Mingəçevirə raketlər atıldığı bildirilir
Azərbaycan prezidentinin köməkçisi - Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Ermənistan ordusu Mingəçeviri hədəf alıb.
Hikmət Hacıyev Twitter səhifəsində bunları yazıb: “Mülki aviaşirkətlər vasitəsi ilə çatdırılan humanitar yardım adı altında Ermənistan yeni “Smerç” raketləri alıb və dərhal Mingəçevirdə mülki əhaliyə, kritik əhəmiyyətə malik enerji infrastrukturuna hücum edib. Sivil dünya ilə Ermənistan arasındakı boşluğu görün”.
Baş Prokurorluğun açıqlaması
Azərbaycan Baş Prokurorlugu isə qeyd edib ki, oktyabrın 11-i gecə saat 4 radələrində Ermənistan silahlı qüvvələri Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyasını hədəfə almaqla cəbhə zonasından 100 kilometrdən artıq uzaqlıqda yerləşən, iri sənaye şəhəri Mingəçevirə raketlər atıb.
“Raketlər Ordumuzun hərbi hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib. Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilməklə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir.”
Hikmət Hacıyev: “Gəncədə 3 yaşayış binası dağıdılıb.,...”
“İndiyə olan məlumata görə, qadınlar da daxil olmaqla 7 + mülki şəxs öldürülüb”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.
O bildirib ki, gecə yarısı Gəncə şəhəri Ermənistanın raket hücumuna məruz qalıb:
“3 yaşayış binası dağıdılıb. İndiyə olan məlumata görə, qadınlar da daxil olmaqla 7-dən çox mülki şəxs öldürülüb. 33 nəfər ağır yaralanıb, onların arasında uşaqlar da var. Ermənistan azərbaycanlı mülki insanlara hücum etmək üçün humanitar atəşkəsin arxasında gizlənir”.
Gəncə şəhərinin Ermənistan tərəfindən atəşə tutulması nəticəsində bu saata qədə ölən mülki vətəndaşlaın sayı 7-yə, yaralananların sayı isə 33-ə çatıb.
Bu barədə Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oktyabrın 11-də “Twitter”dəki hesabında paylaşım edib.
Ermənistana məxsus PUA-nın vurulduğu bildirilir
Ermənistana məxsus pilotsuz uçuş aparatın (PUA) vurulduğu bildirilir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi (AMN) oktyabrın 11-i saat 9-21-də məlumat yayıb.
Məlumatda qeyd edilib ki, oktyabrın 11-i səhər saat 08.00 radələrində Mingəçevir istiqamətində uçuşlar həyata keçirməyə cəhd edən Ermənistana məxsus pilotsuz uçuş aparatını (PUA) Azərbaycanın Hava Hücumundan Müdafiə bölmələri vurub.
Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri oktyabrın 9-u və 10-da Moskvada danışıqlar apararaq atəşkəs barədə sənəd imzalamışdılar. Həmin sənədə görə, oktyabrın 10-u saat 12-dən cəbhədə tərəflər arasında atəşkəs əldə edilməliydi.
Amma həmin tarixdən sonra da cəbhədə bir çox istiqamətlərdə döyüşlərin davam etdiyi açıqlanıb.
Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi bildirilir. Hər iki tərəfdən itkilər olduğu deyilir. Azərbaycan açıqlayıb ki, son günlər 30-dan çox kəndi, Cəbrayıl şəhərini və Hadrut qəsəbəsini işğaldan azad edib.
Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildəbaşlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib. Atəşkəs olsa da, tez-tez onun pozulduğu bildirilir. Xüsusilə 2016-cı ilin aprelində və bu ilin iyulunda cəbhədə ağır silahların işə düşdüyü, hər iki tərəfdən itkilər olduğu deyilirdi.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.
Oktyabrın 1-də bu qurumun həmsədr ölkələrinin liderləri birgə bəyanat yayaraq tərəfləri hərbi əməliyyatları dayandırıb, ilkin şərtsiz sülh danışıqlarını bərpa etməyə çağırıb.