Keçid linkləri

2024, 01 Noyabr, Cümə, Bakı vaxtı 11:19

Dünya xəbərləri

Belaruslu fəal 'itaətsizliyə görə' yenidən məhkəmə qarşısına çıxacaq

Palina Şarenda-Panasyuk və əri Andrey Şarenda
Palina Şarenda-Panasyuk və əri Andrey Şarenda

Belarusda həbsdə olan siyasi fəal Palina Şarenda-Panasyuk yerləşdirildiyi həbsxana rəhbərliyinə yenidən "itaətsizlik" etmək ittihamları ilə üzləşib.

Sonuncu ittiham oktyabrın 14-də Belarusun cənub-şərqindəki Reçitsa rayonunda başlayan yeni məhkəmə işinin əsas tərkib hissəsidir.

İki uşaq anası Şarenda-Panasyuk artıq dörd ili həbsxanada keçirib və təqsirli bilinərsə, dəmir barmaqlılar arasında əlavə bir il də qala bilər.

Onun davamlı həbsi Belarus hakimiyyətinin siyasi motivli repressiyası kimi qiymətləndirilir.

Fəalın həyat yoldaşı Andrey Şarenda söyləyib ki, hazırda xanımı islah-əmək müəssisəsi rəhbərliyinin tələblərinə "kinli" itaətsizlikdə ittiham olunur.

Məhkəmədən qabaq Şarenda-Panasyuk rayonun əsas şəhəri Homeldəki istintaq təcridxanasından yaxınlıqdakı Reçitsa şəhərindəki təcridxanaya aparılıb.

Şarenda onun bu müəssisəyə aparılması ilə bağlı narahatlığını bildirib. Məlumata görə, oradakı saxlanma şəraiti sərtdir. Belə ki, məhbuslar döşək və yataq dəsti olmayan dəmir çarpayıların üzərində yatmağa məcbur edilir. Bu isə həyat yoldaşının belindəki problemləri daha da kəskinləşdirir.

Şarenda iddia edir ki, həyat yoldaşının sağlıq durumunu nəzərə almayan hakimiyyət onu qeyri-insani rəftara məruz qoyub. O, həmçinin qeyd edib ki, ona qarşı yeni ittihamlar oktyabrın 14-də irəli sürülüb. Həmin tarixdə Belarusda Analar Günü qeyd edilir. Şarenda-Panasyuka dörd ildir ki, uşaqları ilə görüşməyə icazə verilmir.

Aİ İrana yeni sanksiyaları təsdiqləyir

"Iran Air"ə məxsus "Airbus A300" Londonun qərbindəki Hitrou hava limanına enir.
"Iran Air"ə məxsus "Airbus A300" Londonun qərbindəki Hitrou hava limanına enir.

Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri İrana bağlı yeddi fərdə və yeddi quruma yeni sanksiyaları təsdiqləyib. Kiyevin Qərb müttəfiqləri bir müddətdir Tehranı Rusiyaya ballistik raketlər göndərməklə Ukraynanın tammiqyaslı işğalına köməkdə ittiham edir.

"Fərda" Radiosunun ötən həftə yazdığına görə, sanksiyalar Rusiyaya silah göndərməkdə əli olan şirkət və fərdləri hədəfə alır. Siyahıya "Iran Air", "Saha Airlines" və "Mahan Air" şirkətləri daxildir.

Sanksiyalar tətbiq olunan fərdlər içində isə müdafiə nazirinin müavini Seyid Həmzə Qələndəri, İslam İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin tanınmış rəsmiləri var.

ABŞ, Britaniya, Fransa və Almaniya bir aydan çoxdur İranı Rusiyaya Ukraynaya qarşı istifadə etmək üçün ballistik raketlər və aidiyyəti olan texnologiya göndərməkdə ittiham edir. Bu isə Avropa müttəfiqləri arasında konsultasiyalara səbəb olub.

Sanksiya hədəfləri aktivlərinin dondurulmasına və Aİ-yə səyahət qadağalarına məruz qalacaq.

"Iran Air" Avropanın bir sıra şəhərlərinə, o cümlədən Frankfurt, Hamburq, Köln, Paris və Milana birbaşa uçuşlar gerçəkləşdirir.

Bu sanksiyalardan bir neçə gün öncə Aİ-nin xarici siyasət rəhbərinin sözsüzü Peter Stano AzadlıqRadiosuna deyib ki, Aİ-nin İranla münasibətinə "nikbin" yanaşır.

Kurskdan 112 min nəfər təxliyə olunub

Kursk
Kursk

Rusiyanın Kursk vilayətinin sərhəd rayonlarından müharibə səbəbi ilə azı 112 min nəfər çıxarılıb. Bunu oktyabrın 14-də "Arqumenti i Faktı"ya müsahibəsində Rusiyanın ombudsmanı Tatyana Moskalkova deyib.

Moskalkovanın sözlərinə görə, hazırda azı 12 min nəfər müvəqqəti sığınacaqlarda, müalicə və sosial müəssisələrdə, düşərgələrdə qalır, onların azı 3 min 500-ü uşaqlardır.

Valideynləri, qohumları ilə qalanlar da var. 40 minə yaxın sakin isə evakuasiyadan imtina edib, yaxud evinə qayıdıb.

Moskalkova deyir ki, Ukrayna ordusu avqustda bu vilayətə girəndən Kurska itkin düşənlərlə bağlı mindən çox müraciət alıb.

Ombudsman ukraynalı həmkarı Dmitri Lubintsə məktub yazaraq evlərindən "zorla" çıxarılan kurskluların sayını istəyib. O həmin məsələni Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Miryana Spolyariç-Eqqerlə də müzakirə etdiyini bildirib.

Bundan öncə Kursk vilayətinin qubernatoru Aleksey Smirnov deyib ki, Ukrayna ordusu Rusiya kəndlərindən çıxandan sonra orada 268 nəfər aşkarlanıb, onlardan 118-i axtarışda olub. Bundan başqa, itkinlərin bəziləri Rusiyada müvəqqəti sığınacaqlarda, qohumları ilə, yaxud digər yaşayış məntəqələrində qalır: bəzən sakinlər sənədlərini itirir, yerləri barədə informasiya vermirlər.

Rusiya 2022-ci ilin fevralında Ukraynaya qarşı hərtərəfli müdaxiləyə başlayandan Rusiyanın Ukrayna ilə həmsərhəd Kursk vilayəti mütəmadi atəşə məruz qalır. Avqustda Ukrayna ordusu bu vilayətə girib. Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, hərbçiləri Rusiya ərazisinin 1250 kvadrat kilometrini tutublar, həmin ərazidə 92 yaşayış məntəqəsi yerləşir. Ancaq sonradan həmin ərazinin bir qismi Rusiya tərəfindən azad edilib.

Tacikistan ombudsmanı: Rusiyada miqrantları təhqir edir, döyürlər

Umed Bobozoda
Umed Bobozoda

Tacikistanın insan haqları müvəkkili Umed Bobozoda Rusiyada tacikistanlı miqrantların hüquq və azadlıqlarının pozulmasından narahatdır.

O, rusiyalı həmkarı Tatyana Moskalkovaya məktubunda yazır ki, Rusiyanın hüquq-mühafizə orqanları Tacikistandan əmək miqrantları ilə qanunsuz rəftara əl atır, onlarla kobud davranır, döyür, təhqir edirlər. Ombudsman Tacikistan vətəndaşlarının Rusiya ilə sərhəddə uyğun saxlanma və qidalanma şərtləri olmadan uzun müddət saxlanıldığını bildirib. Saxlananlar arasında Tacikistan rəsmilərinin, tələbələrin, yaşlıların, qadın və uşaqların da olduğu vurğulanır.

Bobozoda Moskalkovanı Tacikistan vətəndaşlarının hüquqlarının qorunmasına, belə halların monitorinqinin aparılmasına, gərəkən tədbirlər görməyə kömək istəyir.

Baş nazir də məsələni qaldırıb

Son həftələr Tacikistanın bir neçə məmuru Rusiya hakimiyyətinin bu ölkədən əmək miqrantlarına münasibətindən narazılıq bildirib. Oktyabrın 4-də Düşənbədə iki ölkənin hökumətlərarası komissiyasının iclasında Tacikistanın baş naziri Koxir Rasulzoda məsələni qaldırıb.

