24 mülki şəxs həlak olub
Baş Prokurorluq sentyabrın 27-dən bəri cəbhədə döyüşlər başlayandan sonra Azərbaycan tərəfdən mülki əhalinin itkiləri ilə bağlı növbəti məlumat yayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən oktyabrın 5-də yayılan məlumata görə, 24 mülki şəxs həlak olub, 121 nəfər yaralanıb.
'Azərbaycan lideri döyüşləri dayandırmağa 'yox' deyir...'
"Reuters" yazır ki, Azərbaycan prezidenti İlham Əliyevin dünənki çıxışının məzmunu və tonu Azərbaycanın beynəlxalq qurumların dərhal atəşkəs çağırışlarını qəbul etməyəcəyini aydın şəkildə ortaya qoydu.
Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Artsrun Ovannisyan bu çıxışdan dərhal sonra deyib: "Məncə, Yerevana hər hansı risk yoxdur, amma yenə də müharibə şəraitindəyik".
Türkiyənin Xarici İşlər Nazirliyi də bazar günü Azərbaycan ərazisinin Ermənistandan atəşə tutulmasını pisləyib: "Ermənistanın Gəncədə mülki şəxslərə hücumu... Ermənistanın qanunsuz münasibətinin yeni göstəricisidir. Bu hücumları pisləyirik".
Qırmızı Xaç mülki əhaliyə atəş açmamağa çağırır
Beynəlxalq Qırmızı Xaç Komitəsi oktyabrın 4-də şəhərlərdə, digər yaşayış ərazilərində partlayıcı silahlardan istifadə edərək fərq qoymadan atəş açılması və digər iddia olunan qanunsuz hücumlar haqda xəbərləri pisləyib.
Beynəlxalq Böhran Qrupundan Olesya Vartanyan AzadlıqRadiosuna deyib ki, indilik münaqişənin daha da qızışacağı və mülki əhali yaşayan daha çox ərazini əhatələyəcəyi görünür.
"Mülki yaşayış yerlərində hücumlar artır, daha müasir silahlardan istifadə olunur... Sonrakı günlərdə döyüşlərin cəbhə zonasından uzaq ərazilərə yayılacağını görəcəyik", – Vartanyan deyib.
MN: "Şəhərlərimiz atəşə tutulur"
"Hazırda Beyləqan, Bərdə və Tərtər şəhərləri Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulur".
Bu məlumatı da oktyabrın 5-də saat təqribən 11-də Azərbaycan Müdafiə Nazirliyi (AMN) yayıb.
Açıqlamada qeyd edilib ki, buna qarşı adekvat tədbirlər görülür.