Bayramovla Mnatsakanyanın görüşü təsdiqləndi
Ermənistan və Azərbaycan oktyabrın 9-da Moskvada müzakirələrə qatılacaqlarını təsdiqləyiblər.
Məlumatı Rusiyanın Xarici İşlər Nazirliyi yayıb.
Kremlin oktyabrın 8-də bildirməsinə görə, Xarici İşlər naziri Sergey Lavrov danışıqlara vasitəçilik edəcək.
Evlərə mərmi düşüb
Füzuli rayonuna atılan raket və artilleriya mərmiləri nəticəsində Azərbaycan tərəfdən üç mülki şəxsin xəsarət aldığı bildirilir.
Bununla bağlı Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd edilib ki, oktyabrın 9-u, səhər saat 8 radələrindən başlayaraq Füzuli rayonu müxtəlif istiqamətlərdən raket və artilleriya mərmilərindən intensiv atəşə tutulub: "Saat 9 radələrində Füzuli rayonu Qarabağ kənd sakinləri 1982-ci il təvəllüdlü Əsədov Samir Hidayət oğlu, 1958-ci il təvəllüdlü İbrahimov Nizami Cəfər oğlu və 1968-ci il təvəllüdlü Abbasov Alman Ənvər oğlu yaşadıqları evlərə mərmi düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib...".
Baş Prokurorluq oktyabrın 8-də açıqlamışdı ki, sentyabrın 27-dən, cəbhədə döyüşlər başlayandan bəri açılan atəşlər nəticəsində Azərbaycan tərəfdən mülki əhalidən 31 nəfər ölüb, 154 nəfər isə yaralanıb.
Mnatsakanyan Moskvaya gedir
Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan oktyabrın 9-da axşam Moskvaya getməyi planlaşdırır. Oktyabrın 8-də Rusiya Prezidenti Vladimir Putin Azərbaycan və Ermənistanın xarici işlər nazirlərini Moskvaya danışıqlara dəvət edib, Dağlıq Qarabağda əməliyyatları dayandırmağa çağırıb.
Putin deyib ki, əsirlərin və öldürülənlərin cəsədlərinin dəyişdirilməsi üçün əməliyyatlar dayandırılmalıdır.
TASS xəbər agentliyi Ermənistanın Rusiyadakı səfirinə istinadla xəbər verir ki, Mnatsakanyan Rusiyanın Xarici İşlər naziri S.Lavrovun vasitəçiliyi ilə vəziyyətlə bağlı məsləhətləşmələr aparacaq.