Hər il yüzlərlə tacikistanlı Rusiyaya pul qazanmağa gedir. Ancaq son bir ildə Rusiyada onlara qarşı yoxlamalar, saxlamalar artıb. Bu ilin martında "Crocus City Hall"da teraktdan sonra vəziyyət kəskinləşib. Rəsmi versiyaya görə, teraktı Tacikistan vətəndaşları törədiblər.

Hadisədən sonra minlərlə tacikistanlı Rusiya aeroportlarında, sərhəddə qalıb, çoxlarına Rusiyaya giriş icazəsi verilməyib, deportasiya ediliblər. Bir ildən də az müddətdə 20 minədək tacikistanlı Rusiyadan çıxarılıb.

2024-cü ilin əvvəlindən Daxili İşlər Nazirliyi azı 65 min əcnəbini ölkədən çıxarıb, 120 min miqrantın Rusiyaya daxil olmasına icazə verilməyib. Rusiyada kadr böhranı fonunda ölkəyə miqrant axını son 10 ildə minimuma enib.

'Hizbullah'ın dron zərbəsindən 4 israilli əsgər həlak olub

Livandan bir dron Binyaminada İsrail hərbçilərinə hücum edib.
Livandan bir dron Binyaminada İsrail hərbçilərinə hücum edib.

"Hizbullah" qruplaşmasının İsrailin şimalındakı Binyamina şəhəri yaxınlığında ordu bazasına dron zərbəsindən 4 israilli əsgər öldürülüb, onlarla xəsarət alan var, bəzilərinin durumu ağırdır. Bu, 2023-cü ilin oktyabrından bəri İsrail qüvvələrinə ən qanlı hücumlardan sayılır.

"Hizbullah" Livanın cənubuna nəzarət edən silahlı qruplaşma və siyasi partiyadır. ABŞ bu qruplaşmanı terrorçu hesab edir. Aİ isə onun yalnız silahlı qanadını qara siyahıya salıb.

İsrail ordusunun oktyabrın 14-də səhər bildirdiyinə görə, hücum Təl-Əvivdən 60 km şimalda yerləşən bazanı hədəfə alıb. Əlavə bilgi verilməyib.

İsrailin Hayfa rayonunda baş vermiş hücumda azı 67 nəfərin yaralandığı deyilir.

İrana bağlı qruplaşma İsrailə yüzlərlə raket və dron atıb. Ancaq İsrailin havadan müdafiə sistemləri onların əksəriyyətini vurub.

BMT sülhməramlıları

BMT sülhməramlıları isə dünən bildirib ki, İsrail qüvvələri onların Livandakı bazalarından birinin darvazasını dağıdıb, bir sıra yüngül xəsarət törədib. İsrail isə tanklarının darvazanı dağıdıb bazanın ərazisinə girmələrinə onların atəşə tutulmasının səbəb olduğunu bildirib.

Bu hadisədən öncə İsrailin baş naziri Benyamin Netanyahu deyib ki, BMT sülhməramlıları Livanın cənubundakı döyüş zonasından "dərhal" çıxmalıdır. O, birbaşa BMT-nin baş katibi Antonio Quterreşə müraciət edib.

Livandakı 9 min 500 nəfərlik BMT missiyası (UNIFIL) 1978-ci ildə yaradılıb, 2006-cı ildə İsraillə Livan arasında 33 günlük müharibəyə son qoymuş atəşkəsə nəzarət edir.

Bu missiyaya töhfə verən 40 ölkə oktyabrın 12-də birgə bəyanat yayaraq sülhməramlılara son hücumları "kəskin" pisləyiblər. ABŞ və Avropa liderləri İsraili sülhməramlılara atəş açmağı dayandırmağa çağırıb. ABŞ prezidenti Co Bayden (Joe Biden) oktyabrın 12-də deyib ki, İsrailə "qətiyyətlə və pozitiv şəkildə" dayanmağı deyir.

ABŞ İsrailə THAAD göndərir

Bu arada İsrailin İrana 1 oktyabr kütləvi raket zərbəsinə cavab verməyə hazırlaşmasının əlamətləri artır.

Bayden oktyabrın 13-də deyib ki, ABŞ-nin İsraili müdafiə səylərinin bir hissəsi olaraq Pentaqona İsrailə THAAD batareyası və əsgər göndərmək göstərişi verib.

Pentaqonun sözçüsü bu sistemin İsrailin havadan müdafiəsini gücləndirəcəyini bildirib. THAAD "Patriot" sistemlərinə oxşardır, ancaq daha geniş ərazini əhatələyə bilir, onu işlətməyə 95 hərbçi tələb olunur, - təhlilçilər belə deyirlər.

Fransa prezidenti Emmanuel Makron isə oktyabrın 13-də iranlı həmkarı Məsud Pezeşkianla telefon söhbətində deyib ki, Yaxın Şərqdə gərginliyi azaltmaq səylərini dəstəkləmək Tehranın məsuliyyətidir. Bunu Makronun administrasiyası bildirib.

İran tərəfinin yaydığı məlumatda isə deyilir ki, tərəflər münaqişəni bitirməyin yollarını müzakirə ediblər. Ancaq informasiyada İsraillə bağlı ədavətli ritorikadan istifadə edilir.

Oktyabrın 13-də səhər İsrailin hərbi təyyarələri Livanın sərhəd yaxınlığında kəndində 100 illik məscidi vurub. Bundan bir gün öncə isə cənubi Nabatiyə şəhərində bazara zərbə endirilib. Xəbəri Livanın rəsmi xəbər agentliyi yayıb.

Floridada 'Milton' qasırğası 16 nəfərin həyatına son qoyub

"Milton" qasırğası
"Milton" qasırğası

ABŞ-nin Florida ştatında "Milton" qasırğasından 16 nəfər həlak olub. Xəbəri "CBS News" Floridanın asayişi mühafizə departamentinə istinadla yayıb.

Bu, müşahidə tarixində gücünə görə beşinci Atlantik qasırğası sayılır. "Milton" ştatda ağacları, elektrik dirəklərini aşırıb, küçələr su altında qalıb, binalar dağılıb. Floridada 2.7 milyondan çox evin elektriksiz qalacağı bildirilir. Onlardan bəziləri sentyabrın sonunda ştatdan keçmiş "Helen" qasırğasından bəri işıqsız qalıb.

Təhlilçilərin hesablamalarına görə, "Milton"un zərəri 100 milyard dollara çata bilər. Bu isə ötən ilin sentyabrından bəri ABŞ-də baş vermiş bütün təbii fəlakətlərin vurduğu ziyandan təxminən iki dəfə çoxdur.

Ağ ev ziyan görmüş ştata federal yardım vəd edib.

Floridanın qərb sahilində dalğanın maksimum həddi 3 metrədək qeydə alınıb. Qasırğadan daha çox ştatın şərq sahilinin ziyan gördüyü vurğulanır.

Ştatın qubernatoru Ron Desantis deyib ki, ştat ən pis ssenaridən yayına bilib, belə ki, sıx məskunlaşmış sahil şəhərlərinə birbaşa zərbədən ehtiyat edirdilər, "ancaq yenə də ziyan böyükdür".

"Milton" və "Helen" kimi qasırğalar iqlim dəyişiklikləri səbəbindən getdikcə güclənir: onlar ildən-ilə isinən okean suyundan qidalanır, daha isti hava sayəsində isə daha çox rütubəti çəkib saxlamaq imkanı verir.

AzadlıqRadiosunun əməkdaşları Rusiya ordusunun atəşinə məruz qalıb

Roman Paquliç və Pavel Xolodov
Roman Paquliç və Pavel Xolodov

AzadlıqRadiosunun çəkiliş qrupu oktyabrın 10-da Ukraynanın şərqi Donetsk bölgəsində, Baxmut istiqamətində hərbi çəkilişlər zamanı Rusiya qüvvələrinin atəşinə məruz qalıb.

AzadlıqRadiosunun Ukrayna xidmətinin "Donbas.Realii" layihəsindən müxbir Roman Paquliç və operator Pavel Xolodov FPV dronlarının operatorlarının işini lentə alarkən Rusiya hərbçiləri Ukrayna döyüşçülərinin mövqelərinə artilleriya zərbəsi endiriblər.

Birinci mərmi hərbi müxbir R.Paquliç və onun söhbət etdiyi döyüşçülərin yaxınlığına düşüb. Nəticədə R.Paquliç kontuziya alıb, iki döyüşçü isə yüngül yaralanıb. Operator P.Xolodova isə qəlpələr dəyməyib.

