“Gəncədə 10-dan artıq çoxmənzilli binaya ziyan dəyib.”
Azərbaycan Baş Prokurorluğu Gəncə şəhərinin atəşə tutulması ilə bağlı açıqlama yayıb.
Qurumun mətbuat xidmətindən bildiriblər ki, Ermənistan silahlı qüvvələri oktyabrın 11-də gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutub. Qeyd edildiyinə görə, nəticədə 3-ü qadın olmaqla 7 nəfər həlak olub ( Amma başqa rəsmi mənbələr ölü sayının artdığını bildirir.Onlar qeyd edirlər ki, dağıntılar altından xilasetmə işləri davam edir-red).
16-sı qadın, 6-sı azyaşlı olmaqla isə 34 nəfərin yaralandığı qeyd edilir: “Həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.”
Gəncədə həlak olanların sayı arta bilər
Gəncə şəhərində açılan atəşlərdən həlak olanların sayı arta bilər. Bu barədə şəhər sakinləri bildiriblər. Onların sözlərinə görə, hələ də dağıntılar altında qalanların olduğu güman edilir, xilasetmə işləri davam edir.
Gəncədə həlak olan mülki insanların sayı artır
Gəncə şəhərində ölü sayının artdığı bildirilir.
Rəsmi qurumların deməsinə görə, Gəncə şəhərinin atəşə tutulması nəticəsində halak olan mülki əhalinin sayı 8-ə çatıb. 30-dan çox şəhər sakinin isə yaralandığı bildirilir.
Hikmət Hacıyev : "Ermənistanı dayandırmaq lazımdır”
"Ermənistanın dövlət səviyyəsində terror siyasəti davam edir".
Bunu Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Twitter" hesabında yazıb.
O bildirib ki, Ermənistanın cəzasız qalması onu daha çox müharibə cinayətlərinə sövq edir: “Humanitar atəşkəsi pozan Ermənistan Gəncənin sıx məskunlaşdığı yaşayış hissəsini nizamsız atəşə tutdu. Ermənistanı dayandırmaq lazımdır”.