Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 6-da "France Presse" agentliyinə müsahibəsində deyib ki, Türkiyə müttəfiqi Azərbaycana döyüşləri qızışdırması üçün tam dəstək verib.
"Türkiyənin fəal iştirakı olmadan bu müharibə başlamazdı", – Paşinyan bildirib.
Ermənistanın Müdafiə Nazirliyi BTC-nin vurulması ilə bağlı deyilənləri təkzib edib.
"Ermənistan qüvvələrinin Bakı-Tbilisi-Ceyhan kəmərini vurmağa cəhd göstərməsi barədə deyilənlər ağ yalandır. Biz dəfələrlə demişik ki, neft və qaz infrastrukturu hədəfimiz deyil", – Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan Facebook səhifəsində yazıb.
Stepanyan oktyabrın 6-da Xankəndinin raket atəşinə tutulduğunu, Azərbaycan qüvvələrinin cənub cəbhəsi boyunca irimiqyaslı hücuma keçdiyini vurğulayıb.
"Bizim gərəkərsə bir dövlət kimi hərəkət edəcəyimizə şübhə olmasın. Türkiyə Azərbaycandır, Azərbaycan Türkiyədir", – Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu oktyabrın 6-da tvitində yazıb.
‘Bakı-Tbilisi-Ceyhan neft kəmərinə raket zərbələri endirilib’
Bakı-Tbilisi-Ceyhan neft kəmərinin hədəf alındığı bildirilir.
Bu barədə oktyabrın 6-da Azərbaycan Baş Prokurorluğu məlumat yayıb.
Qurumdan bildirilib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə işğalçı ölkənin silahlı qüvvələri oktyabrın 6-da saat 21 radələrində regionun ən böyük strateji layihəsi, Avropanın enerji təhlükəsizliyi sahəsində mühüm yer tutan Bakı-Tbilisi-Ceyhan neft kəmərini hədəfə alıblar.
Açıqlamaya görə, kəmərin Yevlax rayonu ərazisindən keçən hissəsinə raket zərbələri endirilsə də, Azərbaycan ordusunun tədbirləri nəticəsində həmin terror cəhdinin qarşısı alınıb.
Qurumun mətbuat xidmətindən habelə bildirilib ki, oktyabrın 6-da saat 21 radələrində Tərtər rayonunun müxtəlif istiqamətlərdə intensiv atəşə tutması nəticəsində rayonun Qaynaq kənd sakini 1981-ci il təvəllüdlü Həsən Asif oğlu Məmmədov həlak olub.
“Həmin kənd sakini 1989-cu il təvəllüdlü Əliyev Dəyanət Qənimət oğlu və Köçərli kənd sakini 1968-ci il təvəllüdlü Həsənov Seyfulla Yaqub oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib” - qurum bildirib.
Bundan əvvəl, oktyabrın 6-da prezident İlham Əliyev İranın prezidenti Həsən Ruhani ilə telefon danışığında demişdi ki, son günlər açılan atəşlər nəticəsində Azərbaycan tərəfdən 27 mülki şəxs həlak olub, 170-dən çoxu yaralanıb, 900-dən artıq evə ziyan dəyib və ya tamamilə dağıdılıb.