R.Paquliçin dediyinə görə, onun zirehindəki boyun nahiyəsinin ballistik qoruyucusu mərminin qəlpələrindən birinin daha çox zərər verməsinin qarşısını alıb. Hal-hazırda yaralı döyüşçülərin və çəkiliş qrupunun üzvlərinin həyatına təhlükə yoxdur.

R.Paquliç 2018-ci ildən AzadlıqRadiosunda işləyir, cəbhə xəttindən reportajlar, həmçinin Ukrayna ordusunun problemləri haqda analitik materialların müəllifidir.

İsrailin Beyruta, Qəzzaya zərbələrindən onlarla insan həlak olub

İsrail məcburi köçkünlərin yaşadığı məktəbə zərbə endirdikdən sonra yaralı fələstinli.
İsrail məcburi köçkünlərin yaşadığı məktəbə zərbə endirdikdən sonra yaralı fələstinli.

İsrailin Beyruta zərbələrindən azı 22 nəfər həlak olub, 117 nəfər yaralanıb. Livanın Səhiyyə Nazirliyi məlumatı oktyabrın 10-da açıqlayıb. Bundan öncə isə İsrailin Qəzzada fələstinlilərin sığındığı məktəbə zərbəsindən onlarla insan həlak olub.

Beyrutun mərkəzinə iki hava reydi nəticəsində səkkiz və dördmərtəbəli binalar hədəfə alınıb, ikinci tamamilə dağılıb. Həmin hücumlarda azı bir "Hizbullah" rəsmisinin hədəfə alındığı bildirilir. Ancaq "Hizbullah"ın "əl-Manar" televiziyası Vafiq Səfanı öldürmək cəhdinin boşa çıxdığını, onun həmin binalarda olmadığını bildirib.

ABŞ "Hizbullah"ı terrorçu sayır. Aİ yalnız onun silahlı qanadını qara siyahıya salıb.

Qəzzada vurulan məktəb

Dünən İsrailin Qəzza zolağında məktəbə zərbəsindən azı 27 nəfər həlak olub. Digər zərbəyə isə Livanın cənubunda BMT sülhməramlılarının qərargahı tuş gəlib. Nəticədə İtaliya İsrailin səfirini çağırıb.

İsrail ordusu terrorçulara "dəqiq" zərbə endirdiyini, onların məktəbdə komandanlıq və nəzarət mərkəzinin olduğunu bildirir.

ABŞ və Aİ-nin terrorçu hesab etdiyi HƏMAS silahlı qruplaşması isə ittihamları rədd edib. Məktəbə sığınanların dediyinə görə, zərbənin hədəfi yardım işçilərinin görüşü olub, 54 nəfər də yaralanıb

HƏMAS ötən il oktyabrın 7-də İsrailin cənubuna girərək 1200 nəfəri qətlə yetirib, 250 nəfəri girov götürüb.

İsrailin əsas müttəfiqi ABŞ isə Livanda, Qəzzadakı kimi, irimiqyaslı dağıntılar törədilməməsi ilə bağlı xəbərdarlıq edib.

Fələstin rəsmiləri İsrailin son günlər Qəzzanın mərkəzi və şimalını bombalaması nəticəsində onlarla insanın öldürüldüyünü, minlərlə adamın evindən çıxa bilmədiyini deyirlər.

"Livanda Qəzzadakına oxşar hərbi hərəkət olmamalıdır", – Dövlət Departamentinin sözçüsü Metyu Miller (Matthew Miller) oktyabrın 9-da jurnalistlərə deyib.

Bu bəyanatdan öncə ABŞ prezidenti Co Bayden (Joe Biden) İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon söhbətində livanlı və israillilərin sərhədin hər iki tayında evlərinə qayıtması üçün diplomatik səylərin vacibliyini qeyd edib.

Pakistanda naməlum şəxslər 20 şaxtaçını öldürüb

Pakistanın Bəlucistan əyalətində silahlı hücum (Foto arxiv)
Pakistanın Bəlucistan əyalətində silahlı hücum (Foto arxiv)

Oktyabrın 11-də səhər Pakistanın Bəlucistan əyalətində naməlum silahlılar 20 şaxtaçını qətlə yetirib.

Silahlılar Duki rayonunda kömür mədəninə hücum ediblər. Məlumatı yerli rəsmilər Maşaal Radiosunun müxbirinə deyiblər.

Yerli polis rəsmisi jurnalistlərə hücum edənlərin ağır silahlardan, reaktiv qumbaralardan istifadə etdiyini deyib.

Duki xəstəxanasının həkimləri 20 meyit və yeddi yaralı qəbul etdiklərini bildiriblər.

Hələlik, hücuma görə məsuliyyəti götürən olmayıb.

İlin əvvəlindən Bəlucistanda bir sıra silahlı hücumlar olub. Separatçılar, ABŞ-nin qlobal terrorçu təşkilat saydığı Bəlucistan Azadlıq Ordusu Pakistan hökuməti ilə döyüşür.

Qırğızıstanda araşdırmaçı jurnalistlərə həbs cəzası kəsildi

Azamat İşenbekov, Maxabat Tacibek-kızı və Ayke Beyşekeyeva
Azamat İşenbekov, Maxabat Tacibek-kızı və Ayke Beyşekeyeva

Bişkekdə məhkəmə "Temirov Live" antikorrupsiya araşdırma qrupunun işi üzrə hökm çıxarıb, iki jurnalistə həbs cəzası kəsilib. Tərəfdarları və media qurumları onlara ittihamları siyasi motivli sayır.

Layihənin rəhbəri Maxabat Tacibek-kızı 6 il, Azamat İşenbekov isə 5 il həbsə məhkum ediliblər. Hər ikisi mütəşəkkil cinayətkar qrup yaratmaqda, kütləvi iğtişaşlara çağırmaqda təqsirli biliniblər.

Aktilek KaparovAyke Beyşekeyevaya isə eyni ittihamlarla 3 illik şərti cəza kəsilib. Yeddi nəfərə bəraət verilib.

11 jurnalistin məhkəməsi iyunun 7-də başlanıb.

Bir neçə həftə öncə prokurorlar onların hər birinə 6 il həbs cəzası tələb etmişdilər.

"Temirov Live" layihəsinin indiki və keçmiş jurnalistləri 2024-cü il yanvarın 16-da saxlanılıblar. Polis onların evlərində və ofislərində axtarış aparmışdı.

Layihəni həm də Rusiya vətəndaşlığı olan araşdırmaçı jurnalist Bolot Temirov təsis edib. O, 2022-ci ildə şübhəli ittihamlarla Qırğızıstandan çıxarılıb. Temirov ABŞ Dövlət Departamentinin antikorrupsiya fəalı kimi tanıdığı 12 nəfərdən biri idi.

Bu, Qırğızıstan 1991-ci ildə müstəqillik əldə edəndən bəri jurnalistlərə və media işçilərinə qarşı ilk kütləvi məhkəmə prosesi idi.

Son dövrlər ölkədə azad media və vətəndaş cəmiyyətinə təzyiqlər artıb.

Rusiyalıların 47 faizi müharibənin xeyrindən çox ziyanından danışır

V.Putin
V.Putin

Rusiya vətəndaşlarının təxminən yarısı (47 faiz) hesab edir ki, Rusiya qoşunlarının Ukraynaya girməsi xeyirdən çox ziyan gətirib. Bunun Ukraynada tammiqyaslı müharibə başlayandan ən böyük göstərici olduğu bildirilir

"Levada" mərkəzinin sentyabrda keçirdiyi sosioloji sorğunun nəticələri açıqlanıb.

Eyni zamanda, bir il ərzində Putinin "xüsusi hərbi əməliyyat" adlandırdığı müharibənin faydasına inananların sayı 38-dən 28 faizə düşüb.

Hərbi əməliyyatların uğurlu getdiyini düşünən rusiyalıları sayı da azalmaqdadır. Fevralda onların sayı 70 faiz idisə, indi 10 faiz azalıb. (60 faiz)

Sentyabrda respondentlərin 54 faizi sülh danışıqlarının aparılmasına tərəfdar çıxıblar.

Bununla belə, Rusiya silahlı qüvvələrinin Ukraynadakı hərəkətlərinə dəstək səviyyəsi davamlı yüksək olaraq qalır – 76 faiz.

