Keçid linkləri

2024, 23 Oktyabr, çərşənbə, Bakı vaxtı 12:22

Xəbərlər

Tuneldə boğulan ikinci şəxsin də meyiti çıxarılıb

Bakıda güclü yağış nəticəsində Heydər Əliyev prospektinin Bağırov körpüsü ərazisindəki tuneli su basıb
Bakıda güclü yağış nəticəsində Heydər Əliyev prospektinin Bağırov körpüsü ərazisindəki tuneli su basıb

Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə batmış ikinci şəxs - 1995-ci il təvəllüdlü K.A.-nın meyiti də suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu barədə də Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

+++

Bakının Sabunçu rayonunda tuneldə bir nəfərin suda boğulduğu ilə bağlı məlumatlar rəsmən təsdiqlənib. Orada sel sularının tunelə dolması nəticəsində ümumilikdə iki nəfərin batdığı barədə məlumatlar yayılıb.

FHN mətbuat xidmətindən isə bildirilib ki, Sabunçu rayonunda subasmaya məruz qalmış tuneldə onların əməkdaşları 1976-cı il təvəllüdlü şəxsin meyitini suyun altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

+++

Bakıda yağış fəsadlar törədib. Binəqədi rayonunda bir sıra evləri su basdığı, Biləcəri qəsəbəsinin də bəzi yerlərində fərdi evlərdə kanalizasiyanın daşdığı deyilir.

Oktyabrın 21-dən 22-nə keçən gecə Sabunçu rayonu ərazisində yerləşən tuneli su basıb, bir neçə avtomobil su altında qalıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, nazirliyin müvafiq xilasetmə qüvvələri həmin əraziyə cəlb edilib.

Mərdəkan istiqamətində də tuneli su basıb, avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Eyni hal Abşeron ərazisində də Bağırov körpüsü tərəfdə yaşanıb. Oktyabrın 22-də səhər saat 10 radələrində orada yolun bağlı olduğu, avtomobillərin hərəkətinin dayandırıldığı bildirilir.

FHN-nin Mətbuat xidmətindən əlavə edilib ki, Bakı şəhəri və Abşeron rayonu ərazisində su basmış ərazilərdən 31 nəfər təhlükəsiz əraziyə təxliyə edilib: "Bir sıra ünvanlarda əməliyyat davam etdirilir".

Paytaxtda avtobusların fəaliyyətində də ciddi problem yarandığı deyilir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən ( TƏBİB) isə "Turan"a bildirilib ki, paytaxt Bakıda yağan yağıntılarla əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət qeydə alınmayıb.

Neft Emalı Zavodunda yanğın [Video]

Heydər Əliyev adına Neft Emalı Zavodu
Heydər Əliyev adına Neft Emalı Zavodu

Oktyabrın 22-də Bakıda Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın olub.

"Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb",-Fövqəladə Hallar Nazirliyinin (FHN) açıqlamasında bildirilir.

Yanğın səbəbləri və tələfatla bağlı, hələlik, heç bir məlumat verilmir.

Ötən əsrin 50-ci illərində SSRİ Neft Sənayesi Nazirliyinin əmri ilə inşa edilən bu zavod Azərbaycanın hazırda əsas neft emalı müəssisəsi sayılır. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) tabeliyindədir.

Baş Prokurorluq AMEA-nın fəaliyyətini yoxlayır

Ramiz Mehdiyev AMEA-nın iclasında
Ramiz Mehdiyev AMEA-nın iclasında

Baş Prokurorluğun Mətbuat xidməti bildirir ki, Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) qanun pozuntusu faktları ilə bağlı cinayət işi başlanıb.

Xidmətin məlumatına görə, Hesablama Palatasından daxil olmuş material əsasında AMEA-nın fəaliyyətində aşkar edilmiş qanun pozuntuları ilə bağlı aparılmış araşdırma üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi açılıb: "Qurumun 2020-2023-cü illərə dair fəaliyyəti üzrə təyin olunmuş audit yoxlamaları nəticəsində vəzifəli şəxslər tərəfindən külli miqdarda dövlət vəsaitinin təyinatı üzrə istifadə edilməməsi, habelə digər qanun pozuntularının törədilməsinə əsaslı şübhələr müəyyən edilib".

Cinayət işi Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə açılıb.

AMEA-nın 2019-cu il oktyabrın 23-dən 2022-ci il fevralın 14-nə kimi prezidenti Prezident Administrasiyasının keçmiş (1995-2019) rəhbəri Ramiz Mehdiyev olub. 2022-ci il oktyabrın 25-dən isə həmin posta İsa Həbibbəyli gətirilib.

Hələlik, Baş Prokurorluğun bu açıqlamasına sözügedən şəxslərdən münasibət almaq mümkün olmayıb.

Uzun illər hakimiyyətə yaxınlığı ilə seçilən media orqanlarında R.Mehdiyev ölkədə islahatlara maneə kimi təqdim edilib. Hərçənd onun özü belə dəyərləndirmələri düzgün saymayıb. Üstəlik, bir çox ekspertlər də vurğulayıblar ki, R.Mehdiyev Prezident Administrasiyasının rəhbəri vəzifəsindən kənarlaşdırılsa da, ölkədə hələ də real islahatlar aparılmayıb. Mövcud hakimiyyət rəsmiləri isə, illərdir ki, ölkədə siyasi, iqtisadi və sosial islahatların aparılmasından bəhs edirlər.

Milli Elmlər Akademiyasında nə baş verir?
Gözlə

No media source currently available

0:00 0:07:41 0:00

AXCP üzvü 20 sutka həbs edilib

Tehran Abdullayev
Tehran Abdullayev

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) bildirir ki, Suraxanı rayon şöbələrinin fəalı Tehran Abdullayev saxlanıb.

Partiyadan AzadlıqRadiosuna verilən məlumata görə, o, oktyabrın 15-də saxlanıb.

AXCP-dən onun hansı səbəbdən saxlandığını dəqiqləşdirə bilmədiklərini söyləyirlər: "Biz onun konkret hansı səbəbdən saxlanıldığını bilmirik, amma güman ki, polisə müqavimət ittihamıdır. Onu bilirik ki, Suraxanı rayon Məhkəməsinin qərarı ilə 20 sutka inzibati həbsə məhkum edilib. Həftənin sonuna düşdüyündən vəkil order alıb onunla görüşə bilməyib".

Vəkil həbsdə olan AXCP üzvü ilə görüşüb

Vəkil Nemət Kərimli bu gün, oktyabrın 21-də dörd gün əvvəl inzibati qaydada həbs olunan AXCP üzvü Tehran Abdullayev ilə görüşüb.

N.Kərimli deyir ki, T.Abdullayevin sözlərinə görə, o, polis əməkdaşının şəkilini çəkməsi bəhanəsi ilə həbs olunub: "Tehran dedi ki, oktyabrın 15-də Bakıda tikinti materialları mağazasında alış-veriş edərkən ona polis əməkdaşı yaxınlaşıb və onun şəklini hansı məqsədlə çəkdiyini soruşub. Tehran cavabında heç kimin şəklini çəkmədiyini deməsinə baxmayaraq, onu saxlayaraq Nəsimi rayon 20-ci polis bölməsinə aparıblar".

N.Kərimli vurğulayır ki, orada T.Abdullayev barəsində protokol tərtib ediblər və məhkəməyə göndəriblər: "Məhkəmə barəsində 20 sutka inzibati həbs tədbiri seçib. Lakin Tehran onun hansı inzibati xətada ittiham olunduğunu bilmir".

Vəkil bildirib ki, AXCP üzvünün sözlərinə görə, o, siyasi fəaliyyəti ilə bağlı həbs olunub.

Hələlik, bu deyilənlərə rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Hazırda müxalifətdə olan AXCP-nin 10-a qədər fəalı uzunmüddətli həbsdədir. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların siyasi sifarişlə həbs edildiyini açıqlayıb. Bəzi yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahıya görə, hazırda Azərbaycan həbsxanalarında 300 civarında siyasi məhbus var. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, siyasi məhbus siyahısında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

update

Moldovada Sandu birinci turda liderdir

Moldovada səsvermə
Moldovada səsvermə

Moldovada Aİ referendumunda "hə" deyənlər cüzi fərqlə qalib gəlib. Bülletenlərin 99.68 faizi sayılandan sonra moldovalıların 50.45 faizinin Aİ-yə “hə” dediyi bəlli olub. Amma bu, heç də avropapərəst Maya Sandunun istədiyi nəticə deyil.

