Ağdamda ata və oğul top mərmisindən həlak olub
Azərbaycan Baş Prokurorluğu cəbhə bölgəsində itkilərlə bağlı növbəti açıqlama yayıb.
Qurumun oktyabrın 1-də yaydığı məlumata görə, işğalçı ölkənin silahlı qüvvələri dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutub. Bildirilir ki, saat 13 radələrində Ağdam rayonu, Hacıməmmədli kəndində yaşadıqları evə düşmüş top mərmisinin qəlpələrindən 1966-cı il təvəllüdlü Mürşüd Məmmədov və onun 1996-cı il təvəllüdlü oğlu Samir Məmmədov həlak olublar.
Qurumun bundan əvvəl açıqladığı məlumatda isə qeyd edilirdi ki, son günlər cəbhə bölgəsində mülki əhalidən 16 nəfər ölüb, 55 nəfər müxtəlif dərəcədə xəsarət alıb.
Avropa Şurasının Baş katibindən humanitar böhran xəbərdarlığı
Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç oktyabrın 1-də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat yayıb.
"Dağlıq Qarabağda silahlı münaqişə nəticəsində öldürülən mülki şəxslərin sayı artır. Əməliyyatların qurbanı olan xeyli sayda insanın, eləcə də mülki şəxslərin ölümü məni kədərləndirir. Bu qadınların, kişilərin və uşaqların əziyyətini heç bir siyasi səbəblə əsaslandırmaq mümkün deyil. Münaqişənin bütün tərəflərini əməliyyatları dərhal dayandırmağa, Avropa İnsan Hüquqları Məhkəməsinin çıxardığı təcili tədbirləri həyata keçirməyə çağırıram. Ağır humanitar böhranın qarşısını almaq üçün danışıqlar masasında dinc həll yolu tapılmalıdır", – bəyanatda deyilir.
Baş katib bu məqsədlə ATƏT-in Minsk qrupunun işinə dəstəyini vurğulayır.
Sentyabrın 29-da Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Ermənistanın müharibənin dayandırılması haqda Azərbaycana qarşı ərizəsi üzrə qərar verib. AİHM həm Azərbaycan, həm də Ermənistanı pozuntulardan, xüsusilə dinc əhalinin hüququnu poza biləcək, onların həyat və sağlamlığını riskə atacaq hərbi əməliyyatlardan çəkinməyə çağırır.