Prezidentin köməkçisi: "Bu əmrlər..."
"Qəti şəkildə Ermənistanın Azərbaycana qarşı son hücumlarını pisləyirik. Bu əmrlər bilavasitə Ermənistanın siyasi, hərbi rəhbərliyinin tapşırığı ilə həyata keçirilir".
Bunu bu gün, oktyabrın 5-də keçirilən brifinqdə Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun fikrincə baş verənlər Ermənistan tərəfindən Azərbaycana qarşı növbəti müharibə, təcavüz aktıdır: "Bu hücumlar məqsədyönlü şəkildə həyata keçirilir, artıq uzaqmənzilli raketlərdən də istifadə edilir. Artıq bu raketlər Xızı şəhərinə qədər gəlib çıxıb...".
Prezidentin köməkçisinin vurğulamasına görə, onlar bununla münaqişəyə üçüncü tərəfi də cəlb etmək istəyirlər.
H.Hacıyevin sözlərinə görə, Azərbaycan Hərbi Hava Qüvvələri atılan raketlərin bir çoxunu havadaca məhv edir.
Ermənistan silahlı qüvvələrinin Ağcabədi və Beyləqan şəhərlərini atəşə tutduğu bildirilir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi oktyabrın 5-də günün ikinci yarısı məlumat yayıb. Məlumata görə, yaralılar var.
25 şəxs həlak olub, 127 nəfər yaralanıb
Cəbhə bölgəsindən mülki şəxslərin ölüm xəbərləri gəlməkdə davam edir.
Baş Prokurorluq sentyabrın 27-dən bəri cəbhədə döyüşlər başlayandan sonra Azərbaycan tərəfdən mülki əhalinin itkiləri ilə bağlı növbəti məlumat yayıb. Baş Prokurorluğun mətbuat xidmətindən oktyabrın 5-də günün ikinci yarısında yayılan məlumata görə, 25 mülki şəxs həlak olub, 127 nəfər yaralanıb.