Erdoğan Putinlə Qarabağı müzakirə edib
Türkiyə və Rusiya prezidentləri Recep Tayyip Erdoğan və Vladimir Putin arasında Qarabağa və başqa münaqişələrə dair telefon söhbəti olub.
Rusiyanın RIA Novosti saytının xəbərinə görə Erdoğan Putinə zəng edib.
Kremlin bu söhbət barədə verdiyi məlumatda deyilir:
"Dağlıq Qarabağ münaqişə bölgəsindəki vəziyyət təfərrüatı ilə müzakirə olunub. Hər iki tərəfdən oktyabrın 10-da Moskvada razılaşdırılmış humanitar atəşkəsə riayət edilməsinin mühümlüyü təsdiq olunub. Vladimir Putin və Recep Tayyip Erdoğan ATƏT-in Minsk qrupunun əldə etdikləri də daxil siyasi prosesin fəallaşdırılmansına tərəfdar olduqlarını bildiriblər”.
Rusiya xəbərlərində olmayan məqam
RİA Novosti yazır ki, Rusiya prezidenti bu söhbət zamanı hərbi əməliyyatlarda Yaxın Şərqdən olan yaraqlıların iştirakı ilə bağlı narahatlığını ifadə edib:
"Dağlıq Qarabağ probleminin tezliklə dinc yolla tənzimlənməsi və qan tökülməsinin qarşısının alınması üçün birgə səylərin zəruriliyi vurğulanıb. Türkiyənin ATƏT-in Minsk qrupunun üzvü kimi münaqişənin deeskalasiyasına konstruktiv töhfə verəcəyinə ümid ifadə olunub”.
Erdoğan və Putin habelə ölkələrinin qarşı durduğu Suriya və Liviya münaqişələrini də müzakirə ediblər.
Türkiyə xəbər agentliklərinin məlumatında Rusiya xəbərlərində yer almayan mühüm bir məqam var.
TRT saytı xəbər verir ki, bu telefon danışığında prezident Erdoğan Ermənistanın Azərbaycan torpaqlarının 30 ildir davam edən işğalını daimiləşdirmək istədiyini bildirib.
O deyib ki, Türkiyə istər Minsk qrupu, istərsə də Rusiya ilə ikitərəfli əlaqələr çərçivəsində münaqişənin davamlı həllinin əldə olunmasına tərəfdardır.
BQXK ümid edir...
Beynəlxalq Qırmızı Xaç Komitəsinin Avrasiya regionu üzrə direktoru Martin Şüpp oktyabrın 13-də Cenevrədə keçirdiyi mətbuat konfransında deyib ki, regionda yüz minlərlə insan münaqişənin birbaşa, yaxud dolayısı ilə təsirinə məruz qalıb. "Mülki şəxslər ölürlər, yaxud həyatlarını dəyişən xəsarətlər alırlar. Evlər, şirkətlər, vaxtilə çox məşğul küçələr yerlə-yeksan olur", – o deyib.
Şüpp Moskvada əldə olunmuş atəşkəs razılaşmasından sonra tərəflərlə təmasları davam etdirdiklərini, cəsədlərin, yaxud tərəflər razılaşarsa, əsirlərin dəyişdirilməsində neytral vasitəçi kimi xidmətlərini təklif etdiklərini söyləyib.
"Ümid edirik ki, humanitar atəşkəs razılaşmasına əməl olunacaq və münaqişənin təsir göstərdiyi şəxslərin durumunu yüngülləşdirəcək. Bu halda BQXK cəsədlərin, yaxud əsirlərin təslim edilməsini yüngülləşdirməyə hazırdır. Ancaq tərəflər öz aralarında formatı razılaşdırmalıdırlar", – o vurğulayıb.
Prezident səkkiz kəndin işğaldan azad edildiyini bildirib
Prezident İlham Əliyev bu gün, oktyabrın 14-də Azərbaycanın bəzi kəndlərinin işğaldan azad edildiyini bildirib.
"Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib....", - İ.Əliyev Twitter səhifəsində yazıb.