Sandu isə prezident seçkisində 42 faizlə rəqiblərindən önə çıxıb, keçmiş baş prokuror Aleksandr Stoyanoqlo 26 faiz səs yığıb.

+++

Artıq bülletenlərin azı 98 faizi sayılıb, Maya Sandu səslərin 41 faizindən, Aleksandr Stoyanoqlo isə 26 faizindən çoxunu qazanıb.

Referendumun nəticələrində fərq getdikcə azalır, sayılan bülletenlərə görə, avrointeqrasiyaya 50.1 faiz "yox", 49.9 faiz "hə" deyib.

+++

Moldovada Avropa İttifaqına (Aİ) potensial üzvlüyə dair referendumunda "yox" cavabı üstünlük təşkil edir. Bu, avropapərəst prezident Maya Sandu və onun Qərb müttəfiqlərinə zərbə sayılır.

Referendum kampaniyasına Rusiyanın müdaxiləsinə dair iddialar var.

Sandu oktyabrın 21-nə keçən gecə bəyanatında deyib ki, səsvermə "kriminal" qrupların "görünməmiş" hücumu şəraitində keçib, onlar demokratik prosesə zərbə vurmaqdan ötrü yüz minlərlə səsi satın almağa çalışıblar.

Oktyabrın 20-də referendumla paralel keçirilən prezident seçkisində Sandu 11 digər namizəddən önə çıxıb. Ancaq o, rusiyapərəst sosialist Aleksandr Stoyanoqlodan az fərqlə öndədir, görünür, ikisi gələn ayın əvvəlində ikinci turda mübarizə aparacaqlar.

Bir çox müşahidəçilər Moldovada qoşa səsverməni ölkənin gələcək istiqamətinin müəyyənləşdirilməsi baxımından kritik sayırdılar. Yəni, ölkə daha çox Avropa və Qərbə yaxınlaşacaq, yaxud Rusiyaya yönlənəcək.

Aİ referendumunda mənfi cavab ölkənin şərq-qərb bölgüsündəki yerinin hələ müəyyənləşdirilmədiyi deməkdir. Kişinaunun Qərb dəstəkçiləri Rusiyanın bu kiçik Avropa ölkəsinə təsirindən narahatdırlar və bu narahatlıq hələ tezliklə aradan qalxana oxşamır.

Bülletenlərin 90 faizi sayılandan sonra referendumda 53.8 faizin "yox" dediyi açıqlanıb. Seçici iştirakçılılığı 50 faizə yaxın olub, bu isə referendumun baş tutması üçün tələb olunan 33 faizlik həddən yuxarıdır.

Tam ilkin nəticələr oktyabrın 21-də yerli vaxtla səhər 10-da açıqlanmalıdır.

Referendumda "yox" cavabı Aİ-yə gələcək üzvlüyü tam istisna etməsə də, Sandu və qərbpərəst müttəfiqlərə ciddi zərbə sayılır.

Sandu isə prezident seçkisində 37, Stoyanoqlo 28 faiz səs yığıb. Moldovanın ikinci böyük şəhəri Beltsının keçmiş populist meri Renato Usatıy 14 faizə yaxın səs yığa bilib.

Seçkinin ikinci turu noyabrın 3-də keçiriləcək.

ABŞ İsrailin İrana hücumu ilə bağlı planın necə sızdığını araşdırır

İran/İsrail/ABŞ
İran/İsrail/ABŞ

ABŞ İsrailin İrana qarşı hazırladığı cavab hücumu ilə bağlı planının əks olunduğu məxfi kəşfiyyat sənədlərinin sızdırılmasını araşdıracaq. Bu barədə ABŞ Nümayəndələr Palatasının sözçüsü oktyabrın 20-də deyib.

15-16 oktyabra aid sənədlər ayın 19-da Teleqram sosial şəbəkəsində dərc edilib.

Sənədlər "tam məxfi" qeydi daşıyır, onların yalnız ABŞ və yaxın müttəfiqləri olan Avstraliya, Kanada, Yeni Zelandiya və Böyük Britaniya üçün nəzərdə tutulduğu yazılıb, - CNN bildirir.

Orada İsrailin İrana qarşı böyük ehtimalla keçirəcəyi hərbi hazırlıqlar təsvir edilir.

Sənədlərin birində onun ABŞ-ın Milli Geokosmik-Kəşfiyyat Agentliyi (NGA) tərəfindən hazırlandığı yazılıb.

Palatanın Luiziana ştatından olan respublikaçılar partiyasının nümayəndəsi Mayk Conson (Mike Johnson) hazırda araşdırma aparıldığını CNN-ə müsahibəsində təsdiqləyib.

Pentaqon sənədləri nəzərdən keçirdiyini bildirib. Adıçəkilən agentlik isə, hələlik, heç bir şərh verməyib.

"The New York Times"ın məlumatına görə, ABŞ rəsmiləri sızmanın mənbəyini müəyyənləşdirməyə çalışır. Sənədlərdə hərbi təlimlər, silahların yerləşdirilməsi və dəyə biləcək ziyan barədə məlumatlar yer alıb.

"Orada yaxın günlərdə İsrailin İrana endirəcəyi mümkün zərbə barədə təəssüratlar yer alıb. Onlar peyk təsvirlərinin təhlili əsasında hazırlanıb", - "The New York Times" söyləyir.

Bir çox hökumət rəsmiləri və müşahidəçilər deyirlər ki, İranın bu ayın əvvəli vurduğu raket zərbəsinə cavab olaraq İsrail ona zərbə endirə bilər. İran isə həmin zərbənin İsrailin daha öncəki hücumuna cavab olduğunu deyir.

Rəsmilər "The New York Times"a deyiblər ki, sızdırılan sənədlər rəsmi Vaşınqtonun İsrailin planlarına dair bilgisinin hərtərəfli qiymətləndirməsi deyil. Onlar sadəcə təhlilçilərin peyk təsvirləri əsasında gələ biləcəyi qənaətdir.

Qubad İbadoğlu 2024-cü il Saxarov mükafatının finalçısı seçilib

Qubad İbadoğlu
Qubad İbadoğlu

Oktyabrın 17-də Avropa Parlamentinin Xarici Əlaqələr və İnkişaf komitələrinin üzvləri gizli səsvermə yolu ilə 2024-cü il Saxarov mükafatının üç finalçısını seçiblər. Onlardan biri azərbaycanlı akademik və antikorrupsiya fəalı professor Qubad İbadoğludur.

Yekun siyahıda Venesueladakı demokratik qüvvələrin lideri Mariya Korina Maçado və son seçkilərdə ölkənin prezidenti seçildiyi bildirilən Edmundo Qonsales Urrutiyanın (vahid nominasiya) da adları var. Digər nominantlar isə "Qadınlar Sülh Uğrunda" və "Günəşin Qadınları" (İsrail/Fələstin) təşkilatlarıdır (vahid nominasiya).

Bir həftə sonra, oktyabrın 24-də Prezidentlər Konfransı (Avropa Parlamentinin prezidenti Roberta Metsola və siyasi qrupların liderləri) Fikir azadlığı üzrə Saxarov mükafatının 2024-cü il üzrə laureatını seçəcək. Qalib(lər)in adları Strasburqda keçiriləcək plenar iclasda elan olunacaq.

50 min avro fondu olan mükafatın təqdimat mərasimi bu ilin dekabrında Strasburqda plenar iclasda baş tutacaq. Final mərhələsinə adlayan hər üç namizəd mükafatlandırma mərasiminə dəvət olunacaq.

Professor Qubad İbadoğlunun Saxarov mükafatına namizədliyi Avropa Parlamentinin Yaşıllar-Azad Avropa Birliyi fraksiyası tərəfindən irəli sürülüb. "İbadoğlu insan haqları müdafiəçisi, rejimin və mədən sənayesinin tənqidçisidir. Bu, Bakıdakı COP29-dan bir neçə həftə əvvəl Azərbaycana göndərilmiş güclü mesajdır!", – X şəbəkəsində paylaşılan mesajda deyilib.

Tanınmış sovet fizika alimi, siyasi dissident Andrey Saxarovun şərəfinə verilən Fikir azadlığına görə Saxarov mükafatı Avropa İttifaqının insan haqları üzrə ən yüksək mükafatıdır. O, 1988-ci ildən bəri hər il parlament tərəfindən fərdlərə və ya təşkilatlara insan hüquqlarının və əsas hüquqların müdafiəsi, xüsusilə ifadə azadlığı, azlıqların hüquqlarının qorunması, beynəlxalq hüquq, demokratiyanın inkişafı və qanunun aliliyinin müdafiəsi sahəsində gördükləri işlərə görə verilir.