Yuri Levadanın qeyri-hökumət analitik mərkəzi (Levada) 2016-cı ildə Rusiya hakimiyyəti tərəfindən "xarici agent" elan edilib. Bu qurum mütəmadi olaraq sosioloji və marketinq araşdırmaları aparır. Təşkilat "xarici agent" təsnifatını qəbul etmir.

İyulda Rusiyanın nüvə doktrinasına dəyişikliklər elan ediləndə "Levada" sorğu nəticələrini açıqlamışdı. Respondentlərin üçdə birindən çoxu Ukraynaya nüvə zərbəsinə dəstəyini bildirib. Onların 10 faizi belə bir zərbəni "qətiyyətlə" dəstəklədiyini bildirib, 24 faizi onu "məqsədəuyğun" sayıb. Rəyi soruşulanların 52 faizi isə nüvə silahından istifadəyə qarşı çıxıb.

Xatırlatma

2022-ci ilin fevralında Rusiya Ukrayna ərazisinə təcavüz edib. Bundan sonra Qərb ölkələri Rusiyaya qarşı sanksiyaları genişləndiriblər. (Sanksiyalar 2014-cü ildə Rusiyanin Ukraynanın Krım bölgəsini ilhaq edəndən sonra başlamışdı). Azərbaycan sanksiyalara qoşulmur.

Avropa Parlamentində Orban ilə höcətləşmə

V.Orban Avropa Parlamentində
V.Orban Avropa Parlamentində

Oktyabrın 9-da Avropa Parlamentində Macarıstanın baş naziri Viktor Orban ilə avropalı deputatlar arasında qalmaqal yaşanıb. V.Orban bloku dəyişməyə çağırıb. Aİ rəsmiləri isə Budapeşti Rusiyaya dost münasibətinə, demokratiyanın geriləməsinə görə tənqid ediblər.

Orban Rusiya prezidenti Vladimir Putinin yaxın müttəfiqidir. Onun Avropa İttifaqı (Aİ) ilə münasibətləri aylardır mübahisəli durumdadır, Ukraynaya ayrılan yardım, miqrasiya, blokun vəsaitlərindən sui-istifadə iddiaları, ölkədə qanunların pozulması ilə bağlı çəkişmələr gedir.

Avropalı parlamentarilər Macarıstan baş nazirinin çıxışını dəfələrlə qışqırıqla, oxumaqla kəsiblər. Orban isə çıxışında miqrasiya böhranına dair sərt mövqeyini səsləndirib, Avropa İttifaqının dəyişməli olduğunu vurğulayıb.

Avropa Komissiyasının prezidentinin danlağı

Orbandan sonra tribunaya Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen çıxıb. O, Macarıstan hökumətini "problemlərini sadəcə qonşunun hasarının üstünə atmaqda" ittiham edib. Budapeşt bir müddət öncə azı min qeyri-leqal miqrant daşıyanları, insan alverçilərini həbsdən buraxıb.

O, həmçinin Macarıstanı Rusiya vətəndaşlarına digər ölkələrlə müqayisədə hərtərəfli araşdırma aparmadan viza verdiyinə görə tənqid edib. Ursula Fon der Lyayen işğalçı Rusiya qüvvələri ilə savaşan Ukraynaya yardımın qarşısını aldığına görə danlayıb.

"Ukrayna və Avropa üçün ədalətli sülhə nail olmağın bircə yolu var, Ukraynanın müqavimətinə siyasi, maliyyə və hərbi dəstək verməliyik", – o deyib.

Yaşıllar/Azad Avropa Alyansının lideri Terri Reyntke isə Orbanla daha sərt danışıb. "Sənin burada yerin yoxdur", – ona müraciətlə deyib.

Ukraynaya yardımla bağlı mövqeyi

Bir gün öncə Orban Strasburqda mətbuat konfransında deyib ki, Aİ-nin Ukraynaya kütləvi yardım göndərmək strategiyası işləmir.

"Cəbhədə qalib gələ bilmirsənsə, kommunikasiya yaratmalı, danışıq aparmalı, atəşkəs əldə etməlisən", – o söyləyib.

Macarıstan hazırda Aİ-də altı aylıq rotasiyalı prezidentliyi icra edir.

Orbanın populist hökuməti Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya qarşı tammiqyaslı işğalına baxmayaraq, Moskva ilə əlaqələrini saxlayıb.

Orbanın həm Kiyevə yardıma qarşı çıxması, həm də getdikcə avtoritarlaşan idarəçiliyi, Çinlə əlaqələri Aİ-ni qəzəbləndirir.

İsrail İranın hücumuna 'ölümcül, dəqiq və gözlənilməz' cavab verəcəyini deyir

Co Bayden və Benyamin Netanyahu
Co Bayden və Benyamin Netanyahu

ABŞ prezidenti Co Bayden (Joe Biden) oktyabrın 9-da İsrailin baş naziri Benyamin Netanyahu ilə telefonla danışıb. O, İsrail-Livan sərhədinin hər iki tərəfində livanlı və israilli sakinlərin evlərinə qayıtması üçün diplomatiyanın vacibliyini vurğulayıb. Məlumatı Ağ ev yayıb.

Bayden həmçinin İranın oktyabrın 1-də İsrailə ballistik raket hücumunu pisləyib.

ABŞ prezidenti İsrailin öz vətəndaşlarını "Hizbullah" silahlı qruplaşmasından qorumaq hüququ olduğunu təsdiqləyib, "Hizbullah"ın son bir ildə İsrailə minlərlə raket və mərmi atdığını bildirib. Bayden həmçinin özəlliklə Beyrut ətrafında sıx məskunlaşmış ərazilərdə dinc sakinlərə zərəri minimuma endirməyin vacibliyindən danışıb.

Bayden bundan öncə Netanyahu ilə İsrailin İranın ötənhəftəki raket hücumuna cavab vermək planlarını müzakirə edib. Ağ evin bəyanatına görə, tərəflər növbəti günlər ərzində həm birbaşa, həm də milli təhlükəsizlik komandaları səviyyəsində sıx əlaqə saxlamağa razılaşıblar.

İsrailin müdafiə naziri Yoav Qallant ölkə mediasında yayılan videoda bildirib ki, İsrailin reaksiyası "ölümcül, dəqiq və hər şeydən öncə qəfil olacaq".

Bayden ötən həftə deyirdi ki, İsrailin İranın nüvə obyektlərini vurmasını dəstəkləmir. Onun sözlərinə görə, İsrailin yerində olsaydı, İranın neft yataqlarını vurmağın alternativləri barədə düşünərdi.

9 oktyabr

Nəsrullahın varisinin öldürüldüyü ehtimal edilir

"Hizbullah" oktyabrın 9-da bildirib ki, döyüşçüləri Livanın sərhəd Labune kəndində İsrail qoşunlarına qarşı artilleriya və raketlərə əl atıblar.

Qruplaşma başqa bir bəyanatında qeyd edir ki, cənub-şərqi Livanda Blida sərhəd şəhərinə girməyə çalışan İsrail qüvvələri ilə döyüşə giriblər.

İsrail həmçinin Nəsrullahın varisinin məhv edildiyinin ehtimal olunduğunu bildirib. Netanyahu bu məlumatı ""Hizbulah"ın gücünü azaltmışıq" sözləri ilə reaksiya verib.

Nəsrullahın xalası oğlu Haşim Səfiəddinin qruplaşmanın lideri elan olunacağı gözlənilirdi. İsrailin oktyabrın 2-də "Hizbullah" liderlərinin toplantısına zərbə endirdiyini bildirməsindən sonra onun harada olduğu bəlli deyildi.

"Hizbullah" Səfiəddinin taleyi barədə şərh verməyib. Onu Birləşmiş Ştatlar qlobal terrorçu elan etmişdi.

Harris İranı ABŞ-nin ən böyük düşməni sayır

ABŞ-nin vitse-prezidenti Kamala Harris CBSTV-nin "60 Minutes" proqramına müsahibəsində İranı ölkəsinin ən böyük düşməni saydığını deyib.

"İranın əllərində amerikalıların qanı var. İsrailə yalnız bu hücumda gördüyümüz 200 ballistik raketdir. Biz İranın heç vaxt nüvə dövləti olmasına imkan verməməliyik – bu, mənim ən böyük prioritetlərimdən biridir", – o deyib.

