"Azərbaycan ərazisi Ermənistandan raket atəşinə tutulub"
Azərbaycan ərazisinin Ermənistandan raket atəşinə tutulduğu bildirilir.
Bu barədə oktyabrın 5-i saat 10-16-da Azərbaycan Müdafiə Nazirliyi (AMN) məlumat yayıb.
Məlumatda yazılıb ki, oktyabrın 5-də səhər saatlarında ölkənin Hava Hücumundan Müdafiə Qüvvələrinin Radiolokasiya sistemlərinin texniki vasitələri Ermənistanın Cermuk, Qafan və Berd rayonları ərazisində yerləşən start mövqelərindən Azərbaycan ərazisinə atılan raket buraxılışını qeydə alıb.
Açıqlamaya görə, bütün cəbhə boyu sıxışdırılan qarşı tərəf artıq, bir neçə gündür ki, Ermənistandan Azərbaycan ərazisində əhalinin kompakt yaşadığı məntəqələrə, mülki infrastruktura sistematik raket zərbələri endirir. "Eyni zamanda, Ermənistanın Müdafiə Nazirliyi Azərbaycan ərazisinin Ermənistandan atəşə tutulması faktını inkar edir və bunun işğal olunmuş ərazilərimizdən həyata keçirildiyini bildirir...", - MN qeyd edir.
Erməni silahlı qüvvələrinin oktyabrın 4-ü axşam saatlarında Mingəçevirə atdığı raket zərbəsi nəticəsində 5 nəfər mülki şəxs xəsarət alıb.
Məlumatı Azərbaycan Baş Prokurorluğuna istinadən Azərtac informasiya agentliyi yayıb. Məlumata görə, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgədən 100 km-dən artıq uzaqlıqda yerləşən Azərbaycanın sənaye şəhəri, 100 mindən artıq əhalisi olan Mingəçevirə atılan 3 raketdən 2-si partlamayıb.
Partlamayan raketlərdən 1-i Azərbaycan İstilik Elektrik Stansiyası MMC-nin qarşısına, digəri isə dinc sakinlərin yaşadıqları evin yaxınlığına düşüb. 3-cü raketin fərdi yaşayış evinə atılması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, eyni zamanda evə külli miqdarda ziyan dəyib.
Baş prokurorluğun məlumatına görə, hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin və zərər dəymiş mülki infrastruktur obyektlərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
“Xızı və Abşeron bölgəsinə iki 300 kilometr məsafəli orta mənzilli raket atılıb”
Ermənistan silahlı qüvvələrinin Xızı rayonuna raket zərbəsi endirdiyi bildirilir.
AZƏRTAC-ın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oktyabrın 4-də özünün “Twitter” hesabındakı paylaşımında bildirib.
Hikmət Hacıyev qeyd edib ki, Xızı və Abşeron bölgəsinə iki ədəd 300 kilometr məsafəli orta mənzilli raket atılıb.
Abşeron rayonu paytax Bakının qonşulugunda yerləşir.
“Ermənistanın azərbaycanlı mülki şəxslərə qarşı dövlət terroru davam edir”
AZƏRTAC-ın xəbərinə görə, bunu Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabındakı paylaşımında bildirib.
H.Hacıyev qeyd edib: “Bir neçə dəqiqə əvvəl Ermənistan silahlı qüvvələri Azərbaycanın Mingəçevir sənaye şəhərinə qarşı raket hücumu təşkil edib. Mingəçevirdə su anbarı və əsas elektrik stansiyası mövcuddur. Çarəsizliyin barbar ifadəsi”.