Nelson Mandela və Anatoli Marçenko, həmçinin dissidentlər, siyasi liderlər, jurnalistlər, hüquqşünaslar, vətəndaş cəmiyyəti fəalları, Birləşmiş Millətlər Təşkilatı və təhsil hüququna görə mübarizə aparan uşaq hüquqları fəalı bu mükafata layiq görülüblər.

Bu mükafatı almış Nelson Mandela, Malala Yusufzay, Deni Mukveqe və Nadya Murad Nobel Sülh Mükafatını da layiq görülüblər.

Xatırlatma

Q.İbadoğlu ötən il iyulun 23-də həbs edilmişdi. O, Cinayət Məcəlləsinin (CM) 204.1-ci (Satış məqsədi ilə saxta pul... və ya xarici valyuta hazırlama, əldə etmə və ya satma - mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunub. Daha sonra ona qarşı CM-in 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb. Q.İbadoğlu ittihamları saxta adlandırıb.

Bu il aprelin 22-də onun barəsində seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı, daha sonra isə müstəntiqin qərarı ilə polisin nəzarətinə verilmə ilə əvəz olunub.

Q.İbadoğlu dövlət qeydiyyatına alınmayan Azərbaycan Demokratiya və Rifah Partiyasına (ADR) rəhbərlik edib. Amma ev dustaqlığına buraxılandan sonra səhhəti ilə bağlı siyasi fəaliyyətinə fasilə verdiyini açıqlayıb.

İstanbulda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olub

Azərbaycan və Ermənistan XİN başçılarının İstanbul görüşü
Azərbaycan və Ermənistan XİN başçılarının İstanbul görüşü

Bu gün, oktyabrın 18-də İstanbulda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüş olub. Türkiyə mətbuatı xəbər verir ki, görüş bir saat davam edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, görüşdə tərəflər Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında saziş ilə bağlı danışıqları davam etdirib. "Ən qısa zaman ərzində onun yekunlaşdırılması və bağlanması üçün daha çox səy göstərmək istiqamətində razılıq əldə ediblər", - məlumatda bildirilir.

Nazirlər oktyabrın 18-də "3+3" regional əməkdaşlıq platformasının iclasında iştirak etmək üçün Türkiyədədirlər.

Bu platformaya Türkiyə, Rusiya, İran, Gürcüstan, Azərbaycan və Ermənistan daxil edilir. Amma Gürcüstan Rusiya ilə pis münasibətlərini səbəb gətirərək bu formatda müzakirələrə qatılmır.

Sentyabrın 18-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, onlar (Rusiya, İran, Türkiyə) Ermənistan və Azərbaycana sülh müqaviləsi üzərində işi başa çatdırmaq üçün "3+3" platformasından yararlanmağı təklif ediblər.

"3+3" formatında ilk görüş üç il əvvəl, dekabrın 10-da Moskvada keçirilib.

Xatırlatma

Son bir neçə ildə Azərbaycan və Ermənistan arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb.

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi. Amma 2020-ci ildə 44 günlük müharibə və ötən il birgünlük hərbi əməliyyat nəticəsində Bakı bütün ölkə ərazisində suverenliyin bərpa edildiyini açıqlayıb. Rəsmi Bakı ötən il birgünlük hərbi əməliyyatları "lokal antiterror tədbirlər" elan etsə də, Yerevan onu "etnik təmizlənmə" kimi dəyərləndirib. Daha sonra da Qarabağdan Ermənistana əhali köçü olmuşdu.

Şəkidə polisdən şikayət var

Polis
Polis

Yaxınları Şəki rayonunda Məzahir Cəlilov adlı şəxsin polis şöbəsində təzyiqə məruz qaldığını və səbəbsiz həbs olunduğunu deyirlər.

M.Cəlilovun yaxınları AzadlıqRadiosuna bildiriblər ki, o, oktyabrın 8-də saxlanıb: "Şəkinin Kiçik Dəhnə kəndində yol getdiyi yerdə saxlayıblar, gətiriblər şöbəyə. Guya şöbədə bərk səslə danışıb deyə, ona 15 sutka həbs veriblər. Şəki polis şöbəsində saxlanılır. Hazırda da yanına getməyə imkan vermirlər. İki dəfə Məzahirlə telefon danışığı olub. Birində ağlayıb deyib ki, məni döyürlər, bu gün, oktyabrın 18-də də danışmışıq, yenə şikayətləndi...".

Yaxınlarının sözlərinə görə, M.Cəlilov günahsız olduğunu vurğulayır: "Onu döyürlərsə, niyə döyürlər? Yüksək səslə danışdığına görə polis şöbəsində döymək olar? İki körpə balası, gözü görməyən anası var. Özü də kirayə qalır. Onun günahı nədir? Yanına vəkili də buraxmırlar, guya vəkildən imtina edib. Elə bir adam olarmı vəkillə danışmaq istəməsin?".

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan "Turan"ın sorğusuna cavab olaraq bildirilib ki, M.Cəlilov hüquqazidd hərəkətlərə yol verdiyindən barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib və məhkəmənin də qərarı ilə o, 15 sutka inzibati qaydada həbs edilib: "M.Cəlilova qarşı fiziki güc tətbiq edilməsi və hüquqlarının müdafiəsi üçün vəkillə təmin olunmasına əngəl yaradılması barədə iddialar əsassızdır, şəxsi mülahizələrdir".

Bütün bu deyilənlərlə bağlı Şəki rayon Məhkəməsi ilə danışmaq mümkün olmayıb.

Bu il Rusiyada vətənə xəyanətə görə hökmlərin sayı 3.5 dəfə artıb

FSB
FSB

Rusiyada 2024-cu ilin birinci yarısı 52 adama vətənə xəyanət hökmü oxunub. Bu, 2023-cü ilin analojı dövrü ilə müqayisədə 3.5 dəfə çoxdur. Bu barədə Rusiya Ali Məhkəməsinə istinad edən "Vajnıye istorii" yazır.

Son doqquz ildə bir il ərzində belə göstəricilər müşahidə olunmayıb. Misal üçün, 2023-cü il ərzində bu maddə üzrə 39 nəfər cəzalandırılıb.

2023-cü ildə bu maddəyə görə cəza sərtləşdirilib, indi ömürlük həbs cəzası nəzərdə tutulur.

Həmçinin casusluğa görə məhkum olanların sayı artıb. Nəşrin məlumatına görə, 2024-cü ilin ilk yarısında bu maddə ilə 18 nəfər məhkum edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə doqquz dəfə çoxdur.

Daha iki nəfərə xarici dövlətlərlə məxfi əməkdaşlığa görə hökm oxunub. "Məxfi" əməkdaşlığa görə 8 ilə qədər həbs və cərimələr nəzərdə tutulur. Düzəliş müəllifləri "əməkdaşlığın" mahiyyətini bulanıq təsvir ediblər – bu, əcnəbilərlə "açıq şəkildə Rusiya Federasiyasının təhlükəsizliyinə yönəlmiş fəaliyyətə" kömək edən təmasdır. Ən çox rast gəlinən ittiham "Ukrayna ilə əlaqə"dir.

"Sever.Realii" saytının məlumatına görə, natamam iki il ərzində Rusiyada bu maddə ilə azı 40 cinayət işi açılıb.

Dövlət sirri ilə bağlı qanunsuz hərəkətlərə görə 96 nəfər məhkum edilib ki, bu da ötən ilin ilk altı ayı ilə müqayisədə təxminən iki dəfə çoxdur. Jurnalistlər qeyd edirlər ki, hökmlərin çoxalması "Dövlət sirrinin qorunması tələblərinin pozulması" maddəsinin tətbiqi ilə əlaqədardır. Maddə dövlət sirrinə nə vaxtsa girişi olan vətəndaşların Rusiyanı tərk etməsinə görə məsuliyyət nəzərdə tutur. Yeni maddə dövlət müəssisələrinin keçmiş işçiləri, mühəndislər, konstruktorlar, tərtibatçılar və istefada olan hərbi qulluqçuları əhatə edir.

ABŞ və Ermənistanın yüksəkrütbəli generalları Vaşınqtonda görüşüb

Çarlz Braun və Edvard Asryan
Çarlz Braun və Edvard Asryan

ABŞ Ermənistan ilə yüksələn hərbi əlaqələri tərifləyib və Rusiyanın regiondakı "zərərli" təsirinə qarşı çıxmağa çağırıb. Bu barədə ABŞ Qərargah Rəisləri Birləşmiş Komitəsinin sədri general Çarlz Braun (C.Q. Brown) Ermənistanın Baş qərargah rəisi Edvard Asryan ilə Vaşınqtonda çərşənbə günü görüşü zamanı söyləyib.

