7 Tərtər sakini də xəsarət alıb
Ermənistan silahlı qüvvələrinin Tərtər rayonunu atəşə tutması nəticəsində 7 mülki şəxsin də xəsarət aldığı bildirilir.
Bu barədə oktyabrın 14-də Azərbaycan Baş Prokurorluğu məlumat yayıb.
Məlumatda yazılıb ki, oktyabrın 14-də qarşı tərəfin silahlı birləşmələri Tərtər rayonunu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutublar.
Qurum qeyd edib ki, saat 10 radələrində Tərtər rayonu ərazisində orta məktəbin həyətinə mərmi düşüb. Nəticədə Tərtər rayon İcra Hakimiyyəti başçısının Düyərli kənd nümayəndəsi Ramiz Zeynalov, Əsgərli kənd nümayəndəsi Kamran Əhmədov və daha 5 sakinin müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirildikləri vurğulanıb.
AzTV-nin maşınının atəşə tutulduğu bildirilir
Bu gün, oktyabrın 14-də cəbhə bölgəsində yerləşən Tərtər rayonunda Azərbaycan Dövlət Televiziyasının (AzTV) avtomobilinin atəşə tutulduğu bildirilir.
Bu barədə AzTV-nin rəsmi saytı məlumat yayıb.
Məlumatda yazılıb ki, Ermənistan silahlı qüvvələri Tərtər rayonunu atəşə tutub. Həmin vaxt bölgədə olan AzTV-nin avtomobilinin sürücüsünün xəsarət aldığı, avtomobilə ziyan dəydiyi açıqlanıb.
Bayden Dağlıq Qarabağdan danışdı
ABŞ-da Demokrat Partiyasından prezidentliyə namizəd, keçmiş vitse-prezident Co Bayden Dağlıq Qarabağdakı əməliyyatlarla bağlı bəyanat verib. O, oktyabrın 10-da əldə olunmuş atəşkəs razılaşmasının iflasından, döyüşlərin bərpasından narahatlığını bildirib.
Prezidentliyə namizəd Donald Tramp administrasiyasının bu eskalasiya müddətində, əsasən, passiv qaldığını, münaqişəyə müdaxilə etmədiyini düşünür.
"Tramp administrasiyası Azərbaycana deməlidir ki, münaqişənin hərbi yolla həll etmək cəhdlərinə dözümlü yanaşmayacaq. Eyni zamanda, Ermənistana aydın şəkildə bildirməlidir ki. Dağlıq Qarabağ ətrafındakı rayonlar həmişəlik işğal altında qala bilməz və münaqişənin birdəfəlik həlli üzrə etibarlı danışıqlar atəşkəs əldə olunan kimi başlamalıdır. Nəhayət, Ankaranın nazını çəkməyi dayandırmalı, həm Türkiyə, həm də İrana münaqişədən kənar durmağı söyləməlidir", – bəyanatda deyilir və diplomatik həllin asan olmayacağı vurğulanır.
Sentyabrın 27-də əməliyyatlar başlanandan sonra ABŞ Prezidenti Donald Tramp "görək bunu dayandıra biləcəyikmi" deyirdi. Daha sonra Birləşmiş Ştatlar ATƏT-in Minsk qrupunun həmsədri kimi döyüşləri dayandırmağa çağırdı. Oktyabrın 12-də isə Dövlət katibi Mayk Pompeo tvitində Azərbaycanı və Ermənistanı razılaşdırılmış atəşkəs öhdəliklərini yerinə yetirməyə, yaşayış məskənlərini hədəfə almağı dayandırmağa səsləyib.
Tərtər sakininin top mərmisindən həlak olduğu bildirilir
Bu gün, oktyabrın 14-də Tərtər rayonu, Narlı qəsəbəsinin sakininin top mərmisindən həlak olduğu bildirilir.
Bu barədə Azərbaycan Baş Prokurorluğu məlumat yayıb.
Məlumatda qeyd edilib ki, oktyabrın 14-ü səhər saatlarından başlayaraq qarşı tərəfin silahlı birləşmələri Tərtər rayonunu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutub: "Saat 09 radələrində Tərtər rayonu, Narlı qəsəbəsində yaşayan 1969-cu il təvəllüdlü Axundov Ədavət Zahid oğlu yaşadığı evin həyətinə top mərmisinin düşməsi nəticəsində həlak olub, yaşayış evinə isə külli miqdarda ziyan dəyib".
Baş Prokurorluq bundan əvvəl bildirmişdi ki, sentyabrın 27-də cəbhə bölgəsində döyüşlər başlayandan bəri Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində Azərbaycan tərəfdən 42 mülki insan həlak olub, 206-sı isə yaralanıb.