10 mülkü şəxs ölüb, 30 nəfər yaralanıb
Sentyabrın 27-dən bəri cəbhə bölgəsində atəşkəsin pozulması nəticəsində Azərbaycan tərəfdən 10 mülkü şəxs həlak olub, 30 nəfər yaralanıb.
Bu məlumatı bu gün, sentyabrın 29-də Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.
Amma son günlərin döyüşlərində indiyə kimi nə qədər hərbi qulluqçunun həlak olduğu, nə qədərinin isə yaralandığı açıqlanmır.
Televiziyanın avtomobilinin hücuma məruz qaldığı deyilir
Sentyabrın 29-da İctimai Televiziyanın avtomobilinin Tərtər rayonunun Qapanlı kəndində Ermənistan silahlı qüvvələrinin bölmələrinin hücumuna məruz qaldığı bildirilir.
Bu barədə İctimai Televiziyanın Facebook-dakı səhifəsində məlumat verilib.
"Azad edilən ərazilərin bir qarışı belə itirilməyib"
"Ermənistan tərəfi təxribat xarakterli məlumatlar yaymaqda davam edir".
Bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı bildirib. Onun deməsinə görə, Azərbaycan Ordusunun azad etdiyi ərazilərinin bir qisminin Ermənistan ordusu tərəfindən geri qaytarılması barədə yayılan xəbər dezinformasiyadır.
"Bildiririk ki, azad etdiyimiz ərazilərin bir qarışı belə itirilməyib", - mətbuat xidmətinin rəisi vurğulayıb.
Azərbaycan ordusu son günlər 7 kəndi və bir sıra strateji yüksəklikləri işğaldan azad etdiyini açıqlayıb.
Qarşı tərəf isə həmin ərazilərin əsas hissəsinin geri qaytarıldığını açıqlamışdı.
"Gecə bütün cəbhə boyu gərgin döyüşlər davam edib"
"Sentyabrın 28-dən 29-na keçən gecə bütün cəbhə boyu gərgin döyüşlər davam edib".
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 29-də səhər saat 7:56-da məlumat yayıb.
Məlumatda yazılıb ki, Ermənistan silahlı qüvvələri cəbhənin Füzuli-Cəbrayıl və Ağdərə-Tərtər istiqamətlərində itirdikləri mövqeləri geri qaytarmaq üçün bir neçə dəfə əks-hücuma cəhdi göstərib. Amma açıqlamaya görə, Azərbaycan Ordusunun həmin istiqamətlərdə yerləşən bölmələri uğurla müdafiə olunublar.