"Yaşayış binasının raket atəşinə tutulması nəticəsində 5 nəfər həlak olub, 28 nəfər yaralanıb"
Ermənistan respublikasının silahlı qüvvələrinin 11.10.2020-ci il tarixdə gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binasını raket atəşinə tutması nəticəsində 5 nəfər həlak olub, 28 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərə külli miqdarda ziyan dəyib. Bu barədə Azərtac yaydığı məlumat deyilir.
Hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin və zərər dəymiş mülki infrastruktur obyektlərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
"Gəncə şəhəri növbəti dəfə atəşə tutulur"
Azərbaycanın Müdafiə nazirliyinin yaydığı son məlumata görə, Gəncə şəhəri növbəti dəfə atəşə tutulur. Nazilik şəhərin Ermənistanın Berd rayonu ərazisindən atəşə tutulduğu bildirir.
"Atlantis Armenian Airlines” aviaşirkətinin mülki təyyarələrlə Ermənistana raket daşıdığı bildirilir
Humanitar yardım adı altında “Atlantis Armenian Airlines” aviaşirkətinin mülki təyyarələrlə Ermənistana raket və raket sistemləri daşıdığı bildirilir.
AZƏRTAC-ın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”dəki hesabında paylaşım edib.
“Bu, açıq şəkildə Çikaqo Konvensiyası və Beynəlxalq Mülki Aviasiya Təşkilatı qaydalarının pozulması deməkdir”, - deyə Hikmət Hacıyev bildirib.
Amma, hələlik, sözü gedən aviaşirkətdən bu açıqlamaya münasibət almaq mümkün olmayıb.
“Tərtər şəhəri atəşə tutulur”
“Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri oktyabrın 10-u saat 22.30-dan başlayaraq Tərtər şəhərini artilleriya atəşinə tutur.”
Bu məlumatı isə Azərbaycan Müdafiə Nazirliyi (AMN) oktyabrın 10-u saat 22-58-də yayıb.