Görüşdə tərəflər Ermənistanın hərbi sahəsinin müasirləşdirilməsinə aid təşəbbüsləri müzakirə ediblər. Bu səylərə dəstək verilməsini təklif edən general Braun Rusiyanın regiondakı ziyanlı təsirindən narahatlıq bildirib, bu fəaliyyətə qarşı mübarizənin vacibliyini vurğulayıb.

Ermənistanın Müdafiə Nazirliyi görüşə aid yekun bəyanatda getdikcə uzaqlaşdığı müttəfiqi Rusiyanın adını çəkməyib.

Ermənistan ordusunda dəyişiklər və islahatlara dəstəyini təsdiqləyən ABŞ bu yaxınlarda Ermənistan MN-ə hərbi müşavirini təyin edəcəyini açıqlayıb.

Asryanın ABŞ-də görüşdüyü üç generaldan biri Mayk Miller (Mike Miller) xarici silahlı qüvvələrin təlim, məsləhət və təchizat məsələləri ilə məşğul qurumuna başçılıq edir.

İki ölkənin hərbçiləri iyulda Ermənistanda bu il artıq ikinci birgə təlimlər keçirib. Birgə sülhməramlı əməliyyatlara aid təlimləri ölkəyə səfər edən üç amerikalı general izləyib.

Rəsmi Moskva Rusiya-Ermənistan münasibətlərinin pişləşməsi fonunda keçirilən təlimləri pisləyib. Onlar bu təlimlərin iki ölkə münasibətlərinə növbəti zərbəni vuracağını deyib. Həmçinin əlavə ediblər ki, bununla Ermənistan öz təhlükəsizliyini daha böyük risk altına atır.

Baş nazir Nikol Paşinyan fevralda ölkəsinin Rusiyanın aparıcı rol oynadığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı üzvlüyünü dondurub. O, Ermənistanın hərbi alyansı tərk edəcəyini dəfələrlə söyləyib.

Gümrünün keçmiş meri barəsində həbs orderi çıxarılıb

Samvel Balasanyan
Samvel Balasanyan

Ermənistanda hüquq-mühafizə orqanları Gümrünün keçmiş meri Samvel Balasanyan barəsində həbs orderi çıxarıb. Təxminən bir il öncə hakim "Mülki müqavilə" partiyası Balasanyannın siyasi partiyası ilə hakimiyyəti paylaşma sazişindən çıxıb.

İstintaq Komitəsi 2014-cü ildə Balasanyan ailəsinin bələdiyyə torpağını qanunsuz özəlləşdirdiyini deyir, o da bu iş çərçivəsində ittiham olunan beşinci şəxsdir. Digər şübhəlilər arasında onun oğlu Xaçatur, Gümrünün indiki merinin müavini Suren Canoyan da var. Onların hər ikisi ev dustaqlığındadır.

Balasanyanın oğlu keçən həftə Yerevanın "Zvartnots" aeroportunda, ABŞ-də müalicə aldığı deyilən atasının yanına gedərkən saxlanılıb,

S.Balasanyan hakimiyyətdən sui-istifadə və çirkli pulların yuyulmasında ittiham olunur.

Onun vəkili ittihamı şərh etməyib.

Gümrünün indiki meri Vardqes Samsonyan və 70 yaşlı keçmiş merin digər siyasi müttəfiqləri də cinayət təqibi barədə susurlar.

Varlı biznesmen olan Balasanyan 2012-ci ildə Gümrünün meri seçilib. O, 2021-ci ildə növbəti dəfə namizədliyini verməsə də, adını daşıyan blok bələdiyyə seçkilərinə gedərək səslərin çoxunu qazanıb. Ancaq mer seçimini aparan yerli şurada çoxluğu əldə edə bilməyib.

"Balasanyan Bloku" hakim "Mülki müqavilə" ilə birləşərək Balasanyanın qohumu Samsonyanı mer vəzifəsinə gətirə bilib. Qarşılığında "Mülki müqavilə"dən iki nəfər merin müavinləri olub.

Ancaq baş nazir Nikol Paşinyan dekabrda hakimiyyətin bölüşdürülməsi sazişindən çıxdığını gözlənilmədən elan edəndə onlar da vəzifədən gediblər. "Mülki müqavilə" bildirib ki, kölgə idarəçiliyinin bir hissəsi olmaq istəmir, bununla da Balasanyanın hələ də şəhəri idarə etdiyinə eyham vurub.

Müstəqilliyin bərpasından 33 il keçir

Oktyabrın 18-i Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür.

Respublika Ali Sovet 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktını qəbul edib. Həmin gün düz 30 il Azərbaycanda Dövlət Müstəqilliyi Günü kimi qeyd edilib. Üstəlik, artıq Azərbaycanda 18 Oktyabr bayram sayılsa da, rəsmi iş günüdür. Halbuki 1992-2006-cı illərdə bu tarix Azərbaycanda rəsmi bayram kimi qeyri-iş günü olub. 2006-cı ilin dekabrında Milli Məclisdə Əmək Məcəlləsinə edilən dəyişiklərdən sonra 18 oktyabr - Dövlət Müstəqilliyi Günü, 12 noyabr - Konstitusiya Günü və 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə verilən istirahət ləğv edilib. Həmin tarixlər bayram günü kimi saxlanılsa da, iş günü sayılır.

O zaman 18 Oktyabrın iş günü elan edilməsi ölkədə birmənalı qarşılanmamışdı. Müxalifət bunu tənqid etmişdi. Onlar deyirdi ki, mövcud hakimiyyətin müstəqilliyin qazanılmasında xidmətləri olmadığından belə qərar veriblər. Amma rəsmi təbliğatda indiki prezident İlham Əliyevin atası-keçmiş prezident Heydər Əliyev (1993-2003-də prezident olub) "müasir Azərbaycan dövlətinin qurucusu" kimi dəyərləndirilir. Hərçənd Müsavat və Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) kimi müxalif siyasi qüvvələr bu dəyərləndirməni də həqiqət saymırlar.

Dövlət müstəqilliyi müstəqilliyin bərpası oldu

İki il əvvəl isə Azərbaycan Milli Məclisinə "Müstəqillik Günü haqqında" yeni qanun layihəsi təqdim edildi. Həmin layihədə isə Respublika Gününün (28 may) adı dəyişdirilərək Müstəqillik Günü, Dövlət Müstəqilliyi Gününün (18 oktyabr) isə Müstəqilliyin Bərpası Günü elan edilməsi təklif olunurdu. Az sonra da layihə parlamentdə qəbul edildi.

Həmin layihə ilə bağlı məlumatlar yerli saytlarda yayıldıqdan sonra bəzi sosial şəbəkə istifadəçiləri öz narazılıqlarını bildirmişdilər. Onlar, əsasən, Respublika Gününün adının dəyişdirilməsini tənqid edirdilər. Hətta bəzi narazılar "əlvida Respublika" kimi ifadələr də işlədirdilər. Hakimiyyət rəsmiləri isə belə fikirləri əsaslı saymır.

32 il əvvəl qəbul edilən "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktında yazılıb ki, Azərbaycan Respublikası Azərbaycan Cümhuriyyətinin varisidir.

1918-ci il mayın 28-də iki il ömür sürən Azərbaycan Cümhuriyyəti yaranıb. 1918-1991-ci illər arasında Azərbaycan SSRİ-nin tərkibində olub.

Tarixi görüntülər - Müstəqillik Aktı belə qəbul edildi
Gözlə

No media source currently available

0:00 0:16:13 0:00

Ruben Vardanyanın da həbsi uzadıldı

Ruben Vardanyan
Ruben Vardanyan

Qarabağda tanınmayan qurumun keçmiş rəhbərlərinin Ruben Vardanyanın da həbs müddəti artırılıb.

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətində R.Vardanyan barəsində davam edən cinayət işi üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsində qərar qəbul edilib. Qərara əsasən, R.Vardanyanın həbsdə saxlanma müddəti uzadılıb.

R.Vardanyanın Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli sayılır.

Amma separatçı qurumun digər keçmiş təmsilçiləri kimi, R.Vardanyanın da həbsinin nə qədər artırıldığını, hələlik, nə məhkəmədən, nə də istintaq qurumundan dəqiqləşdirmək mümkün olub.

O, ittihamları qəbul etmir.

