27 mülki şəxs həlak olub
Baş Prokurorluğun mətbuat xidməti cəbhə bölgəsində mülki şəxslərin itkisi ilə bağlı növbəti açıqlama yayıb.
Oktyabrın 6-sı səhər saatlarında yayılan məlumata görə, cəbhədə vəziyyətin yenidən gərginləşdiyi sentyabrın 27-dən hazırkı vaxtadək qarşı tərəfin yaşayış məntəqələrini atəşə tutması nəticəsində Azərbaycan tərəfdən 27 mülki şəxs həlak olub, 141 nəfər yaralanıb.
ABŞ, Rusiya və Fransa bir daha atəşkəsə çağırırlar
Oktyabrın 5-də Birləşmiş Ştatların, Rusiya Federasiyasının və Fransa Respublikasının hökumətləri Dağlıq Qarabağda atəşkəsə çağıran birgə bəyanatla çıxış ediblər.
ABŞ Dövlət Departamentinin saytında dərc edilmiş məlumatda deyilir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov, Fransa xarici işlər naziri Jean-Yves Le Drian və Birləşmiş Ştatların dövlət katibi Michael Pompeo ATƏT-in Minsk qrupu həmsədr ölkələrinin təmsilçisi olaraq Dağlıq Qarabağ zonasında və onun ətrafında davam edən zorakılığın misli görünməmiş və təhlükəli eskalasiyasını ən sərt bir şəkildə pisləyirlər.
Nazirlər vurğulayıblar ki, Təmas Xətti boyunca, Dağlıq Qarabağdan kənarda, Ermənistan və Azərbaycan ərazisində mülki obyektlərin iddia edilən hədəflənməsi regionun stabilliyinə qeyri-məqbul təhlükə təşkil edir.
Nazirlər həmsədr ölkələrin liderləri tərəfindən oktyabrın 1-də verilmiş birgə bəyanatı xatırladaraq münaqişə tərəflərini dərhal və qeyd-şərtsiz atəşkəsə çağırıblar.
Bəyanatda deyilir ki, həmsədr ölkələr onlara ATƏT və beynəlxal icma tərəfindən verilmiş mandatın gücündən tam istifadə etmək əzmindədirlər.
Nazirlər bildiriblər ki, həmsədrlər tərəflərlə danışıqları davam etdirəcəklər və onları təməl prinsiplər və müvafiq beynəlxalq sənədlər əsasında nizamlama prosesini bərpa etməyə çağırırlar.
Dövlət katibinin müavini Bayramov və Mnatsakanyanla danışıb
Bundan əvvəl ABŞ dövlət katibinin müavini Stephen E. Biegun ayrı-ayrılıqda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Zohrab Mnatsakanyanla telefon söhbəti etmişdi.
Bu barədə məlumatı ABŞ Dövlət Departamentinin sözçüsü Morgan Ortagus verib.
O bildirib ki, cənab Biegun nazirlərə Dağlıq Qarabağ və onun ətrafında gərginliyin eskalasiyasından narahatlığını bildirib və tərəfləri Minsk qrupu həmsədrlərinin vasitəçilyi ilə dərhal atəşkəsə və danışıqların bərpasına çağırıb.
Dövlət katibinin müavini bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur.
Lavrov Bayramovla danışıb
Oktyabrın 5-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, bu qarşı tərəfin təşəbbüsü əsasında gerçəkləşib.
Məlumata görə, Sergey Lavrov bölgədə artan gərginliyin narahatlıq doğurduğunu bildirib:
“Gərginliyin aradan qaldırılması və tərəflərin siyasi dialoqa qayıtmasının vacibliyi vurğulanıb”.
Qeyd edilib ki, Ceyhun Bayramov öz növbəsində, Ermənistanın məqsədyönlü şəkildə mülki əhalini, infrastrukturu atəşə tutması, ölkənin ikinci böyük şəhəri olan Gəncəni, sənaye şəhəri Mingəçeviri, habelə cəbhə bölgəsindən uzaqda yerləşən qəsəbələrin hədəfə alınması barədə rusiyalı həmkarına məlumat verib:
“Mülki insanlar arasında itkilərin olduğu vurğulanıb. Ermənistanın bu əməllərinin beynəlxalq humanitar hüququn ciddi pozulması halı olduğunu qeyd edən nazir Ceyhun Bayramov yaranmış vəziyyətə görə, tam məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bildirib.”
Prezident daha 3 kəndin azad edildiyini bəyan edib
Oktyabrın 5-də Azərbaycan ordusunun Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndlərini və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyi azad etdiyi bildirilir.
Bu barədə prezident İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində yazıb.
O, dünən, oktyabrın 4-də Azərbaycan ordusunun Cabrayıl şəhərini və bu rayonun 9 kəndinin də işğaldan azad edildiyini bəyan etmişdi.
Cəbrayıl rayonu 1993-cü ildə işğal edilmişdi.