AzadAvropa/AzadlıqRadiosu-nun Ermənistan xidmətinin çəkiliş qrupu Xankəndindən xəbər verir ki, oktyabrın 7-də şəhər Azərbaycan qüvvələri tərəfindən atəşə tutulub. Azərbaycan hakimiyyəti Xankəndində yalnız legitim hərbi hədəfləri vurduğunu bildirir.
Xankəndi (ermənilər Azərbaycanın işğal altına olan Dağlıq Qarabağ regionunun mərkəzinə Stepanakert deyirlər – red.) "merinin müavini" Suren Tamrazyanın deməsinə görə, şəhərin 50 minlik əhalisinin yarıya qədər ya daha təhlükəsiz kənd yerlərinə, ya da Ermənistana qaçıb.
***
Ermənistan və Azərbaycanla həmsərhəd İran prezidentinin sözlərinə görə, hər iki tərəfə “aydın və dəqiq şəkildə” bildirib ki, münaqişəni regional müharibəyə çevirməməlidirlər.
“Bu münaqişənin regional müharibəyə çevrilməməsi üçün çox diqqətli olmalıyıq, çünki bundan heç kəs faydalanmayacaq”, – Hassan Rohani oktyabrın 7-də dövlət televiziyasına bildirib.
Oktyabrın 6-da Azərbaycan Prezidenti İlham Əliyevlə danışmış Ruhani deyib ki, Tehranın vasitəçiliyini təklif edib.
Azərbaycan Ermənistana məxsus PUA-nı vurduğunu deyir
Azərbycan Müdafiə Nazirliyi (MN) Ermənistana məxsus pilotsuz uçuş aparatı (PUA) vurduğunu bildirir.
MN-in məlumatına görə, oktyabrın 7-si saat 22.00 radələrində Ermənistana məxsus pilotsuz uçuş aparatı (PUA) bu ölkənin Azərbaycanla dövlət sərhədinin Ağstafa rayonu sahəsində uçuş keçirməyə cəhd göstərib.
Nazirlik bildirir ki, Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri həmin PUA-nı aşkar edərək vurub.
Bu açıqlamaya Ermənistan Müdafiə Nazirliyinin münasibəti, hələlik, bəlli deyil.
Prokurorluq: 30 mülki şəxs həlak olub, 143 nəfər yaralanıb
Azərbaycanın Baş Prokurorluğu cəbhə bölgəsində ölkənin mülki əhalisinin itkiləri ilə bağlı növbəti açıqlama yayıb.
Baş Prokurorluğun mətbuat xidmətinin oktyabrın 7-də axşam saatlarında yaydığı məlumata görə, sentyabrın 27-də cəbhədə döyüşlər başlayandan hazırkı vaxta qədər Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində mülkü əhalidən 30 nəfər həlak olub, 143 nəfər yaralanıb.
Azərbaycanın başqa rəsmi qurumlarının məlumatlarında mülkü əhalinin itkisi daha çox göstərilir.
Ceyhun Bayramov Cenevrəyə gedəcək
Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov sabah, oktyabrın 8-də Cenevrəyə işgüzar səfərlə yola düşəcək.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsi məlumat yayıb.
Məlumatda deyilir ki, səfərin məqsədi ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşmək və münaqişənin (Dağlıq Qarabağ münaqişəsi) həlli ilə bağlı Azərbaycanın mövqeyini qarşı tərəfin diqqətinə çatdırmaqdır.