"Mingəçevir istiqamətində raket göydə vurulub"
Ermənistandan Mingəçevir istiqamətində atılan raketin göydə vurulduğu bildirilir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi ( AMN) oktyabrın 9-u saat 16:30-da məlumat yayıb.
Bildirilir ki, Ermənistan ərazisindən Mingəçevir istiqamətdə atılan ballistik hədəfi Azərbaycan Hava Hücumundan Müdafiə (HHM) sistemləri aşkar edərək 20 kilometrdən artıq hündürlükdə vurub.
Makron yenə Əliyevlə danışıb
Oktyabrın 9-da Fransa prezidenti Emmanuel Makron Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.
"Dövlət başçıları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaranmış vəziyyəti müzakirə ediblər", -məlumatda yazılıb.
Bu, E.Makronun sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində döyüşlər başlayandan bəri İ.Əliyevə üçüncü telefon zəngidir. Onun bundan əvvəl atəşkəs çağırışları etdiyi açıqlanmışdı.
"Bu gecə, yaxud sabah..."
Fransa prezident idarəsinin oktyabrın 9-da verdiyi açıqlamaya görə, Ermənistanla Azərbaycan döyüşləri bitirmək üçün atəşkəsə doğru irəliləyirlər, bu günün sonuna, yaxud oktyabrın 10-na razılaşmanın əldə olunması gözlənir.
"Bu gecə, yaxud sabah atəşkəs əldə etmək üzrəyik, amma vəziyyət hələ kövrəkdir", – Prezident Emmanuel Makronun idarəsi "France-Presse"ə açıqlamasında deyib.
"İrəliləyiş imkanı var..."
ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan Fransa bildirib ki, danışıqlarda irəliləyiş imkanı var, ancaq hələ bunu dəqiq demək mümkün deyil.
"Putin Bakı və Yerevandan həmkarları ilə böyük və gərgin iş aparıb", – Kremlin sözçüsü Dmitri Peskov deyib. Onun sözlərinə görə, nazirlərin görüşü Bakı vaxtı ilə 16:00-da başlamalıdır.
Peskov deyib ki, Putinin iki nazirlə görüşmək niyyəti yoxdur. "Hazırda dəqiqliklə xarici işlər nazirləri səviyyəsində görüş planlaşdırılır", – Peskov jurnalistlərə deyib.