Vardanyan Qarabağda 2022-ci ilin noyabrında, Rusiya prezidenti Vladimir Putin onu Rusiya vətəndaşlığından çıxarmazdan bir ay əvvəl separatçı qurumda "dövlət naziri" təyin olunub.

O . baş nazir Nikol Paşinyanın Ermənistan-Azərbaycan münaqişəsinə yönəlik siyasətlərini tənqid edib, 2023-cü ilin martında Azərbaycanın təzyiqi ilə vəzifəsindən kənarlaşdırılıb. Həmin il sentyabr əməliyyatlarından sonra da həbs edilərək Bakıya gətirilib.

11 oktyabr

Qarabağ separatçı liderlərinin həbs müddəti yenə artırılıb

Qarabağda tanınmayan qurumun keçmiş rəhbərlərinin həbs müddəti artırılıb.

Bununla bağlı bugün, oktyabrın 11-də Azərbaycan Baş Prokurorlugu məlumat yayıb.

Prokurorluq qeyd edir ki, separatçıların “prezidentləri” olmuş Arkadi Gukasyan, Bako Sahakyan, Arayik Harutyunyan, sabiq "xarici işlər naziri" Davit Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar David Manukyan və digərləri barəsində həbs müddətinin uzadılması ilə bağlı vəsatətlərinə Binəqədi Rayon Məhkəməsində baxılıb.

“Ümumilikdə 14 nəfər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məsuliyyətə cəlb olunub. Məhkəmənin qərarına əsasən, qeyd olunan şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.”

Amma həbs müddətinin konkret nə qədər artırıldığı qeyd edilimir. Həmin məqamı isə, hələlik, məhkəmə və başqa rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.

Azərbaycan Baş Prokurorluğu bundan əvvəl, bu il mayın 15-də onların həbs müddətinin 5 ay artırıldığını açıqlamışdı. Lakin daha sonra da, iyunun 24-də baş prokuror Kamran Əliyev Xankəndidə "Mühitin gücləndirilməsində maarifləndirmə və hüquq-mühafizə tədbirlərinin rolu" mövzusunda keçirilən elmi-praktik konfransda demişdi ki, onların istintaqı başa çatıb.

İstinataqın sonrdan belə uzadılmasının səbəbini də Baş Prokurorluqdan aydınlaşdırmaq cəhdi nəticə verməyib.

Onlar terrorçuluq, qanunsuz silahlı birləşmələr yaratmaq və başqa ağır cinayətlərdə ittiham edilirlər. Onların ayrılıqda ittihamlara münasibətini öyrənmək mümkün olmayıb.

Lakin Ermənistan hökuməti separatçı liderlərin həbsini pisləyib və onların azad olunması üçün beynəlxalq ictimaiyyətə müraciət edib.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi.2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib.

Üstəlik, Bakı ötən il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizləmə" kimi dəyərləndirib.

Qarabağdakı separatçı qurumun son rəhbəri Samvel Şahramanyan Yeni ilə qədər bu qurumun fəaliyyətini dayandıracağını açıqlamışdı. Lakin həmin şəxs sonradan Ermənistana getdikdən sonra bu qərardan imtina edildiyini açıqladı.

Həmin vaxt da Qarabağdan Ermənistana əhali köçü olmuşdu.

Hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb.

Daşkənd 'Taliban'ın sərhəddə musiqini yasaqlamağı tələb etdiyini yalanlayır

Termez Beynəlxalq Ticarət Mərkəzinin açılışı
Termez Beynəlxalq Ticarət Mərkəzinin açılışı

Özbəkistan Xarici İşlər Nazirliyi (XİN) Əfqanıstanla sərhəddə yerləşən ticarət mərkəzində konsertlər və musiqili tədbirlərin ləğvi barədə "Taliban" hökumətinin sorğu göndərməsi haqda xəbərləri təkzib edib.

Həmin məlumat oktyabrın 14-də Əfqanıstanın "Atlaspress" media resursunda çıxandan sonra nazirlik bəyanatı yayıb. Məlumata görə, "Taliban" Özbəkistan hökumətinə sorğu göndərib ki, Termez Beynəlxalq Ticarət Mərkəzində musiqi ifaları dayandırılsın.

Məlumatda iddia edilir ki, sorğuya müsbət cavab verilməsə, Əfqanıstan vətəndaşlarının adıçəkilən ticarət mərkəzinə ziyarəti yasaqlana bilər.

"Taliban" İslam hüququnu özünəməxsus şəkildə yozur. Onlar musiqiyə, ictimai musiqi çıxışlarına qarşıdırlar, bunu dini prinsiplərinə zidd sayırlar. 2021-ci ilin avqustunda Əfqanıstanda hakimiyyəti tam ələ keçirən "Taliban" ötən il ölkədə 20 mindən çox musiqi alətini məhv etdiyini açıqlayıb.

Özbəkistan XİN heç bir sorğu almaması haqda oktyabrın 15-də gazeta.uz-a aydınlıq gətirib.

"Termez Beynəlxalq Ticarət Mərkəzində musiqili tədbir və ya konsertlərin ləğvi ilə bağlı Əfqanıstan tərəfindən heç bir rəsmi sorğu almamışıq", – nazirliyin mətbuat xidməti təsdiqləyib.

Avqustun sonu fəaliyyətə başlayan Termez Beynəlxalq Ticarət Mərkəzi azad ticarət zonasıdır. Burada Əfqanıstan vətəndaşları daxil, bütün ziyarətçilər 15 günədək viza tələbi olmadan müxtəlif pul vahidləri ilə ticarət edə bilər.

Əfqan mediasının iddialarına baxmayaraq, Özbəkistan hökuməti planlaşdırılan əyləncə və mədəni proqramlara heç bir fasilə vermədən mərkəzi adi qaydada işlətməyə davam edir.

ABŞ prezidenti Ukraynanın təhlükəsizliyi üçün 425 milyon dollar ayırır

Volodimir Zelenski və Co Bayden
Volodimir Zelenski və Co Bayden

ABŞ prezidenti Co Bayden (Joe Biden) səlahiyyət müddətinin qalan hissəsi ərzində Ukraynanın təhlükəsizliyini gücləndirmək səyləri çərçivəsində bu ölkəyə 425 milyon dollardıq dəstək paketi barədə elan edib. Ağ ev oktyabrın 16-da bildirib ki, bu barədə o, ukraynalı həmkarı Volodimir Zelenskiyə zəng edərək deyib.

Dəstək paketinə yüzlərlə hava hücumundan müdafiə raketi, onlarla taktiki havadan müdafiə sistemi, əlavə artilleriya sistemləri, böyük miqdarda silah-sursat, yüzlərlə zirehli transportyor və piyadanın döyüş maşınları daxildir.

Ukrayna prezidenti, öz növbəsində, Rusiya üzərində qələbə qazanmaq üçün hazırladığı plan barədə Baydeni yenidən məlumatlandırıb.

ABŞ prezidenti Ukraynaya hərbi yardımı ölkəsində noyabrın 5-də keçiriləcək prezident seçkiləri öncəsi etməyə hazırlaşır. Belə ki, seçkilərdə respublikaçı namizəd Donald Tramp (Donald Trump) yenidən qələbə qazansa, o, Ukraynadakı müharibəni danışıqlar yolu ilə qısa müddətdə bitirə biləcəyini deyib. Konqresdəki bir çox respublikaçılar Ukraynaya əlavə hərbi yardımın göstərilməsinin əleyhinədir.

Bayden və seçkilərdəki demokratların namizədi Kamala Harris Trampın müharibəyə tezliklə son qoya biləcəyi barədə dediyini tənqid ediblər. Onların qənaətinə görə, bu, Moskvaya hazırda işğal etdiyi ərazilərdə mövqelərini bərkitməyə və bundan sonrakı irəliləyişlərə yol aça bilər.

Əlavə yardımın göstərilməsini koordinasiya etmək üçün Bayden noyabrda Ukraynanın Müdafiəsi üzrə Kontakt Qrupunun onlayn görüşünə başçılıq edəcək.

Ağ evin sözçüsü Karin Jan-Pyer (Karine Jean-Pierre) Baydenin bu həftəsonu Avropaya səfəri zamanı Zelenski ilə görüşə bilməyəcəyini, lakin ABŞ prezidentinin Rusiya qoşunlarına qarşı mübarizədə "ukraynalıların yanında olmaq" istədiyini söyləyib. Bayden "Milton" qasırğasına görə ötən həftə Avropaya planlaşdırdığı səfəri təxirə salmışdı.