İranın nüvə silahı hazırlamasına dəlil üzə çıxarsa, Birləşmiş Ştatlar hərbi tədbirə əl ata bilərmi? 5 noyabr seçkisində demokratların prezidentliyə namizədi Harris bu suala cavab verməyib.

Tehran belə silahlar hazırlamadığını, nüvə proqramının dinc məqsədli olduğunu deyir.

Bu arada "Hizbullah" İsraillə atəşkəs üzrə danışıqlara tərəfdar olduğunu bildirib. Qruplaşma liderinin müavini Naim Qasım televiziya ilə çıxışında ilk dəfə Qəzzada müharibənin bitməsini Livanda İsraillə atəşkəs üçün ilkin şərt kimi səsləndirməyib.

Qasım deyib ki, "Hizbullah"ın müttəfiqi, Livan parlamentinin spikeri Nabih Berri atəşkəs səylərini dəstəkləyir.

Türkmənistan banka borcu olanların pasportlarını alır

Türkiyənin İstanbul şəhərində türkmən miqrantlar bankomatın qarşısında növbəyə dayanıblar.
Türkiyənin İstanbul şəhərində türkmən miqrantlar bankomatın qarşısında növbəyə dayanıblar.

Vətəndaşlarını sərt nəzarət altında saxlayan avtoritar Türkmənistan hakimiyyəti ölkədən çıxmaq istəyən, ancaq banka iri məbləğdə borcu olanların pasportlarını müsadirə edir. Bu isə ailələrini dolandırmaq üçün xaricə gedən miqrant işçilərə böyük zərbə sayılır.

AzadlıqRadiosunun türkmən xidməti yazır ki, Rusiya və Türkiyəyə işləməyə gedənlər aeroporta gələn kimi onların pasportları alınır.

Səyahətçilərin sözlərinə görə, miqrasiya rəsmiləri onlara deyiblər ki, kreditlərini ödəyən kimi sənədləri qaytarılacaq. Söhbət 5700 – 8500 dollar civarında bank borclarından gedir.

AzadlıqRadiosu rəsmilərdən bu məsələyə şərh ala bilməyib.

Bu addım həm də Türkmənistanda səyahət qadağalarının genişləndiyini göstərir. Bir çox miqrant işçilər məhz bankdan kredit götürərək ölkəni tərk edirlər ki, xaricdə daha çox pul qazanaraq ailələrinə də göndərsinlər.

2023-cü ilin avqustundan bəri xaricə getmək istəyənlərdən hökumətdə işləyən qohumundan zəmanət məktubu istənilir. Qohum təsdiqləməlidir ki, onlar qayıdacaqlar, borcları yoxdur.

İsrail bildirir ki, Nəsrullahın xələfi də 'ehtimalən' öldürülüb

İsrailin endirdiyi zərbədən sonra Beyrutun cənubunda tüstü qalxır.
İsrailin endirdiyi zərbədən sonra Beyrutun cənubunda tüstü qalxır.

İsrail iddia edir ki, Hizbullahın öldürülmüş lideri Həsən Nəsrullahın xələfi də “ehtimalən” məhv edilib.

İsrailin müdafiə naziri Yoav Qallant oktyabrın 8-də deyib ki, İranın dəstəyi ilə Livanın cənubuna nəzarət edən “təşkilat hazırda başsızdır”:

"Nəsrullah məhv edilib. Onu əvəz edən şəxs də ehtimalən məhv edilib. Hazırda orda nə qərar qəbul edən kimsə var, nə də hərəkət”.

İsrail Beyrutda 'Hizbullah'ın silah təchizatına məsul şəxsin öldürüldüyünü bildirir

Bundan əvvəl İsrailin Müdafiə Ordusu Beyruta aviazərbələr nəticəsində "Hizbullah" qruplaşmasına İrandan silah təchizatına məsul Süheyl Hüseyninin öldürüldüyünü bildirmişdi.

"The Times of Israel" orduya istinadla yazır ki, Hüseyni həm silah daşınması, həm də onun "Hizbullah"ın bölmələri arasında bölüşdürülməsinə nəzarət edirdi. O, həmçinin "Hizbullah"ın vacib layihələrinin büdcəsinin tərtibi və maddi-texniki təchizatına cavabdeh idi. Buraya İsrailə qarşı əməliyyatları da əhatələyən "ən həssas layihələr" də daxildir.

Hüseyni "Hizbullah"ın ali hərbi orqanı olan Cihad Şurasının da üzvü idi.

"Hizbullah", hələlik, məlumatı təsdiqləməyib.

İsrail Livanın cənubunda quru əməliyyatına başlayandan "Hizbullah" qruplaşmasının 450 üzvü, o cümlədən lideri Həsən Nəsrullah və müxtəlif səviyyəli 30 komandiri öldürülüb.

ABŞ İrana bağlı "Hizbullah" qruplaşmasını terrorçu hesab edir. Aİ isə onun yalnız hərbi qanadını qara siyahıya salıb.

HƏMAS-ın ötən il İsrailə hücumundan bir gün sonra "Hizbullah" İsrailə raket atıb. O vaxtdan bəri sərhəddə gündəlik atışmalar baş verir. Hər iki tərəfdən sərhəd rayonlardan on minlərlə sakin evakuasiya olunub.

Vaşinqtonda isə prezident Co Bayden (Joe Biden) və vitse-prezident Kamala Harris HƏMAS-ın hücumunun ildönümündə qruplaşmanı pisləyib, ABŞ administrasiyasının Qəzza və Livanda döyüşlərə son qoymaq üçün atəşkəs əldə olunmasına sadiqliyini bildiriblər.

HƏMAS ötən il oktyabrın 7-də İsrailə hücum edərək 1200 nəfəri qətlə yetirib, 250 nəfəri girov götürüb.

Həmin hücumdan sonra İsrailin Qəzzada başlatdığı əməliyyatlarda 42 minə yaxın fələstinli öldürülüb. Qəzza əhalisinin 90 faizi məcburi köçkünə çevrilib, böyük ərazilər İsrailin bombardmanı nəticəsində dağılıb.

Hizbullah ABŞ və Avropa İttifaqında terrorçu təşkilat hesab olunur.

Putin bu həftə İran prezidenti ilə görüşəcək

Vladimir Putin
Vladimir Putin

Rusiya prezidenti Vladimir Putin bu həftə iranlı həmkarı Məsud Pezeşkian ilə görüşməyi planlaşdırılır. Bu arada Yaxın Şərqdə böhranın nəzarətdən çıxa biləcəyi sarıdan narahatlıq qalmaqdadır.

Rusiyanın rəsmi xəbər agentlikləri oktyabrın 7-də prezidentin köməkçisi Yuri Uşakova istinadla yazıblar ki, iki lider oktyabrın 11-də Türkmənistanın paytaxtı Aşqabadda bir araya gələcəklər.

Uşakov əlavə edib ki, Putin Pezeşkian ilə oktyabrın 22-24-də Rusiyanın Kazan şəhərində keçiriləcək BRICS sammitində də danışıqlar aparmağı planlaşdırır.

Bu görüşlərin elanı Yaxın Şərq böhranı fonunda iki ölkənin əməkdaşlığının davam etdiyini göstərir.

Putin Netanyahu ilə görüşməyi planlaşdırmır

Uşakov görüşlərlə bağlı detallı danışmayıb. Amma əlavə edib ki, Putin regiondakı eskalasiya ilə bağlı İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşməyi planlaşdırmır.

Netanyahu ilə görüşün planlaşdırılmaması Rusiyanın hazırda diplomatik baxımdan BRICS çərçivəsində tərəfdaşlıqlara fokuslandığını göstərir, nəinki birbaşa İsrail-Fələstin münaqişəsinə. Bu qurumun üzvləri Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, eləcə də Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirlikləridir.

Azərbaycan da BRICS-ə üzvlük üçün rəsmi müraciət edib.

İsrail oktyabrın 7-də HƏMAS-ın hücumunun bir ilini yad edib. Həmin hücum zamanı azı 1200 nəfər öldürülüb, 250 nəfər girov götürülüb. İsrail ordusu bu arada Beyruta kütləvi hava zərbələrini və Livanın cənubunda quru əməliyyatlarını davam etdirib, məqsədin İrana bağlı "Hizbullah" silahlı qruplaşmasını dağıtmaq olduğunu deyir.

HƏMAS-ı həm ABŞ, həm də Avropa İttifaqı terrorçu təşkilat hesab edir.

