıqlayıb. Məlumatda qeyd edilib ki, Ermənistan ordusu oktyabrın 17-də gecə saat 01:00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə yenidən raket zərbələri endirib, böyük dağıntı və insan tələfatı törədib.
“Bu vaxta qədər dağıntılar altından xəsarət almış 52 nəfər və 13 nəfərin cəsədi çıxarılıb.”, məlumatda vurğulanıb.
Prezident : Füzuli işğaldan azad edilib
Füzuli şəhərinin işğaldan azad edildiyi bildirilir.
Bu barədə oktyabrın 17-i prezident İlham Əliyev xalqa müraciətində bildirib.
Onun deməsinə görə, rayonun 7 kəndi də işğaldan azad edilib.
Prezidentin sözlərinə görə, bunlar Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı və Dədəli kəndləridir.
Baş Prokuror və Fövqəladə Hallar naziri Gəncədə
Azərbaycan Baş Prokuroru Kamran Əliyev və Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov oktyabrın 17-də Gəncəyə gəliblər.
AZƏRTAC-ın xəbərində onların Ermənistan silahlı qüvvələrinin oktyabrın 17-də gecə saat 1 radələrində Gəncə şəhərinə yenidən raket atması nəticəsində dağılmış əraziyə baxış keçirdikləri bildirilir.
Eyni zamanda, onların axtarış-xilasetmə işləri ilə tanış olduqları qeyd edilir.
Oktyabrın 17-də gecə saat 1 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə raket zərbələri endirilib. Nəticədə, yaşayış evlərinə düşən raketlərin həmin evləri tamamilə dağıtdığı, sakinlərin dağıntılar altında qaldığı bildirilir.
İlkin məlumata görə, bu zaman 12 nəfər həlak olub, 40-dan çox şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.