Bu gün, martın 17-də jurnalist Əfqan Muxtarlının azadlığa buraxılıb.
Jurnalistin Berlində AzadlıqRadiosuna verdiyi açıqlamaya görə, onu elə həbsxanadan birbaşa Bakı hava limanına gətiriblər və ordan təyyarə ilə Almaniyaya yola salıblar.
"Məni birbaşa gətirdilər hava limanına və təyyarə ilə Moskvaya, oradan da Berlinə. Ya azad olunub ölkədən çıxarılmalı idim, ya da həbsdə qalmalı idim. Mən həbsdə qalmaqdansa belə də olsa azadlığa çıxmağı üstün tutdum".
Onun dediyinə görə, bu məsələ onun üçün gözlənilməz olmayıb.
"Bir il olardı ki, beynəlxalq təşkilatlar bu məsələ ilə məşğul idilər və axır ki, mənim azadlığa çıxmağım baş tutdu. Məni Gürcüstandan necə oğurlayıb həbs etmişdilər elə də həbsxanadan oğurlayıb hava limanına gətirdilər və təyyarə ilə Almaniyaya yola saldılar". (Jurnalist Əfqan Muxtarlının həyat yoldaşı və qızı bir müddətdir ki, Almaniyada yaşayır.)
Sizin brauzer HTML5-i dəstəkləmir
***
Vəkil Nemət Kərimli isə bildirib ki, Ə.Muxtarlının cəza növünün dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət edilmişdi:
«Bu gün, martın 17-də məhkəmə olmalı idi, amma Əfqanın azadlığa buraxılıb-buraxılmaması ilə bağlı heç nə deyə bilmərəm».
Martın 17-də Suraxanı Rayon Məhkəməsində onun cəzasının qalan hissəsindən azad edilməsi ilə bağlı müraciətə baxılıb. Məhkəmənin qərarı ilə Ə.Muxtarlının cəzasının qalan hissəsinin şərti hesab olunaraq, onun azadlığa buraxılıb.
Sizin brauzer HTML5-i dəstəkləmir
Xatırlatma
Jurnalist Əfqan Muxtarlı 6 il həbs cəzası almışdı. O, qaçaqmalçılıqda, sərhədi qanunsuz keçməkdə və hakimiyyət nümayəndəsinə zor tətbiq etməkdə günahlandırılaraq 2017-ci ildə həbs olunub. O, ittihamları qurama sayır.
2014-cü ildən mühacirətə gedən jurnalist Gürcüstandan oğurlanaraq Azərbaycana gətirildiyini bəyan edib.
O bu məsələdə Gürcüstanın hüquq-mühafizə orqanlarını da günahkar sayır.
Amma həmin vaxt Gürcüstan baş naziri onlara qarşı ittihamların əsassız olduğunu açıqlamışdı.