Gürcüstan hökuməti seçkiqabağı saxta video və səs yazılarının yayıla biləcəyi barədə xəbərdarlıq edir

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti

Gürcüstan təhlükəsizlik xidməti bu ayın sonu keçiriləcək mühüm parlament seçkiləri öncəsi iğtişaşlara səbəb ola biləcək saxta video və audio yazıların yayılması planı barədə xəbərdarlıq yayıb.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) adlarını açıqlamadığı siyasi dairələrlə əlaqəli qrupların hökumət təmsilçiləri barədə süni intellekt və digər qabaqcıl texnologiyalar vasitəsilə yaradılan saxta audio-video yazılar yaymağa hazırlaşdığını bildirir.

Xəbərdarlıq özəlliklə bu ilin əvvəli mübahisəli "xarici agent" haqqında qanunun qəbulundan sonra Gürcüstanda yüksəlmiş siyasi gərginlik fonunda edilib. Bu isə oktyabrın 26-da keçirilməsi nəzərdə tutulan seçkilərlə bağlı böyük risk olduğunu ortaya qoyur.

Xəbərdarlıqda daha nələr var

DTX-nın oktyabrın 16-da yayılan bəyanatında deyilir ki, saxtalaşdırılmış yazıların məqsədi "hökumətin müxtəlif qolları arasında münaqişə yaratmaq, Pravoslav kilsə və Qərb tərəfdaşlar ilə münasibətləri pişləşdirməkdir".

Xəbərdarlığa görə, bu planın arxasında duranlar saxtalaşdırılmış yazıları DTX-dan sızmış məlumat kimi qələmə vermək istəyirlər. Onların məqsədləri xidmətin fəaliyyətinə kölgə salmaq və Gürcüstanın siyasi strukturu daxilində fikir ayrılığı yaratmaqdır.

"Təxribat siyasi qazanclar üçün ölkədə sabitliyi pozmaq və etirazları təşviq etmək üçün hazırlanır", – deyə DTX bildirir ki, qrupların fəaliyyətini yaxından izləyir və lazım gələrsə, hüquqi addımlar atacaq.

Gürcüstan hökuməti ölkədə 2014-cü il Ukraynada rusiyapərəst prezident Vladimir Yanukoviçin devrilməsi ilə yekunlaşan "Avromaydan" kimi rəngli inqilaba təkan verə biləcək mümkün cəhdlər barədə dəfələrlə narahatlığını bildirib. Bu iddiaları təsdiqləyən heç bir sübut irəli sürülməsə də, hökumət narahatlığını gizlətmir.

Rusiya ilə sıxlaşan əlaqələr

Bu arada rəsmi Tbilisi Moskva ilə getdikcə sıxlaşan əlaqələrinə görə tənqid edilir. Avropa İttifaqı (Aİ) və ABŞ ölkədə demokratiyanın geriləməsi sarıdan narahatlıqlarını ifadə ediblər.

Misal üçün, "xarici agent" qanunu Rusiyada azad mətbuatı və tənqidçiləri susdurmaq üçün istifadə olunan oxşar qanuna bənzədiyinə görə geniş tənqid edilir.

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili oktyabrın 3-də bir qanun layihəsi imzalayaraq gərginliyi daha da artırıb. İnsan haqları qrupları, müxalifət və beynəlxalq ictimaiyyətin qənaətinə görə, bu qanun layihəsi ölkənin LGBT icmasının hüquqlarını kəskin şəkildə məhdudlaşdırır.

Rusiyayönümlü gürcüstanlı oliqarx, sabiq baş nazir və hakim "Gürcü arzusu" partiyasının seçkilərdəki əsas namizədi Bidzina İvanişvili israrla bildirir ki, ölkəsi Qərb institutlarına qoşulmaq niyyətinə sadiqdir.

Gürcüstanın vətəndaş cəmiyyəti illərlə ölkəni Rusiyanın təsirindən uzaqlaşdırmağa çalışıb. Rusiyanın minlərlə əsgəri hələ də Gürcüstanın iki separatçı bölgəsi - Cənubi Osetiya və Abxaziyada yerləşir. Rəsmi Moskva hər iki ərazinin müstəqilliyini 2008-ci ildə Gürcüstana qarşı apardığı beşgünlük müharibədən sonra tanıyıb.

Anar Məmmədli səhhətində problemlər yarandığını bildirir

Anar Məmmədli
Anar Məmmədli

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) həbsdə olan rəhbəri Anar Məmmədli səhhətində problemlər yarandığını bildirib. Bu barədə müdafiə tərəfi açıqlama yayıb.

Vəkil Elçin Sadıqov bilirib ki, oktyabrın 14-də 1 saylı Bakı İstintaq Təcridxanasında A.Məmmədli ilə görüşüb.

Onun sözlərinə görə, A.Məmmədli belində, boğazında ağrılardan və baş gicəllənməsindən əziyyət çəkdiyini söyləyib.

E.Sadıqov qeyd edib ki, Anar Məmmədlinin müayinəsi və zəruri analizlərinin götürülməsi ilə bağlı hələ ötən həftədən göndərdikləri müraciətlərə isə heç bir cavab verilməyib: "Anar Məmmədlinin yazdığı müraciətləri Penitensiar Xidmətinə, Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinə, istintaqı aparan Daxili İşlər Nazirliyinə və Ombudsman Aparatına göndərmişdik, hələlik, heç bir cavab gəlməyib, müayinə aparılmayıb".

Müdafiə tərəfinin açıqlamasına Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsi və başqa sözügedən qurumlardan da ayrılıqda münasibət öyrənmək mümkün olmayıb.

A.Məmmədli bu il aprelin 29-da saxlanıb. Aprelin 30-da Xətai rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.

A.Məmmədli Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur. O, ittihamı qəbul etmir.

SMDT rəhbəri A.Məmmədli bundan əvvəl 2013-cü ilin sonlarında saxlanmışdı. O, həmin vaxt vergidən yayınma və başqa ittihamlar ilə 5 il 6 ay müddətinə həbs edilmişdi. Amma onda da ittihamları qəbul etməyib. Bir sıra yerli və beynəlxalq təşkilatlar onu siyasi məhbus kimi tanıyıblar.

Məmmədli 2016-cı il martın 17-də əfv sərəncamı ilə azadlığa buraxılmışdı.

Qaçaqmalçılıq ittihamı…

Ümumilikdə ötən ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 20 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Sonra onların bəzilərinin ittihamı daha bir neçə maddə ilə ağırlaşdırılıb. Söhbət külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqdan, habelə mütəşəkkil dəstə ilə qaçaqmalçılıqdan, vergidən yayınmaqdan, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadədən gedir. Amma onların hamısı ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təqribən 300 siyasi məhbus var. Rəsmilər isə bir qayda olaraq vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir.

AzadlıqRadiosunun keçmiş jurnalisti Tehranda həbs edilib

 Reza Vəlizadə
Reza Vəlizadə

AzadlıqRadiosunun uzun illər xaricdə yaşayıb İrana qayıdan keçmiş jurnalisti Tehranda həbs edilib. Bu barədə oktyabrın 15-də AzadlıqRadiosunun mənbəyi bildirib.

ABŞ və İran vətəndaşı olan Reza Vəlizadə üç həftə əvvəl həbs edilib. Qohumlarından biri AzadlıqRadiosuna söyləyib ki, ona qarşı xaricdə farsdilli media qurumları ilə əməkdaşlıq daxil, bir sıra ittihamlar irəli sürülüb.

İran rəsmiləri Vəlizadənin həbsi ilə bağlı, hələlik, heç bir şərh verməyiblər.

AzadlıqRadiosunun fars xidməti olan "Fərda" Radiosunun əməkdaşı olmuş Vəlizadə 2022-ci ilin noyabrında radiodan ayrılıb. O, bir müddət xaricdə yaşayıb.

Avqustun 13-də X sosial şəbəkəsində yerləşdirdiyi sonuncu paylaşımda Vəlizadə deyib ki, o, Tehrana martın 16-ı səfər edib. Paylaşımda bildirilir ki, onun İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) kəşfiyyata cavabdeh qolu ilə "tamamlanmayan" danışıqları qalıb, ancaq sonda o, 14 il sonra "hətta şifahi daxil, heç bir zəmanət məktubu olmadan", ancaq öz məsuliyyətinə arxalanaraq İrana qayıdıb.

Paylaşımın hansı şəraitdə yazılması qeyri-müəyyən olaraq qalır.

