Ötən gecə nisbətən sakit keçib
Ermənistan oktyabrın 6-da bildirib ki, ötən gecə Dağlıq Qarabağ münaqişə zonasında nisbətən sakit keçib.
"Dağlıq Qarabağ münaqişə zonasında əməliyyatların dərhal dayandırılması ilə bağlı beynəlxalq ictimaiyyətin çağırışlarından sonra ötən gecə sərhəddə nisbətən sakitlik olub", – Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan Facebook-da yazıb.
Qondarma "Dağlıq Qarabağ Respublikası"nın de-fakto prezidenti Arayik Harutyunyan Facebook-da yazıb ki, ötən gecə cəbhədə "sabit vəziyyət" saxlanıb.
Müdafiə Nazirliyinin müşavirəsi keçirilib
Oktyabrın 6-da Müdafiə naziri Zakir Həsənovun rəhbərliyi ilə xüsusi xidməti müşavirə keçirilib.
Nazirliyin məlumatına görə, müşavirədə aparılan əks-hücum əməliyyatında hazırda mövcud olan vəziyyət təhlil olunub. Eyni zamanda, bu istiqamətdə tapşırıqlar verildiyi qeyd edilib.
"Müdafiə naziri qoşunlara azad olunmuş ərazilərdə həyati əhəmiyyətli və ilkin zəruri tədbirlərin görülməsinə göstəriş verib", - məlumatda yazılıb.
Açıqlamaya görə, müdafiə naziri bildirib ki, qarşı tərəfdən "İsgəndər" əməliyyat-taktiki raket komplekslərinin tətbiq olunacağı halda adekvat tədbir görüləcək.
M.Çavuşoğlu C.Bayramovla da görüşüb
Azərbaycanda səfərdə olan Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu oktyabrın 6-da həmkarı Ceyhun Bayramovla da görüşüb.
Görüşdən sonra onlar mətbuat konfransı keçiriblər.
AZƏRTAC-ın xəbərinə görə, C.Bayramov deyib ki, Azərbaycan daim Türkiyənin dəstəyini hiss edib.
M.Çavuşoğlu da deyib ki, Dağlıq Qarabağ Azərbaycanındır.
"İşğal olunmuş ərazilər azad edilməyib və bu günədək qəbul edilmiş qətnamələr yerinə yetirilməyib. Bir milyondan çox azərbaycanlı qardaşımız öz evlərinə dönməyi gözləyirlər. Ermənistan bir sıra yaşayış məntəqələrinə hücum edib. Küncə sıxılan Ermənistan yaşayış yerlərinə atəş açır, hətta Abşerona belə atəş açıb. Bu, müharibə cinayətidir...", - o qeyd edib.
Mövlud Çavuşoğlu Bakıdadır
Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu bu gün, oktyabrın 6-da Azərbaycana gəlib.
Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 6-da M.Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC-ın xəbərinə görə, İ.Əliyev deyib ki, Azərbaycan üçün o qədər də asan olmayan bir dönəmdə bu səfər xüsusi önəm daşıyır: "Bu, qardaş ölkənin açıq dəstəyinin təzahürüdür".
Azərbaycan prezidenti əlavə edib ki, Türkiyə bölgədə sabitləşdirici rol oynayır: "Türkiyənin bölgədə və dünyada yalnız sülhə hesablanmış siyasəti artıq öz nəticələrini verməkdədir, həm Yaxın Şərq bölgəsində, eyni zamanda, Qafqaz bölgəsində. Ona görə Ermənistanın növbəti hücumu ilə əlaqədar bu gün yaranmış vəziyyət bir daha onu göstərir ki, Türkiyə həm regionda, həm dünyada söz sahibidir. Əlbəttə ki, bu, bizi gücləndirir, ruhlandırır".
M.Çavuşoğlu deyib ki, "Türkiyənin Can Azərbaycana olan dəstəyini bir daha bütün dünyaya göstərmək üçün buraya gəldim".
O, daha sonra da qeyd edib ki, Azərbaycanın işğal edilmiş torpaqları artıq azad olunmalıdır: "Azərbaycan hüquqi və mənəvi cəhətdən də haqlıdır və bu haqlı mübarizəsini hər yerdə izah edərkən bu mübarizəni də meydanda və masada birlikdə aparmağa, inşallah, davam edəcəyik. Bu gün sizin qəbulunuzdan sonra qardaşım Ceyhunla (Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov) bu məsələlərdə necə birlikdə hərəkət edəcəyimizi dəyərləndirəcəyik...".