'Son zamanlar azad iqtisadi zonalarda, əsasən, aksiz vergisindən qaçanlar fabriklər qurur'

Prezident İ.Əliyev Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimində

İyulun 1-də Prezident İlham Əliyev Ələt Azad İqtisadi Zonasının təməlini qoyub. Mərasimdə bildirilib ki, Ələt Azad İqtisadi Zonasının ümumi sahəsi 850 hektar olacaq. Habelə qeyd edilib ki, iqtisadi zonanın ümumi sahəsinin 60 hektarında layihələndirilmə başa çatıb və inşaat işləri başlayıb. Onun mərkəzi isə Bakı Beynəlxalq Dəniz Limanı olmalıdır.

Azərbaycanda azad iqtisadi zona haqqında müzakirələr uzun illərdir davam edir. Hələ, 2007-ci il martın 6-da Prezident İ.Əliyev "Azərbaycan Respublikasında xüsusi iqtisadi zonalar yaradılması haqqında" Fərman imzalamışdı. Məhz Ələtdə azad iqtisadi zonasının yaradılması haqqında fərman da 2016-cı ilin martında verilib. Prezident 2017-ci ilin mayında da azad iqtisadi zonaların yaradılması işinin sürətləndirilməsi barədə sərəncam imzalamışdı. Nəhayət, 2020-ci il mayın 22-də isə prezident "Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında" əlavə Fərman imzalayıb.

İyulun 1-də Prezident İ.Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bildirib ki, gələn ilin iyulunda zona investorları qəbul etməyə hazır olacaq: "Əminəm, biz görəcəyik ki, bax, burada göstərilən mənzərə həyatda öz əksini tapacaq. Çünki bu günə qədər bütün təşəbbüslərimiz, bütün planlarımız həyatda öz əksini tapıb… Ona görə, bu zonanın yaradılması, əminəm ki, uğurumuzun növbəti addımı olacaqdır".

Dövlət başçısının sözlərinə görə, Ələt Azad İqtisadi Zonası qeyri-neft sektorunun inkişafına xidmət edəcək.

"Burada Azərbaycan iqtisadiyyatı üçün əsas məqsəd..."

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü İltizam Yusifov da "Turan"a bildirib ki, azad iqtisadi zonaların yaradılması həm ayrılan ərazilərin, həm regionun iqtisadi inkişafına, həm də prioritet iqtisadi məsələlərin həllinə və strateji proqramların reallaşmasına hesablanmış bir layihədir.

İ.Yusifov

Deputatın sözlərinə görə, burada Azərbaycan iqtisadiyyatı üçün əsas məqsəd beynəlxalq iqtisadi əlaqələrin qabiliyyətli iştirakçısı olmaq, dünya səviyyəli biznesin, iqtisadi mühitin formalaşması, iqtisadiyyatın diversifikasiyası, ixracyönümlü olması və qeyri-neft sektorunun inkişafıdır: "Yerləşmə baxımından isə Avropa, Qafqaz, Asiya, Şimal-Cənub nəqliyyatı koridoru və regional investisiya qovşağının yaradılmasıdır".

Layihələr toplanır

Azərbaycan Sahibkarlar Konfederasiyasından isə agentliyə bildirilib ki, Ələt Azad İqtisadi Zonasında artıq iş adamlarının təklifləri yığılmağa başlanıb: "Artıq sahibkarlar müraciət edirlər və Ələt Azad İqtisadi Zonası hazırda layihələrin toplanması ilə məşğuldur. Yəni, bu layihələr toplanacaq, onlara baxılacaq və fəaliyyətə başlanacaq".

Qurumdan qeyd olunub ki, Ələt Azad İqtisadi Zonasında, əsasən, ixraca yönəlik istehsal nəzərdə tutulur: "Bizim sahibkarları, əsasən, iki məsələ maraqlandırır. Yəni, həm sənaye istehsalı, həm də ticarət. Ələt Azad İqtisadi Zonası onları həm də tranzit hab kimi maraqlandırır".

N.Bəydəmirli

"...Bu da iqtisadi inkişafa əngəl törədir"

İqtisadçı, işadamı Nazim Bəydəmirli də AzadlıqRadiosuna bildirib ki, azad iqtisadi zonalar vacibdir: "Dünya təcrübəsinə baxsaq görərik ki, daha çox nəqliyyat qovşaqlarında, transmilli şirkətlərin məhsullarını istehsal etmək üçün limanların yaxınlığında yerləşən bu zonalar vergi bazasını genişləndirməyə, iqtisadi məqsədlərə xidmət edir".

Amma o bu təcrübənin dünyada geniş yayılmasına baxmayaraq, onun Azərbaycanda yüksək nəticə əldə edəcəyinə bir elə də inanmır: "Azad iqtisadi zonalarda gömrük və vergi güzəştləri mövcuddur, malı idxal edib gömrük rüsumunu ödəmədən təkrar ixrac etmək mümkündür. Bu baxımından, Azərbaycanda, ola bilsin, bu məsələlər faydalı olsun. Hazırda qanun xarici ticarətin əsas elementlərindən biri olan təkrar ixraca icazə vermir, bu da iqtisadi inkişafa əngəl törədir".

"Məmur sahibkarlığına məxsus olan bəzi şirkətlər..."

N.Bəydəmirlinin sözlərinə görə, son zamanlar azad iqtisadi zonalarda, əsasən, alkoqollu içkilərin və tütün məhsullarının aksiz vergisindən qaçan istehsalçıları öz fabriklərini qurur: "Son trend bunlardır. Bu mənada məmur sahibkarlığına məxsus olan bəzi şirkətlər vergi və gömrük güzəştlərini alaraq, Ələt Azad İqtisadi Zonasının rezidenti olaraq bu kimi məsələlərdən yararlana bilərlər".

Sizin brauzer HTML5-i dəstəkləmir

Şuşada biznes qurmaq üçün nə lazımdı?

Lakin iqtisadçı düşünür ki, Ələt Azad İqtisadi Zonası ümumi vəziyyəti dəyişdirə bilməyəcək: "Azərbaycanda müxtəlif yerlərdə sənaye zonaları var və orada da müxtəlif güzəştlər var. Onların rezidentlərinin sayının məhdud olması və onların böyük əksəriyyətinin məmur sahibkarlığına məxsus olması inkişafa əngəl törədir".

O hesab edir ki, Azərbaycan iqtisadiyyatında dönüş yaratmaq üçün məmur sahibkarlığı ləğv olunmalıdır, lisenziyaların alınması asanlaşdırılmalıdır, resurslar əlçatan olmalıdır.