İkili vətəndaşlığı olan bir çox iranlı təhlükəsizlik xidmətləri tərəfindən həbs edilib. Onlar müxtəlif cinayət törətməkdə ittiham olunublar. Bir çox mülkləri əllərindən alınıb və ya onlardan istifadə mümkünsüz edilib. Bəzi hallarda onların İrandakı ailə üzvlərinə təzyiqlər göstərilir ki, qohumlarını İrana qayıtmağa sövq etsinlər.

İran əcnəbiləri, o cümlədən ikili vətəndaşlığı olanları qeyri-qanuni həbs etməklə girov götürməkdə və öz tələblərinin yerinə yetirilməsi üçün xarici hökumətlərə təzyiq göstərməkdə ittiham olunur.

update

7 nəfərin xəstəxanada müalicəsi davam edir

Dönər
Dönər

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, oktyabrın 14 -15-də müxtəlif saatlarda 21 nəfər zəhərlənmə şübhəsi ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə yerləşdirilib: "Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda xəstəxananın yoluxucu xəstəliklər şöbəsində 7 nəfərin müalicəsi davam edir, vəziyyətləri qənaətbəxş qiymətləndirilir. Digər şəxslər isə ambulator müalicə üçün evə buraxılıb".

Tovuzda 18 nəfərin dönərdən zəhərləndiyi güman edilir

Tovuz rayonunda 18 nəfərin qidadan zəhərləndiyi ehtimal edilir.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, oktyabrın 15-də 18 nəfərin Tovuz rayonunda fəaliyyət göstərən bir iaşə obyektindən aldıqları dönərdən zəhərlənmələri şübhəsi ilə Rayon Mərkəzi Xəstəxanasına müraciət etmələri ilə bağlı araşdırma aparılır.

Açıqlamaya görə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə həmin iaşə obyektindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib. Sözügedən müəssisənin fəaliyyətinin də məhdudlaşdırıldığı bildirilir.

Hələlik, rəsmi acılamaya zərərçəkənlərin və iaşə obyektinin təmsilçilərindən münasibət almaq mümkün olmayıb.

+++

Son vaxtlar Azərbaycanda belə oxşar hadisələr vaxtaşırı baş verməkdədir.

Beş gün öncə, oktyabrın 11-də Bakı Dövlət Universitetinin Qazax filialının 18 tələbəsinin qida zəhərlənməsi şübhəsi ilə rayon xəstəxanasına yerləşdirildiyi açıqlanmışdı. Bu il avqustun 15-də isə Qəbələ rayonunda xəstəxanaya kütləvi müraciət olmuşdu. Yerli sakinlərin bildirməsinə görə, səhhətləri ağırlaşan insanlar rayonda bir toy məclisində iştirak ediblər. Onda ümumilikdə 50-dən çox şəxsin səhhətinin pisləşdiyi deyilirdi.

Ondan dörd gün əvvəl isə Gəncə şəhərində bir yas mərasimindən sonra yüzdən çox şəxsin səhhətinin ağırlaşdığı açıqlanmışdı. Onların da qidadan zəhərləndiyindən bəhs edilirdi.

İnternet azadlığına görə Azərbaycan Belarus, İraq və Zimbabve ilə bir yerdədir

"Freedom House"a görə, dünyada internet azadlığı
"Freedom House"a görə, dünyada internet azadlığı

Dünyada internet azadlığı 14-cü ildir ardıcıl geriləyir. Senzura və kontentin manipulyasiyası seçicilərin dünyadakı seçkilərlə bağlı bilgili qərarlar vermə bacarığına zərbə vurub. Bunu "Freedom House" insan haqları təşkilatı 2023-cü ilin iyunundan 2024-cü ilin mayınadək olan dövrə aid hesabatında bildirir.

"İnternet azadlığı 2024" adlı hesabatın əhatələdiyi 72 ölkədən 27-sində onlayn insan haqlarının müdafiəsinin zəiflədiyi, 18-sində isə təkmilləşdiyi bildirilir.

100 bal internetin ən azad, 0 isə ən az azad olduğu ölkə deməkdir. 100-70 xal yığan ölkələr AZAD, 69-40 xal QISMƏN AZAD, 39-0 xal yığanlar isə QEYRI-AZAD ölkələr sayılıblar.

Reytinqin necə hesablanmasına gəlincə, burada internetə çıxışa əngəllər, kontentə məhdudiyyətlər və istifadəçi hüquqlarının pozulması nəzərə alınıb.

Azərbaycan və qonşuları

Azərbaycan 34 xalla yenə "qeyri-azad" ölkələr sırasında yer alıb, ötən illə müqayisədə 3 xal itirib. Belarus, İraq və Zimbabve Azərbaycanla bir sırada yer alıblar, 3 xal az qazanıb. Ən böyük düşüşü isə 4 xal geriləmə ilə Qırğızıstan əldə edib.

Azərbaycanın qonşularından Rusiya, Türkiyə, İran "qeyri-azad" ölkələr sırasındadır.

Gürcüstan və Ermənistan isə 74 xalla "azad" ölkələr kateqoriyasına salınıb.

Hesabatda deyilir ki, 2023-cü ilin sentyabrında Qarabağda hərbi əməliyyat zamanı Bakıda bir neçə nəfər, o cümlədən keçmiş diplomat Emin İbrahimov bir aylığa saxlanılıb. Buna əməliyyatı tənqid edən, yaxud münaqişənin dinc həllinə çağıran sosial media postları səbəb olub.

Rəsmi Bakı sözügedən hərbi əməliyyatla ərazi bütövlüyünü bərpa edib. Bundan sonra Qarabağdan ermənilərin kütləvi köçü başlanıb. Ermənistan bunu "etnik təmizləmə" adlandırsa da, Bakı iddiaları rədd edib, ermənilərə reinteqrasiya planı təqdim etdiyini bildirib.

Keçmiş diplomat E.İbrahimov isə bu ilin iyulunda, bu dəfə xuliqanlıq ittihamı ilə saxlanılıb. Özü ittihamı qurama sayır.

Seçkilər necə manipulyasiya edilir

"Freedom House" onu da qeyd edir ki, avtoritar ölkələrdə hökumətyönlü şərhçilər səfərbər olunaraq "biabırçı" saxta seçkiləri azad və ədalətli kimi qələmə veriblər. Azərbaycanın da bu ilin fevralında keçirilən növbədənkənar prezident seçkisinə bütün dünyadan kontent yaradıcılarını dəvət etdiyi, onların səyahət və Bakıda qalma xərclərini çəkdiyi vurğulanır. Deyilir ki, həmin seçki prezident İlham Əliyevin qələbəsi üçün sərt manipulyasiya edilib, saxta seçki müşahidə missiyalarını maliyyələşdirməklə seçkiyə legitimlik donu geyindirilib.

Azərbaycan rəsmiləri bu hesabata, hələlik, münasibət açıqlamayıblar. Ancaq "Freedom House", eləcə də digər insan haqları qurumlarının daha öncəki hesabatları sərt tənqid olunub, bu qurumlar Azərbaycana qarşı koordinasiyaları fəaliyyətdə ittiham ediliblər.

Bu il ölkədə növbədənkənar parlament seçkiləri də keçirilib. Hakimiyyət hər iki seçkinin demokratik keçdiyini desə də, ATƏT DTİHB seçkilərin məhdudlaşdırıcı, rəqabətsiz mühitdə gerçəkləşdirildiyini bildirib. Müstəqil müşahidəçilər və media qurumları çoxsaylı pozuntuları qeydə alıblar.

Hesabatda Avrasiyada internet azadlığının gerilədiyi, Rusiyanın 20 xalla regionda ən az xalı qazandığı vurğulanır. Kremlin Ukraynaya qarşı tammiqyaslı işğalı isə bu ölkədə internet azadlığına zərbə vurub, belə ki, Rusiya ordusu internet infrastrukturunu dağıdıb, işğal etdiyi ərazilərdə təkmil senzura rejimi qurub.

Myanma və Çin dünyada internet azadlığı üçün ən pis mühitin olduğu ölkələr sayılıb.

Lənkəranın icra başçısına sui-qəsdin qarşısının alındığı bildirilir

Taleh Qaraşov
Taleh Qaraşov

Lənkəranın icra başçısı Taleh Qaraşova qarşı sui-qəsd hazırlandığı, ancaq qarşısının alındığı iddia olunur. Buna görə suçlanan Bəhruz Əsgərov oktyabrın 15-də məhkəmə önünə çıxarılıb. İşə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

B.Əsgərovun 36 yaşı var. O, qəsdən adam öldürməyə cəhddə, ictimai-siyasi xadimin həyatına sui-qəsddə, terrora hazırlıqda suçlanaraq 7 aydan çoxdur Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasında saxlanılır.

