26 nəfər xəstəxanalara yerləşdirilib
Azərbaycan Baş Prokurorluğu sentyabrın 28-də cəbhədəki vəziyyətlə bağlı məlumat yayıb.
Qurumun mətbuat xidmətindən bildiriblər ki, son günlər hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 26 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib.
Bildirilir ki, səhər saat 7 radələrindən başlayaraq Tərtər rayonunun mərkəzi, o cümlədən əhalinin sıx yaşadığı kəndlər ağır artilleriyadan intensiv atəşə tutulub: "Azad Qaraqoyunlu kənd sakinləri Əhmədov Mayıl Ələsgər oğlu, Salahov Nizami Məcid oğlu, Kərimov Elşən Şahmat oğluna məxsus evlərə külli miqdarda ziyan dəyib, rayonun əsas strateji körpüsü və polis şöbəsinə zərbələr endirilib".
Bundan başqa, bildirildiyinə görə, Tərtər şəhəri E.Səfərov küçəsi 54 mənzildən ibarət 10 saylı binası, rayonun Şıxarx qəsəbəsində 16 saylı çoxmənzilli yaşayış binası yararsız vəziyyətə düşüb, bina sakinləri təxliyə olunub.
"Həmçinin işğalçı ölkənin qüvvələrinin intensiv atəşi nəticəsində Tərtər rayonunun Səhləbad kəndində Ağayev Bəxtiyar Rəhim oğluna, Yuxarı Qapanlı kənd sakini Rəsmiyyə Həsənovaya məxsus yardımçı tikililərə top mərmilərinin düşməsi nəticəsində çoxsaylı xırda və iribuynuzlu heyvan tələf olub. Hazırda Prokurorluğun əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq əməliyyat tədbirləri həyata keçirilir...".
Qurum dünən, sentyabrın 27-də bildirmişdi ki, top atəşi nəticəsində Naftalanda bir ailənin 5 üzvü həlak olub.
Baş Prokurorluq hərbi qulluqçular arasında da ölən və yaralananların olduğunu bildirir. Amma bununla bağlı dəqiq say göstərilmir.
Azərbaycanda qismən səfərbərlik elan edilib
Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 28-də "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında" Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilib.
Bu sənədlə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təsdiq edilmiş planlara uyğun olaraq hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırılmasını və hərbi-nəqliyyat vəzifəsindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Tramp cəbhədə baş verənlərdən danışdı
ABŞ prezidenti Donald Tramp dünən – sentyabrın 27-də deyib ki, Birləşmiş Ştatlar Ermənistanla Azərbaycan arasındakı hərbi əməliyyatları dayandırmağa çalışacaq.
"Prosesi çox diqqətlə izləyirik. Regionda çox yaxşı münasibətlərimiz var. Görək bunu dayandıra biləcəyikmi", – Tramp bazar günü axşam mətbuat üçün brifinqdə deyib.
Əliyev Makronla danışıb
Sentyabrın 27-də Fransa prezidenti Emmanuel Makron Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.
Bu barədə sentyabrın 28-də Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda yazılıb ki, E.Makron Ermənistan-Azərbaycan təmas xəttində silahlı qarşıdurmanın baş verməsindən ölkəsinin narahatlıq hissi keçirdiyini qeyd edib və münaqişənin danışıqlar yolu ilə həll olunmasının vacibliyini vurğulayıb.
"Dövlətimizin başçısı qeyd etmişdir ki, Ermənistan rəhbərliyi şüurlu şəkildə danışıqlar prosesini pozur. Ermənistan rəhbərliyinin "Dağlıq Qarabağ Ermənistandır" bəyanatı danışıqlara ciddi zərbə vurub. "Azərbaycan Dağlıq Qarabağla danışıqlar aparmalıdır" bəyanatı isə danışıqlar formatının dəyişdirilməsi cəhdidir ki, bu da qəbuledilməzdir və bu, Minsk Qrupunun rəhbərliyi tərəfindən də bildirilib", - məlumatda yazılıb.
Məlumata görə, İ.Əliyev qeyd edib ki, Ermənistanın Azərbaycan silahlı qüvvələrinin mövqelərini və cəbhə xətti boyu yerləşən yaşayış məntəqələrini ağır artilleriya silahlarından atəşə tutması nəticəsində mülki şəxslər və hərbi qulluqçular həlak olub. Prezident Əliyevin deməsinə görə, Azərbaycan Silahlı Qüvvələri buna cavab olaraq uğurlu əks-hücum əməliyyatları həyata keçirir.
"Azərbaycan Prezidenti bildirmişdir ki, Ermənistanın hərbi təxribatı ilə bağlı hadisələrin gələcək inkişafına görə məsuliyyət Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür. Telefon söhbəti zamanı tərəflər diplomatik kanallar vasitəsilə təmasların həyata keçirilməsi barədə razılığa gəlmişlər", - məlumatda bildirilir.