Cəbhədə vəziyyət gərgin olaraq qalır
Oktyabrın 15-i gün ərzində və 16-na keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut istiqamətlərində vəziyyətin yenə də gərgin olaraq qaldığı bildirilir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi (MN) oktyabrın 16-sı saat 9:19-da məlumat yayıb.
Məlumatda yazılıb ki, işğaldan azad edilmiş Cəbrayıl, Hadrut istiqamətlərində yerləşən Azərbaycan bölmələrinin mövqelərini, eləcə də cəbhə xəttinə yaxın kəndləri qarşı tərəf oktyabrın 15-də gün ərzində raket, artilleriya və minaatanlardan atəşə tutub. MN-in bildirməsinə görə, gecə ərzində cəbhənin bəzi istiqamətlərində qarşı tərəf fəallaşmağa cəhd göstərib, amma bunun qarşısı alınıb.
MN: "Yaşayış məntəqələrimiz atəşə tutulur"
"Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri bu gün səhər saatlarından başlayaraq Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazilərini atəşə tutur".
MN bu məlumatı oktyabrın 16-da saat 8:22-də yayıb.
Çavuşoğlu və Lavrov Qarabağı müzakirə ediblər
Türkiyə və Rusiyanın xarici işlər nazirləri Mevlut Çavuşoğlu və Sergey Lavrov oktyabrın 15-də telefonla danışıblar.
Rusiyanın dövlət TASS xəbər agentliyi Türkiyə Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Türkiyə XİN-in sözçüsü bildirib:
"Nazirimiz Mevlut Çavuşoğlu Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparıb. Bu danışıqlarda Dağlıq Qarabağ, atəşkəsin Ermənistan tərəfindən pozulması, dinc əhaliyə hücumlar, o cümlədən bugün (oktyabrın 15-də) Azərbaycanın Tərtər şəhərində dəfn mərasiminə hücum müzakirə olunub”.
Rusiya XİN-dən verilən məlumatda isə bildirlir ki, tərəflər “problemin dinc yolla çözümünə alternativ olmadığını” vurğulayıbıar.
RT yazır ki, tərəflər oktyabrın 10-da Moskvada atəşkəsə dair əldə olunmuş razılaşmaya əməl olunmasının zəruriliyini təsdiqləyiblər.