“Ermənistanın Azərbaycana hərbi təcavüzü davam edir”
“Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü davam edir.”
Bu fikirləri Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oktyabrın 10-da keçirilən mətbuat konfransında bildirib.
Onun deməsinə görə, Xarici İşlər naziri Ceyhun Bayramovun Moskvaya səfəri zamanı Minsk qrupunun həmsədrliyi və digər vasitəçilərin iştirakı ilə müvəqqəti atəşkəslə bağlı qəbul edilmiş bəyanatdan sonra da təmas xətti boyunca ermənilərin Azərbaycan silahlı Qüvvələrinin mövqelərinə və mülki azərbaycanlılarına qarşı hücumları davam etməkdədir.
Prezidentin köməkçisi deyib ki, Ermənistan humanitar əsaslarla müəyyən olunmuş atəşkəs rejimini pozmaqda davam edir.
Mevlüt Çavuşoğlu Ceyhun Bayramovla danışıb
Bu gün, oktyabrın 10-da Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov ilə Türkiyə Xarici İşlər naziri Mevlüt Çavuşoğlunun telefon danışığı baş tutub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Məlumatda yazılıb ki, telefon danışığı zamanı Ceyhun Bayramov Moskva şəhərində Rusiya Xarici İşlər nazirinin vasitəçiliyi ilə keçirilən (9-10 oktyabr) Azərbaycan, Ermənistan Xarici İşlər nazirlərinin görüşü barədə Türkiyəli həmkarını məlumatlandırıb:
“Nazir Azərbaycan və Ermənistan tərəfi arasında humanitar məqsədlərlə müvəqqəti atəşkəsin elan olunduğunu, mahiyyət etibarilə danışıqların aparılması və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına dair işğalçı ölkəyə sonuncu şansın verildiyini qeyd edib”.
Açıqlamaya görə, Mevlüt Çavuşoğlu əsirlərin və cəsədlərin dəyişdirilməsi üçün elan edilən atəşkəsin önəmli bir addım olmaqla yanaşı, onu davamlı həll yolu saymadıqlarını və Türkiyənin yalnız Azərbaycanın qəbul edəcəyi həll yolunu dəstəkləyəcəyini vurğulayıb:
“Nazir Ceyhun Bayramov Azərbaycanın prinsipial mövqeyinə istinad edərək bölgədə sülhün təmin edilməsi üçün BMT TŞ-nin ( 1993-cü ildə qəbul edilən 4 qətnaməni nəzərdə tutur.Orada işğal halları qəbul edilmir-red) müvafiq qətnamələrinin həyata keçirilməsinin zəruriliyini qeyd edib.”
Yaralıların sayının 171-ə çatdığı bildirilir
Azərbaycan Baş Prokurorluğu sentyabrın 27-dən oktyabrın 10-u saat 12.00-dək cəbhə bölgəsində mülki əhalinin itkiləri ilə bağlı məlumat yayıb.
Baş Prokurorluqdan verilən xəbərə görə, bu müddət ərzində Ermənistan silahlı qüvvələrinin açdığı atəşlər nəticəsində Azərbaycan tərəfdən 31 dinc sakin həlak olub, 171 sakin yaralanıb.
“Yararsız vəziyyətə düşmüş yaşayış evlərinin sayı 1137, çoxmənzilli yaşayış binalarının sayı 45, mülki obyektlərin sayı isə 146 olub”, məlumatda yazılıb.
Ermənistan da Azərbaycanı ittiham edir
Ermənistan tərəfi iddia edir ki, oktyabrın 10-da səhər saatlarında Azərbaycan ordusu Qafan rayonunda bəzi məntəqələri atəşə tutub.
Bu barədə Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan özünün Facebook səhifəsində məlumat paylaşıb. Məlumatda 1 nəfərin öldüyü, 3 nəfərin yaralandığı bildirilir. Azərbaycan müdafiə nazirliyi isə bu iddaları təkzib edir.
Ermənistan tərəfi atəşkəsin pozulmasında da Azərbaycanı ittiham edir. Ermənistan Müdafiə nazirliyinin sözçüsü Shushan Stepanyanın yazdığına görə, atəçkəsə baxmayaraq Azərbaycan ordusu Qaraxanbəylini ələ keçirmək üçün hücuma başlayıb.
AMN: “Atəşkəs Ermənistan tərəfindən kobudcasına pozulur”
“Bu gün (oktyabrın 10-u) saat 12.00-da atəşkəs elan olunması barədə razılıq əldə edilməsinə baxmayaraq Ermənistan ordusu cəbhənin Ağdərə-Tərtər və Füzuli-Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərib”
Bu məlumatı Azərbaycan Müdafiə Nazirliyi (AMN) oktyabrın 10-u saat 13-12-də yayıb.
“ Eyni zamanda bir sıra yaşayış məntəqələrimiz Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə məruz qoyulur”,məlumatda qeyd edilib.
AMN bildirir ki, bütün hücum cəhdlərinin qarşısı uğurla alınıb: “Ermənistan ordusuna qarşı adekvat cavab tədbirləri görülür”