Oktyabrın 15-də B.Əsgərovun vəkili məhkəmədə vəsatət qaldıraraq onun DTX-dan Penitensiar Xidmətin Kürdəxanı qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasına köçürülməsini istəyib.

Hakimlər vəsatəti təmin edib.

B.Əsgərov icra başçısı ilə yanaşı, cənub bölgəsində fərdi qaydada ingilis dili müəllimi çalışan əcnəbi Lin Terriyə (Lynn Terry) qarşı sui-qəsdin təşkilində də suçlanır. Bu üzdən Qaraşovla yanaşı, o da zərərçəkmiş qismində tanınıb.

Cinayət işinin materiallarında iddia edilir ki, B.Əsgərov icra başçısını güdməkdən, onu və əcnəbi müəllimi öldürməkdən ötrü müxtəlif adamlarla danışaraq onlara tapşırıqlar verib.

B.Əsgərova ittiham verilən maddələrdə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub. Onun istintaqa ifadəsində özünü təqsirli bildiyi göstərilib. Məhkəmədə isə hələ sərbəst ifadə verməyib.

İqtisadiyyat üzrə Nobel mükafatı 'Niyə bəzi ölkələr zəngin, digərləri isə kasıbdır'ın müəlliflərinə verildi

Daron Acemoğlu, Saymon Conson və Ceyms Robinson
Daron Acemoğlu, Saymon Conson və Ceyms Robinson

İqtisadiyyat üzrə Nobel mükafatına ABŞ universitetlərində çalışan Daron AcemoğluCeyms Robinson və onlara yardımçı olan tədqiqatçı Saymon Conson layiq görülüblər.

Mükafat laureatlara "İnstitutların formalaşma proseslərin tədqiqatı və onların iqtisadi firavanlığa təsiri" kitabına görə veriləcək.

"Laureatların araşdırmaları qanunun aliliyinin, institutların zəif inkişaf etdiyi və əhalinin istismar olunduğu cəmiyyətlərin niyə böyüməyə və ya yaxşılığa doğru dəyişməyə kömək etmədiyini anlamağa imkan verir", - İsveç Elmlər Akademiyasının press-relizində deyilir.

Acemoğlu və Robinson institusional iqtisadiyyat sahəsində aparıcı tədqiqatçılardır.

Çikaqo universitetinin iqtisadçısı Konstantin Sonin onları bu elmin müasir istiqamətlərinin yaradıcıları, müəllif olduqları kitabı isə 2021-ci ildə son yarım əsr iqtisadiyyat və siyasətin təhlili sahəsində yazılan "ən vacib" yazı adlandırıb.

Conson Beynəlxalq Valyuta Fondunun keçmiş aparıcı iqtisadiyyatçısıdır. O, "Dünyanı idarə edən 13 bank. Uol-stritin əsarətində və növbəti maliyyə böhranın gözləntisində" bestsellerin müəllifidir. O, 2023-cü ildə Acemoğlu ilə birlikdə "Hakimiyyət və tərəqqi: texnologiya və firavanlıq uğrunda min illik mübarizəmiz" kitabına müəlliflik edib. Kitabda texnologiyalar, işçilərin vəziyyəti və cəmiyyətdəki bərabərsizlik arasında qarşılıqlı əlaqələr tədqiq edilib.

Alfred Nobel adına iqtisadiyyat üzrə mükafat İsveç bankı tərəfindən 1968-ci ildə təsis edilib. Laureatların elan edilməsi ilə Nobel həftəsinə yekun vurulur. Mükafat dekabrın 10-də qaliblərə təqdim ediləcək.

Belaruslu fəal 'itaətsizliyə görə' yenidən məhkəmə qarşısına çıxacaq

Palina Şarenda-Panasyuk və əri Andrey Şarenda
Palina Şarenda-Panasyuk və əri Andrey Şarenda

Belarusda həbsdə olan siyasi fəal Palina Şarenda-Panasyuk yerləşdirildiyi həbsxana rəhbərliyinə yenidən "itaətsizlik" etmək ittihamları ilə üzləşib.

Sonuncu ittiham oktyabrın 14-də Belarusun cənub-şərqindəki Reçitsa rayonunda başlayan yeni məhkəmə işinin əsas tərkib hissəsidir.

İki uşaq anası Şarenda-Panasyuk artıq dörd ili həbsxanada keçirib və təqsirli bilinərsə, dəmir barmaqlılar arasında əlavə bir il də qala bilər.

Onun davamlı həbsi Belarus hakimiyyətinin siyasi motivli repressiyası kimi qiymətləndirilir.

Fəalın həyat yoldaşı Andrey Şarenda söyləyib ki, hazırda xanımı islah-əmək müəssisəsi rəhbərliyinin tələblərinə "kinli" itaətsizlikdə ittiham olunur.

Məhkəmədən qabaq Şarenda-Panasyuk rayonun əsas şəhəri Homeldəki istintaq təcridxanasından yaxınlıqdakı Reçitsa şəhərindəki təcridxanaya aparılıb.

Şarenda onun bu müəssisəyə aparılması ilə bağlı narahatlığını bildirib. Məlumata görə, oradakı saxlanma şəraiti sərtdir. Belə ki, məhbuslar döşək və yataq dəsti olmayan dəmir çarpayıların üzərində yatmağa məcbur edilir. Bu isə həyat yoldaşının belindəki problemləri daha da kəskinləşdirir.

Şarenda iddia edir ki, həyat yoldaşının sağlıq durumunu nəzərə almayan hakimiyyət onu qeyri-insani rəftara məruz qoyub. O, həmçinin qeyd edib ki, ona qarşı yeni ittihamlar oktyabrın 14-də irəli sürülüb. Həmin tarixdə Belarusda Analar Günü qeyd edilir. Şarenda-Panasyuka dörd ildir ki, uşaqları ilə görüşməyə icazə verilmir.

Əliyev Ermənistanın sülh sazişi ilə bağlı təklifini reallıqdan kənar sayır

Prezident İlham Əliyev Belçika Krallığının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev Belçika Krallığının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edib

"Sülh müqaviləsinin bütün bəndləri eyni dəyərə malikdir, birini digərindən ayırmaq olmaz".

AZƏRTAC-ın xəbərinə görə bunu oktyabrın 14-də prezident İlham Əliyev Belçika Krallığının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən deyib.

"Prezident İlham Əliyev bu baxımdan Ermənistan hökumətinin "bu vaxtadək nə barədə razılaşdırılıbsa, ona imza atılsın, razılaşdırılmamış müddəalar növbəti mərhələlərə saxlanılsın" təklifini tamamilə reallıqdan kənar hesab etdiyini bildirdi və bu cür yanaşma presedentinin ona məlum olmadığını vurğuladı", - xəbərdə əlavə edilir.

Ermənistan rəsmiləri son aylar dəfələrlə bəyan ediblər ki, onlar sülh sazişinin tezliklə bağlanmasına tərəfdardırlar. Baş nazir Nikol Paşinyan sentyabrın 26-da BMT Baş Assambleyasındakı çıxışı zamanı bunları demişdi: "Azərbaycan prezidenti və mən dəfələrlə qeyd etmişik ki, qeyd olunan sazişin ən azı 80 faizi razılaşdırılıb. İndi Ermənistan bu tarixi fürsətdən yararlanmaq və dalana dirənmək riskindən qaçmaq üçün əvvəllər razılaşdırılmış hissələr üzrə Sülh Sazişi bağlamağı, sonra isə qalan məsələlər üzrə danışıqları davam etdirməyi təklif edir".

Son bir neçə ildə hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb. Danışıqların detalları açıqlanmır. Ötən ildən başlayaraq isə tərəflər sərhədlərin delimitasiyası ilə bağlı birbaşa danışıqlara başlayıblar.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi. Amma 2020-ci ildə 44 günlük müharibə və ötən il birgünlük hərbi əməliyyat nəticəsində Bakı bütün ölkə ərazisində suverenliyin bərpa edildiyini açıqlayıb.

Rəsmi Bakı ötən il birgünlük hərbi əməliyyatları "lokal antiterror tədbirlər" elan etsə də, Yerevan onu "etnik təmizlənmə" kimi dəyərləndirib. Daha sonra da Qarabağdan Ermənistana əhali köçü olmuşdu.

Qarabağdakı tanınmayan qurumun rəhbəri 2024-cü ilə qədər bu qurumun fəaliyyətini dayandıracağını açıqlamışdı. Amma indi bununla bağlı Yerevandan ziddiyyətli bəyanatlar eşidilir.

Davamı

XS
SM
MD
LG