"Hizbullah" isə ABŞ tərəfindən terrorçu kimi tanınır. Aİ onun yalnız silahlı qanadını qara siyahıya salıb. "Hizbullah"ın siyasi partiyası Livan parlamentində təmsil olunur.

İsrail Livanın cənubunda "Hizbullah"a qarşı ikinci cəbhə açdığı vaxt Qəzzada da münaqişə davam edir.

İsrail Livana zərbələri gücləndirir. Xamenei moizə edəcək

Rəfiq Həriri Beynəlxalq Hava Limanı yaxınlığında İsrailin zərbəsindən sonra Beyrutun cənubu üzərində tüstü qalxır.
Rəfiq Həriri Beynəlxalq Hava Limanı yaxınlığında İsrailin zərbəsindən sonra Beyrutun cənubu üzərində tüstü qalxır.

Oktyabrın 4-də İranın ali dini lideri Əli Xamenei ictimaiyyət qarşısına çıxacaq. Bu arada İsrail Livana zərbələri gücləndirib, Yaxın Şərqdə münaqişənin genişlənməsi narahatlığı var.

Xamenei Tehranın mərkəzindəki İmam Xomeyni məscidində cümə moizəsini aparacaq. Onun İranın münaqişədə növbəti addımları ilə bağlı ipucu verəcəyi gözlənilir.

Təxminən beş ildir ki, Xamenei moizə aparmır. O, sonuncu dəfə 2020-ci ilin yanvarında cümə moizəsinə başçılıq edib. Bu, İslam İnqilab Keşikçiləri Korpusunun komandiri Qasım Süleymaninin ABŞ-nin Bağdada zərbəsi nəticəsində ölümündən sonra baş vermişdi.

Bugünkü moizədən öncə "Hizbullah" qruplaşmasının ötən həftə qətlə yetirilmiş lideri Həsən Nəsrullah üçün dini mərasim keçiriləcək.

Beyrutda kütləvi partlayışlar

Oktyabrın 3-də axşam Beyrutun ətrafında İsrailin havadan zərbələri nəticəsində çoxsaylı partlayışlar eşidilib. Birləşmiş Ştatlar isə bildirib ki, Tehranın həftənin əvvəlində İsrailə raket hücumuna cavab olaraq İranın neft obyektlərinə zərbələri müzakirə edir.

Livanın paytaxtı ətrafında gecə səmaya qalxan nəhəng tüstü dalğaları görünüb. Bundan bir neçə saat öncə İsrail ordusu şəhərin bəzi yerlərində yaşayanlara evakuasiya əmri verib.

Livanın rəsmi Milli Xəbər Agentliyi azı 10 ardıcıl zərbə endirildiyini yazıb, bunu "İsrail Livana qarşı müharibəyə başlayandan Beyrutun cənub ətrafına ən güclü reydlərdən biri" adlandırıb.

İsrail ordusu zərbələrin hədəfi barədə şərh verməyib. Ancaq bəzi media orqanları və təhlilçilərin təxmininə görə, onların məkanı, ölçüsü və miqyası hədəfin Haşim Səfiəddin ola biləcəyini göstərir. O, "Hizbullah" qruplaşmasının liderlərindən sayılır.

Livanın cənubuna nəzarət edən "Hizbullah" həm silahlı qruplaşma, həm də siyasi partiyadır. ABŞ onu terrorçu hesab edir, Avropa İttifaqı isə yalnız hərbi qanadını qara siyahıya salıb.

Qruplaşmanın öncəki lideri Həsən Nəsrullah ötən həftə İsrailin raket zərbəsi ilə öldürülüb.

Co Bayden
Co Bayden

Baydenin cavabı

İsrail həftənin əvvəlində Livanda quru əməliyyatına başlayıb. Bundan sonra Tehran İsrailə kütləvi ballistik raket zərbəsi endirib. İsrail və onun əsas müttəfiqi Birləşmiş Ştatlar əks-tədbirlərlə bağlı xəbərdarlıq ediblər.

ABŞ Prezidenti Co Bayden (Joe Biden) oktyabrın 3-də Vaşinqtonda jurnalistlərin "Ağ ev İranın neft obyektlərinə zərbələri dəstəkləyirmi" sualına cavabında deyib: "Bunu müzakirə edirik".

"Bu gün heç nə baş verməyəcək", – Bayden sözlərinə əlavə edib. O, bir gün öncə demişdi ki, İsrailin İranın nüvə obyektlərinə zərbəsini dəstəkləmir.

İran ordusu isə xəbərdarlıq edib ki, İsrail 1 oktyabr raket zərbəsinə cavab verərsə, o, daha geniş zərbələr endirəcək.

Bir gün öncə baş verənlər

Oktyabrın 3-də isə İsrail Beyrutun mərkəzində yaşayış binasını vurub, 9 nəfər həlak olub. İsrail bu zərbənin dəqiq əməliyyat olduğunu bildirsə də, təhlükəsizlik mənbəyi hədəfin Livan parlamenti yaxınlığındakı yaşayış binası olduğunu deyib.

"Hizbullah"a bağlı mülki müdafiə qrupu Beyruta hücumda ikisi tibb işçisi olmaqla, 7 üzvünün öldürüldüyünü açıqlayıb.

İsrail ordusu Livanın cənubunda azı 20 şəhərin də dərhal boşaldılmasını əmr edib. Bu, İsrailin "Hizbullah"a qarşı əməliyyatının genişləndiriləcəyini göstərir.

İsrail Livanın cənubuna müdaxilə zamanı 8 əsgərinin həlak olduğunu açıqlayıb.

İranın Xarici İşlər Nazirliyi oktyabrın 3-də Almaniya və Avstriyanın səfirlərini çağırıb. Onların hökumətləri Tehranı İsrailə raket hücumuna görə tənqid etmişdi. Məlumatı İranın rəsmi IRNA xəbər agentliyi yayıb.

Qeyd edilir ki, bu addım Almaniya və Avstriyanın 1 oktyabr hücumu ilə bağlı "qəbuledilməz" tədbirlərinə cavab olaraq atılıb.

Rusiya dost ölkələrə 1.5 trilyon kredit ayıracaq 

Rubl
Rubl

Yaxın üç il ərzində Rusiya hakimiyyəti "dost" dediyi ölkələrə azı 1.5 trilyon rubl (15.68 milyard ABŞ dolları) həcmində kredit ayırmağı planlaşdırır. Bunu 2025-2027-ci illərin büdcə layihəsinə əsasən demək olar.

Bu xərclər hökumətlərarası razılaşmalar çərçivəsində öhdəliklərin icrasının vacibliyi, Rusiya məhsullarının rəqabətqabiliyyətli olduğu sahələrdə ixraca maliyyə dəstəyinin göstərilməsi ilə izah olunur.

Bundan öncə prezident Vladimir Putin bir neçə ölkəyə icazə verib ki, dövlətlərarası kreditlərlə ayrılmış 600 milyon dolları qaytarmasınlar.

Rusiya hakimiyyəti borclular, onların borcunun məbləğini açıqlamır. Dünya Bankının məlumatına görə, 2022-ci ildə xarici dövlətlərin Rusiyaya borcunun ümumi məbləği 28.9 milyard dollar olub. Borcluların içində birinci yerdə Belarusdur – 8.2 milyard dollar. Sonrakı yerlərdə Banqladeş (5.9 milyard dollar), Hindistan (3.8 milyard dollar), Misir (1.8 milyard dollar) və Vyetnam (1.4 milyard dollar) gəlir.

Moskva "dost ölkələr" deyəndə Qərbin Rusiyaya sanksiya siyasətini dəstəkləməyən, Rusiyanın təcavüzkar müharibəsinə qarşı Ukraynaya kömək etməyən dövlətləri nəzərdə tutur.

Gürcüstan prezidenti LGBT hüquqlarını məhdudlaşdıran qanunları imzalamayıb 

Tbilisidə "Ləyaqət yürüşü"
Tbilisidə "Ləyaqət yürüşü"

Gürcüstanın prezidenti Salome Zurabişvili LGBT hüquqlarını məhdudlaşdıran qanun layihələrini nəzərdə tutulan müddət ərzində imzalamayıb, ancaq onlara veto da qoymayıb. Konstitusiyaya görə, bu halda qanunlar ölkə parlamenti spikerinin beş gün ərzində imzalamasından sonra qüvvəyə minir.

