Ermənistan ərazisindən Daşkəsən rayonu atəşə tutulur
Sentyabrın 29-da səhər saat 07:30-dan etibarən Ermənistanın Vardenis rayonu ərazisindən Azərbaycanın Daşkəsən rayonunun artilleriya atəşinə tutulduğu bildirilir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi (AMN) sentyabrın 28-də səhər saat 7:58-də məlumat yayıb.
"Azərbaycan Ordusu tərəfindən adekvat tədbirlər görüləcək", - nazirlik açıqlayıb.
Füzuli uğurunda döyüşlər getdiyi bildirilir
Sentyabrın 29-u səhər saatlarından etibarən Füzuli şəhərinin işğaldan azad olunması uğrunda Azərbaycan Ordusunun hücumunun davam etdiyi bildirilir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 29-da səhər saat 8-52-də məlumat yayıb.
"Hazırda döyüşlər davam edir", - məlumatda qeyd edilir.
50 yaşdan yuxari zabitlər də çağırıla bilər
50 yaşdan yuxari zabitlər də səfərbərliyə çağırıla bilər.
Bu barədə bu gün, sentyabrın 28-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaydığı məlumatda bildirilir.
Məlumatda yazılıb ki, bu gün, sentyabrın 28-də Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında" Sərəncam imzalayıb: "Qismən səfərbərlik zamanı təsdiq edilmiş planlara uyğun olaraq Xidmət tərəfindən ehtiyatda olan birinci dərəcəli hərbi vəzifəlilər əsgərlər, matroslar, çavuşlar, gizirlər, miçmanlar 35 yaş, zabitlər isə hərbi rütbəsindən asılı olaraq 50 və daha yuxarı yaş həddində Azərbaycan Ordusunun komplektləşdirilməsinə cəlb olunacaqlar".
Ermənistan silahlı qüvvələrinin geri çəkildiyi deyilir
Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin Ağdarə istiqamətində geri çəkildiyini açıqlayıb.
Nazirliyin bu barədə məlumatı sentyabrın 28-də saat 15:57-də açıqlanıb. Ağdarə Dağlıq Qarabağ ərazisində yerləşir.