AMN: ‘Horadiz şəhərinin mülki obyektləri artilleriya atəşinə tutulub’
“Oktyabrın 1-də saat 17.50-də Ermənistan ordusunun bölmələri Füzuli rayonunun Horadiz şəhərinin mülki obyektlərini artilleriya atəşinə tutub”
Bu məlumatı oktyabrın 1-də saat 18-18-də Azərbaycan Müdafiə Nazirliyi (AMN) yayıb.
Nazirlik ondan 20 dəqiqə əvvəl isə bildirmişdi ki, oktyabrın 1-də saat 17.28-də Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan əraziləri yenidən atəşə tutulub.
“Ermənistandan atılan raketlər Cəbrayıl-Füzuli ərazisindəki cəbhə xəttinə düşüb” - deyə məlumatda yazılmışdı.
AMN oktyabrın 1-i günün birinci yarsında da Ermənistan ərazisindən atəşə tutulduqlarını açıqlamışdı.
XİN: "Ermənistan xarici jurnalistlərin həyatını təhlükə altına atır"
Oktyabrın 1-də Fransanın "Le Monde" qəzetinin iki əməkdaşının Dağlıq Qarabağ ərazisində yaralanması və xəstəxanaya aparılması xəbəri yayılıb. Qəzetin baş redaktoru "Reuters" agentliyinə iki jurnalistinin yaralandığını təsdiqləyib.
Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən isə APA agentliyinə bildirilib ki, "Ermənistan xarici jurnalistlərin həyatını təhlükə altına ataraq və beynəlxalq humanitar hüququ kobudcasına pozaraq jurnalistlərin hərbi əməliyyatların getdiyi əraziyə səfərini təşkil edir". Qurumun mövqeyincə, bu, Ermənistan hökumətinin jurnalistlərin təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar öhdəliklərinə məhəl qoymadığını və xarici jurnalistlərdən özünün qanunsuz təbliğat məqsədləri üçün istifadə etdiyini açıq şəkildə göstərir.
XİN-in Mətbuat xidməti idarəsi xarici jurnalistlərə müraciət edərək Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf bölgələrinə səfər ilə əlaqədar ilk növbədə Azərbaycan tərəfinin razılığının əldə olunmasını tövsiyə edir.
Rusiya, ABŞ və Fransa prezidentləri bəyanat verdilər
ATƏT-in Minsk qrupu həmsədr ölkələrini təmsil edən Rusiya prezidenti Vladimir Putin, ABŞ prezidenti Donald Tramp və Fransa prezidenti Emmanuel Makron Dağlıq Qarabağ münaqişə zonasındakı təmas xəttində əməliyyatların qızışmasını ən kəskin şəkildə pisləyirlər. Üç lider oktyabrın 1-də birgə bəyanatla çıxış ediblər.
Prezidentlər itkilərdən kədərləndiklərini bildirir, ölənlərin ailələrin başsağlığı verirlər.
"Münaqişə tərəflərinin silahlı qüvvələri arasında hərbi əməliyyatları dərhal dayandırmağa çağırırıq. Həmçinin, Ermənistan və Azərbaycan liderlərini ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakıyla münaqişənin nizamlanması üzrə danışıqları bərpa etmək üçün dərhal, səmimiyyətlə, ön şərt irəli sürmədən öhdəlik götürməyə çağırırıq", – bəyanatda vurğulanır.
MN: "Yaşayış məntəqələrimiz artilleriya atəşinə tutulur"
Azərbaycanın cəbhə boyu yaşayış məntəqələri artilleriya atəşinə tutulur.
Bu məlumatı Azərbaycan Müdafiə Nazirliyi (AMN) günorta saatlarında yayıb. "Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, Füzuli rayonunun Horadiz şəhəri, Goranboy, Tərtər və Ağdam rayonlarının cəbhə boyu kəndləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən artilleriya atəşinə tutulur", - məlumatda yazılıb.