Hikmət Hacıyev: “Ermənistan bir tərəfdən sülh yalvarışları edir, digər tərəfdən...
“Ermənistan bir tərəfdən sülh yalvarışları edir, digər tərəfdən şəxslərə qarşı terror aktı törədir”.
Bu fikri də oktybrın 11-də Gəncədə Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev söyləyib.
Prezidentin köməkçisi bildirib ki, “biz başverənləri terror aktı kimi qiymətləndiririk”.
Hikmət Hacıyev: “Bu, Rusiya Federasiyasına qarşı hörmətsizlik kimi qiymətləndirilməlidir”
Prezidentin köməkçisi Hikmət Hacıyev Gəncədə yerli və xarici kütləvi informasiya vasitələri nümayəndələrinin suallarını cavablandırıb.
O deyib ki, qarşı tərəf humanitar atəşkəs rejiminin tələblərini kobudcasına pozaraq təkcə Gəncəni deyil, Mingəçevir və digər yaşayış məntəqələrini atəşə tutub.
AZƏRTAC-ın xəbərinə görə, H.Hacıyev sonra da deyib: “Bu, Ermənistanın dünya ictimaiyyətinə, o cümlədən Rusiya Federasiyasına qarşı hörmətsizliyi kimi qiymətləndirilməlidir. Rusiya Federasiyasının bilavasitə vasitəçiliyi ilə humanitar əsaslarla atəşkəsə dair fikirlər ortaya qoyulduğu halda Azərbaycan xalqına qarşı Ermənistan tərəfindən bu vandallıq və soyqırımı aktı həyata keçirildi. Beynəlxalq ictimaiyyət bu hadisələrə lazımi qiymət verməlidir”.
Prezidentin köməkçisi Gəncədidir
Oktyabrın 11-də Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev, Baş Prokuror Kamran Əliyev və başqa dövlət rəsmiləri Gəncə şəhərinə səfər edib.
Rəsmilər raket zərbələrinin vurulduğu ərazidə olub, vəziyyətlə yerində tanış olublar.
Azərbaycan Müdafiə Nazirliyi (AMN) oktyabrın 11-də bəyanat yayıb.
Bəyanatda yazılıb ki, humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələri döyüş əməliyyatları aparılan ərazidən xeyli aralıda yerləşən şəhərləri, kəndləri raket və artilleriya atəşinə tutmaqda davam edir.
Məlumatda qeyd edilib ki, oktyabrın 10-u və 11-i müxtəlif saatlarda Gəncə, Mingəçevir şəhərləri, Goranboy, Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl rayonlarının kəndləri atəşə məruz qalıb.
“Nəticədə xeyli sayda dinc sakin həlak olub və yaralanıb, mülki infrastruktura ciddi ziyan dəyib.Bölgədəki vəziyyətin gərginləşməsinə görə məsuliyyət tam şəkildə Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür.”,AMN bildirib