S.Zurabişvilinin qanun layihələrinə veto qoyacağı gözlənirdi. Ancaq hakim "Gürcü arzusu" partiyasının parlamentdəki mandat sayı ona vetonu aşmaq imkanı verir.

"Ailə dəyərləri və azyaşlıların müdafiəsi" adlı sənədlər paketinə sentyabrın ortasında 84 deputat səs verib, onun əleyhinə çıxan olmayıb. Müxalifət bu parlamentin işini boykot edir, onun iclaslarına qatılmır.

Qanun layihələrinə görə, Gürcüstanda LGBT fərdlərin nikaha girməsi, övladlığa uşaq götürməsi qadağan olunacaq. Həmçinin transgender dəyişikliyi çərçivəsində əməliyyatların aparılması, sənədlərdə gender işarəsinin dəyişdirilməsi, o cümlədən məktəblərdə və mediada LGBT+ barədə danışmaq yasaqlanacaq.

Bundan əlavə, deputatlar son illərdə homofobların hücumuna məruz qalan "Ləyaqət yürüşləri" və festivallar da daxil olmaqla "qəribə mövzulu" toplantıları qadağan ediblər.

Gürcüstanın üzvlüyə namizəd olduğu Avropa İttifaqı (Aİ) qanun layihələrini sərt tənqid edib. Blokun xarici siyasət rəhbəri Jozep Borrel deyib ki, bu qanunvericilik "ölkəni Aİ-yə gedən yoldan daha da sapdırır".

Almaniya kanslerinin Putinlə telefonla danışacağı xəbərləri yayılıb 

Vladimir Putin Kremldə Olaf Şoltsla görüşür. 15 fevral 2022
Vladimir Putin Kremldə Olaf Şoltsla görüşür. 15 fevral 2022

Almaniyada kansler Olaf Şoltsun Rusiya prezidenti Vladimir Putinlə telefonla danışmaq planları barədə xəbərlər yayılıb. Belə bir söhbət baş tutarsa, Şolts 2022-ci ildən bəri Ukraynanın müttəfiqlərindən Putinlə birbaşa danışacaq ilk lider olacaq.

Moskva 2022-ci ilin fevralında Ukraynaya qarşı tammiqyaslı işğala başlayıb.

Şoltsla Putinin planlaşdırılan telefon danışığı barədə ilk dəfə oktyabrın 1-də hökumət dairələrinə istinadla "Die Zeit" nəşri yazıb. Nəşrin yazdığına görə, danışıq noyabrda Böyük İyirmilik (G20) ölkələrinin Braziliya görüşü öncəsi baş tutmalıdır. Ancaq qeyd edilir ki, Berlin danışıqla bağlı Kremlə rəsmi müraciət etməyib.

Daha sonra "Süddeutsche Zeitung" kanslerin administrasiyasına istinadla yazıb ki, hələlik, mümkün telefon söhbəti barədə konkret planlar, vaxt müzakirə edilməyib.

O.Şolts əvvəl demişdi ki, Ukraynadakı müharibə ilə əlaqədar mümkün atəşkəslə bağlı danışıqlar yalnız Putinin iştirakı ilə aparılacaq. Bəzi məlumatlara görə, kansler bu məsələ üzrə sentyabrda Ukrayna prezidenti Volodimir Zelenski ilə onun Ramşteyndəki ABŞ aviabazasına səfəri zamanı müzakirə aparıb.

Şolts bir neçə dəfə deyib ki, Putinlə telefon söhbətləri "Rusiya prezidentini reallıqla üzləşdirmək" üçün nadir fürsətdir.

Sonuncu dəfə kansler Rusiya prezidenti ilə 2022-ci il dekabrın 2-də danışıb. O zaman iki liderin mövqelərində yaxınlaşma baş vermədiyi deyilirdi.

Gürcüstanda 'xarici agent' reyestrinə salınan QHT-lər var 

Nümayişçilər Tbilisi küçələrinə çıxaraq "xarici agentlər" qanununa etiraz edirlər.
Nümayişçilər Tbilisi küçələrinə çıxaraq "xarici agentlər" qanununa etiraz edirlər.

Gürcüstanda doqquz QHT "xarici agent" reyestrinə salınıb. Ölkədə etirazla qarşılanmış, xarici təsirlə bağlı bu qanun iki ay öncə qüvvəyə minib.

QHT-lər siyahıya oktyabrın 1-də salınıb. Onların sırasında Gürcüstanda Ukraynalı Gənclər Təşkilatları, Gürcüstan Fermerləri və Kənd Təsərrüfatı İşçilərinin Peşəkar Birliyi, Xristianlar Birliyi, Yəhudi Mədəniyyət və Təhsil Fondu, Qızlar- Dünya Liderləri kimi qurumlar var.

Təşkilatların adları və maliyyə hesabatları reyestrin rəsmi vebsaytında dərc edilib.

Qanuna görə, 2023-cü ildə maliyyəsinin azı 20 faizini xarici mənbələrdən alan media orqanları və QHT-lər "xarici qüvvənin maraqlarına uyğun" işləyən qurumlar kimi qeydiyyatdan keçməlidirlər. Ötən il Gürcüstanda media və qeyri-kommersiya təşkilatlarının əksəriyyəti maliyyəsinin bu hissəsini xaricdən əldə edib.

Qeydiyyat prosesi Tbilisidə yerləşən Ədliyyə Evi vasitəsilə tamamlanmalıdır.

Ədliyyə Nazirliyinə təşkilatların qanuna necə əməl etməsini monitorinq etməsi və araşdırması üçün geniş səlahiyyətlər verilib. Quruma şəxsi data kimi həssas informasiyaya belə çıxış səlahiyyəti belə verilib.

Bir çox təşkilatlar və media orqanları qanuna qarşı çıxdıqlarını elan ediblər, bəziləri ona əməl etməyəcəklərini açıq bildiriblər. Ancaq qanuna əməl etməmək, qeydiyyata düşməmək ağır cərimələr ilə cəzalandırıla bilər.

Beynəlxalq reaksiya

Gürcüstanın beynəlxalq tərəfdaşları qanun sarıdan ciddi narahatlıqlarını dilə gətiriblər. Tənqidçilər onu Rusiyadakı ziddiyyətli "xarici agent" qanunvericiliyi ilə müqayisə edirlər. Moskva həmin qanundan narazıları susdurmaq, demokratik institutları zəiflətmək üçün istifadə edir.

Aİ-nin Gürcüstandakı səfiri Panel Herçinski xəbərdarlıq edib ki, bu qanun Tbilisinin Aİ-yə qoşulması perspektivinə ciddi ziyan vurur. Onun dediyinə görə, nəticədə Gürcüstanın Aİ-yə üzvlük prosesi dayandırılıb. Ölkənin Şengen zonasında vizasız səyahət kimi diplomatik uğuruna da təhdid yaranıb.

Ancaq bütün bunlara baxmayaraq, hakim "Gürcü Arzusu" partiyası davamlı olaraq iddia edir ki, ölkə 2030-cu ildə Aİ üzvlüyü əldə etmək yolunda irəliləyir.

Moskva isə qanunu alqışlayıb. Kremlin sözçüsü Dmitri Peskov, xarici işlər naziri Sergey Lavrov Gürcüstan hökumətinin qanunu qəbul etməsini təqdir ediblər.

Artıq qanunun ləğvi tələbi ilə Gürcüstan Konstitusiya Məhkəməsində beş iddia qaldırılıb. Məhkəmə sentyabrın 1-də üç günlük dinləmələri başa çatdırıb, amma heç bir hökm çıxarılmayıb.

Qanuna cavab olaraq Birləşmiş Ştatlar onun qəbulunda iştirak edən Gürcüstan rəsmilərinə viza qadağaları elan edib, ikitərəfli münasibətləri hərtərəfli nəzərdən keçirməyə başlayıb.

Rusiya Xersonda bazarı vurub, 6 nəfər həlak olub

Xersonun atəşə tutulması (Foto arxiv)
Xersonun atəşə tutulması (Foto arxiv)

Oktyabrın 1-də Rusiya əsgərləri Xersonun mərkəzində bazarı atəşə tutublar. Son məlumatlara görə, 6 nəfər həlak olub. Bu barədə Xerson vilayəti hərbi administrasiyasının başçısı Aleksandr Prokudin məlumat verib.

