Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi bildirilir. Hər iki tərəfdən itkilər olduğu deyilir. Azərbaycan açıqlayıb ki, son günlər 30-dan çox kəndi, Cəbrayıl şəhərini və Hadrut qəsəbəsini işğaldan azad edib.
“Ermənistan silahlı qüvvələri Ağdam rayonu ərazisini atəşə tutur”
“Atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri Ağdam rayonu ərazisini atəşə tutur”.
Bu açıqlamanı Azərbaycan Müdafiə Nazirliyi (AMN) oktyabrın 10-u saat 19-50-də yayıb.
Həmin vaxtdan 15 dəqiqə əvvəl isə AMN bildirirdi ki, humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri qüvvə və vasitələri cəmləşdirərək cəbhənin müxtəlif istiqamətlərində hücum etməyə cəhd göstərib.
Qeyd edildiyinə görə, oktyabrın 10-u günorta saatlarında Tuğ kəndi istiqamətindən Hadrut istiqamətində, Aragül və Banazur istiqamətlərindən isə Cəbrayıl istiqamətində hücum etməyə cəhd göstərilib.
Açıqlamaya görə, Azərbaycan silahlı bölmələrinin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində xeyli canlı qüvvə və döyüş texnikasını itirən qarşı tərəf geri çəkilməyə məcbur edilib
Nazir: “Ermənistan tərəfindən imitasiya prosesi həyata keçirilərsə,...”
“Ermənistan ciddi şəkildə öz öhdəliklərini yerinə yetirməli, danışıqlar prosesinə tam ciddiyyəti ilə qayıtmalı və bununla bağlı real addımlar atılmalıdır.”
AZƏRTAC-ın məlumatına görə, bu sözləri isə Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov oktyabrın 10-da keçirilən mətbuat konfransında söyləyib.
Nazir bildirib: “Hesab edirəm ki, Ermənistan tərəfindən imitasiya prosesi həyata keçirilərsə, ciddi addımlar atılmazsa, hərbi əməliyyatların bərpa edilməsi riski hər zaman mövcuddur. Hazırda Ermənistan Moskvada imzalanan sənədin tələblərinə məhəl qoymur və müvəqqəti atəşkəsin elan olunmasına baxmayaraq, hərbi əməliyyatlar davam edir...”.
Prezidentin köməkçisi: “Azərbaycana müxtəlif təzyiqlər var”
“Azərbaycana müxtəlif təzyiqlər var və Prezident, Ali Baş Komandan İlham Əliyev bu təzyiqlərə mərd-mərdanə sinə gərməkdədir.”
Bu sözləri də prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oktyabrın 10-da keçirilən brifinqdə söyləyib.
Prezidentin köməkçisi bildirib ki, Azərbaycanın heç bir dövlətin ərazisinə iddiası yoxdur. “Bizim məqsədimiz ərazi bütövlüyümüzü təmin etməkdir. Əgər Ermənistan humanitar əsaslarla olan bu atəşkəsin pozulması üçün təxribatları davam etdirəcəksə, Azərbaycan özünümüdafiə hüququndan istifadə etməklə cavab vermək məcburiyyətindədir.”, deyə o qeyd edib.