Goranboyda artilleriya zərbələrindən həlak olan var
Goranboy rayonunun Şahməmmədli kəndində ağır artilleriyadan mülki əhalidən ölən olduğu deyilir.
Bu barədə Azərbaycan Baş Prokurorluğu oktyabrın 8-də məlumat yayıb.
Məlumatda qeyd edilir ki, oktyabrın 8-də Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə Goranboy rayonun Şahməmmədli kəndinin ağır artilleriyadan atəşə tutulması nəticəsində kənd sakini 1957-ci il təvəllüdlü Türyan Quliyeva yaşadığı evdə həlak olub.
Qurumun oktyabrın 7-də yayılan məlumatında bildirilirdi ki, sentyabrın 27-də, cəbhədə döyüşlər başlayandan bəri Azərbaycan tərəfdən 30 mülki şəxs həlak olub, 140-dan çoxu yaralanıb.
Bərdə və Ağcabədinin kəndlərinin də atəşə tutulduğu deyilir
"Ermənistan silahlı qüvvələri Bərdə və Ağcabədi rayonlarının kəndlərini atəşə tutur".
Bu məlumatı Azərbaycan Müdafiə Nazirliyi oktyabrın 8-i saat 8:21-də yayıb.
"Azərbaycan Ordusu adekvat tədbirlər görür", -məlumatda qeyd edilir.
Goranboy, Tərtər, Ağdam artilleriya atəşinə tutulur
Oktyabrın 8-i səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin Goranboy, Tərtər, Ağdam rayonlarının kəndlərini artilleriya atəşinə tutduğu bildirilir.
Bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyi oktyabrın 8-də saat 8:00 radələrində yayıb.
"Ölən və yaralananlar var. Ordumuz adekvat tədbirlər görür", - məlumatda qeyd edilir.