O, xersonluların səhər saatlarında alış-veriş etdiyi ticarət nöqtələrinin vurulduğunu bildirib. Üç nəfər xəsarət alıb və xəstəxanaya aparılıb.

Oktyabrın 1-nə keçən gecə Rusiya hərbçiləri Ukraynaya 32 "Şahed" zərbə dronuyla hücum edib. Ukrayna Silahlı Qüvvələri onlardan 29-nun vurulduğunu bildirir.

Xerson vilayəti 2022-ci ilin payızında Rusiya işğalından azad olunsa da, mütəmadi atəşə tutulur. Son günlər açılan atəş və raket zərbələrindən 17 nəfərin yaralandığı xəbər verilir.

Şərqdə vəziyyət "çox, çox ağırdır"

Ukrayna oktyabrın 1-də Müdafiəçilər Gününü qeyd edir. Yerli vaxtla səhər 9-da ölkə boyunca bir dəqiqəlik sükutla Ukraynanın müstəqilliyi uğrunda həyatını qurban verənlər yad olunublar.

Bu gün 2014-cü ildə, Rusiya Ukraynanın Krım vilayətini, Donetsk və Luqansk vilayətlərinin bəzi hissələrini qanunsuz işğal edəndən sonra elan olunub. Daha öncə fevralın 23-də sovet vaxtı təsis olunmuş Vətənin Müdafiəçisi günü qeyd edilirdi.

Sentyabrın 30-da Ukrayna prezidenti Volodimir Zelenski bir daha etiraf edib ki, ordu ölkənin şərqində "çox, çox ağır" vəziyyətlə üzləşib. Rusiya qüvvələri aylardır Donetsk vilayətinin Pokrovsk logistika habını ələ keçirməyə çalışırlar.

Rusiyanın Müdafiə Nazirliyi isə oktyabrın 1-də sərhədyanı Belqorod vilayətində Ukraynanın səkkiz dronunun vurulduğunu açıqlayıb.

Mişustin İrana gedir

Mixail Mişustin
Mixail Mişustin

Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda Kreml elan dib ki, baş nazir Mixail Mişustin sentyabrın 30-da Tehrana səfər edəcək və İran prezidenti Məsud Pezeşkian ilə görüşəcək.

Moskva İsrailin Livanda İranın dəstəklədiyi Hizbullah yaraqlılarına hücumlarını pisləyib. Qərb hökumətləri isə Tehranı Rusiyanı Ukraynada apardığı müharibədə silahlar, xüsusilə ölümcül dronlarla təchiz etməkdə suçlayır.

Baş nazir postunu tutmasına baxmayaraq, Mişustinin Rusiyada baş nazir kimi hakimiyyəti zəifdir, ölkə əsasən prezident Vladimir Putin tərəfindən idarə olunur. Ancaq onun səfərinə Yaxın Şərqdə artan gərginlik fonunda İrana dəstəyin nümayişi kimi baxılır.

Kreml onu da bildirib ki, Mişustin oktyabrın 1-də Yerevanda Avrasiya İqtisadi Forumunun iclasında iştirak edəcək. Bu qrupa Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiya daxildir.

Forumda Avrasiya İqtisadi İttifaqının on illik fəaliyyətinin yekunlarına, inkişaf perspektivlərinə həsr olunacağı bildirilir.

İsrail qüvvələri Hizbullah lideri Həsən Nəsrullahın öldürüldüyünü bildirir

Həsən Nəsrullah
Həsən Nəsrullah

İsrail qüvvələri Hizbullah silahlı qruplaşmasının lideri Həsən Nəsrullahı sentyabrın 27-də Beyruta zərbələr nəticəsində qətlə yetirib. Bunu ordunun ərəbcə danışan sözçüsü sentyabrın 28-də deyib.

Hizbullahın bir neçə komandiri də öldürülüb.

Hizbullah hələlik, Nəsrullahın ölümünü təsdiqləməyib.

Hizbullah Livanın cənubuna nəzarət edən həm silahlı qrup, həm də siyasi partiyadır. Birləşmiş Ştatlar bu qrupu terrorçu təşkilat kimi tanıyıb, amma Avropa İttifaqında onun yalnız silahlı qanadını qara siyahıya salıb.

İsrail ordusu sentyabrın 28-də səhər Beyrutun cənubunda və Livanın şərqində Hizbullah hədəflərinə yeni zərbələr endirdiyini bildirib. Bir gün öncə isə Beyrut kənarı kütləvi bombalanıb, Hizbullah lideri və digər aparıcı fiqurlar hədəfə alınıb.

Ancaq zərbələrdən sonra Nəsrullahın taleyi barədə məlumat yox idi.

Həsən Nəsrullah Livanda Hizbullah qruplaşmasını güclü siyasi və hərbi təşkilata, eləcə də İranın yardımı sayəsində regionda böyük oyunçuya çevirib.

İsrail mediası sentyabrın 28-də səhər Nəsrullahın qızı Zeynəbin öldürüldüyünü yazıb. Hizbullah bu xəbəri təsdiqləməyib.

Nəsrullahın oğlu Hadi 1997-ci ildə İsrail qoşunlarına qarşı döyüşdə öldürülüb.

Naomi Kempbell beş illiyə xeyriyyə işindən kənarlaşdırılıb

İngilis model Naomi Kempbell Bakıda "Formula 1" Azərbaycan Qran Prisində.
İngilis model Naomi Kempbell Bakıda "Formula 1" Azərbaycan Qran Prisində.

Model Naomi Kempbellin (Naomi Campbell) 5 il ərzində xeyriyyə qəyyumu olması yasaqlanıb. Səbəb onun yaratdığı xeyriyyə qurumunda maliyyə pozuntularının aşkarlanmasıdır. Bu haqda "The Guardian" qəzeti yazır.

Böyük Britaniyanın Xeyriyyə Komissiyası aşkar edib ki, Kempbellin "Fashion for Relief" xeyriyyə təşkilatı moda tədbirlərindən yığdığı milyonlarla funt-sterlinqin cüzi hissəsini bu məqsədlə xərcləyib.

Xeyriyyə təşkilatının on minlərlə funt-sterlinqi Kempbell üçün dəbdəbəli otel nömrələrinə, uçuşlara, spa müalicələrinə, şəxsi təhlükəsizlik və siqaretə xərclədiyi aşkarlanıb. Məlumata görə, Kempbellin qurumundan daha bir qəyyuma isə yüz minlərlə funt-sterlinq məbləğində qanunsuz konsultasiya ödənişləri olunub.

2016-cı ildən başlayaraq beş il ərzində "Fashion for Relief" müxtəlif dəb şoularından 4.8 milyon funt-sterlinq vəsait yığıb. Bunun yalnız 389 mini tərəfdaş xeyriyyə təşkilatlarına ödənib.

350 min funt-sterlinq geri alınaraq paylanıb

Komissiyanın təyin etdiyi aralıq menecerləri xeyriyyə qurumundan 350 min funt-sterlinqə qədər vəsaiti geri alaraq "Save the Children", "Mayor's Fund for London" kimi təşkilatlara ödəyə biliblər. Məhz bu təşkilatlar dörd il öncə onlara vəd olunan ödənişləri ala bilməyəndə dövlət orqanlarına şikayət etmişdilər.

Kempbellin qəyyum həmkarı Byanka Hellmiç (Bianka Hellmich) isə 9 il müddətinə bu işdən kənarlaşdırılıb. Ona qanunsuz konsultasiya ödənişi kimi 290 min, bir ildə səyahət xərcləri formasında isə 26 min funt-sterlinq ödəniş olunub.

Hellmiç 2022-ci ilin fevralında komissiyaya həmin məbləği qaytarmağı təklif edib və 2023-cü ilin aprelində məbləğ bütünlükdə ödənib.

"The Guardian" yazır ki, "Fashion for Relief" daha öncə yalnız fandreyzinq xeyriyyə qurumu olduğunu bildirib.

2018-ci ilin mayında Kannda bir tədbirə keçmiş qəyyumun və donorun aparılması üçün uçuş quruma 14 min 800 funt-sterlinqə başa gəlib. Kempbell orada gecəsi 3 min funt-sterlinqə nömrədə qalıb, təhlükəsizlik xərcləri 4 min funt-sterlinqi ötüb.

Qəzet Kempbell və Hellmiçə şərh üçün müraciət etdiyini yazır.

Davamı

XS
SM
MD
LG