Mayın 23-də Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə videokonfrans formatında keçirilən əməliyyat müşavirəsində deyilib ki, koronavirus pandemiyası dövründə Azərbaycanda 624 məhkum vaxtından əvvəl azadlığa buraxılıb. 310 şəxsin isə ev dustaqlığı və digər alternativ qətimkan tədbirlərinin tətbiqi nəticəsində həbsdən azad edildiyi qeyd olunub...
Yerli hüquq müdafiəçiləri deyirlər ki, Azərbaycan əhalinin ümumi nisbətinə görə, məhbus sayında Avropada öndə gedən ölkələrdəndir. Bəs elə isə pandemiya dövründə məhbus sıxlığının aradan qaldırılması baxımından Azərbaycan hakimiyyətinin atdığı bütün bu addımları yetərli saymaq olarmı?
Buna da bax: 'Bütün məhbuslar testdən keçirilməlidirlər'
İnsan Hüquqları Klubunun rəhbəri Rəsul Cəfərov AzadlıqRadiosuna deyib ki, ölkənin cəzaçəkmə müəssisələrindəki sıxlığı aradan qaldırmaq üçün təhlükəli cinayət törətməyən və cəzasının bitməsinə az qalan məhbusların azadlığa buraxılması davam etməlidir: "624 nəfər məhbusun azadlığa buraxılmasına gəlincə isə, bu rəqəm bizim təxmin etdiyimizdən bir qədər çoxdur. Amma hesab edirəm ki, bu say cəzaçəkmə müəssisələrindəki məhbus sıxlığını aradan qaldırmaq üçün yetərli deyil".
Hüquq müdafiəçisinə görə, sıxlığı fundamental şəkildə azaltmaq üçün vaxtından əvvəl azadlığa buraxılma mexanizmi bərabər əsaslarla tətbiq olunmalıdır:
"Bu məsələ siyasi məhbuslara da aid olmalıdır"
"Bizə məhbuslardan şikayətlər gəlir ki, azadlığa çıxmalarına çox az müddət qalır, koronavirusun yayıldığı 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkirlər. Amma nə üçünsə vaxtından əvvəl azadlığa buraxılma mexanizmi onlara tətbiq edilmir. Hesab edirəm ki, indiki halda vaxtından əvvəl azadlığa buraxılma mexanizmi məhbuslara bərabər şəkildə şamil edilməlidir. Bu məsələ siyasi məhbuslara da aid olmalıdır".
Hüquq müdafiəçisi vurğulayıb ki, 2020-ci ilin iyul-sentyabr aylarında 5-6 siyasi məhbusun cəza müddəti başa çatır, onları indidən də həbsdən azad etmək olar: "Biz də hesab edirik ki, bu addımlar həm ədalətin, həm qanunun aliliyinin bərpası, həm də koronavirus epidemiyasının yayılma riskinin azaldılması baxımından məqbuldur".
Bu fikirlərə, hələlik, Ədliyyə Nazirliyindən münasibət almaq mümkün olmayıb. Hüquq müdafiəçilərinin bildirməsinə görə, ölkədə 100-dən çox siyasi məhbus var. Amma rəsmilər ölkədə siyasi məhbus olması fikrini bir elə də qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər məhz törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.
Bununla belə, bu yaxınlarda Azərbaycan Ali Məhkəməsi vaxtilə həbsdə olan və siyası məhbuslarla bağlı siyahılarda yer alan Rəsul Cəfərovla REAL Partiyasının sədri İlqar Məmmədova kompensasiya ödənilməsi haqqında qərarlar verib.
Buna da bax: Keçmiş məhbus: "Həbsxanada koronavirusdan sağalmaq imkanı sıfırdır"
Cəzaçəkmə müəssisələrinin monitorinqləri üzrə İctimai Komitənin üzvü, hüquqşünas Əliməmməd Nuriyev də hesab edir ki, cəmiyyət, şəxsiyyət üçün təhlükəli olmayan cinayətlər törətmiş, cəza müddətinin başa çatmasına az qalmış məhbuslar vaxtından əvvəl azad olunmalıdırlar.
Ə.Nuriyevə görə, bu vəziyyətin aradan qaldırılması indiki cəzaçəkmə müəssisələri sistemiylə mümkün deyil. Onun sözlərinə görə, ölkənin bəzi bölgələrində yeni cəzaçəkmə müəssisləri tikilir, amma hökumət yetərli maliyyə vəsaitləri ayıra bilmir. Hüquqşünas hesab edir ki, pandemiya müəyyən iqtisadi problemlər yaradıb: "Bu cəzaçəkmə müəssisləri tam başa çatdırılandan sonra yeni standartlara uyğun olaraq hər məhkuma ayrılan sahə müəyyən olunacaq. İndiki cəzaçəkmə müəssisələri kamera tipli yox, yataqxana tiplidir. Odur ki, sıxlığı hələ tam aradan qaldırmaq mümkün görünmür".
Bununla belə, Ə.Nuriyev vurğulayıb ki, həm vaxtından əvvəl azadetmə institutu, həm koronavirus pandemiyası ilə bağlı görülən tədbirlər və əfv sərəncamı ilə məhbusların sayında azalma baş verib. Onun fikrincə, cəzanın humanistləşdirilməsi ilə bağlı qərarlar azadlıqdan məhrumetmə cəzalarını 25-30 faiz azaldıb.
"Yeni dəyişikliklər..."
Hüquqşünasın əlavə etməsinə görə, ölkədə cəza humanistləşdirilir, bu günlərdə Cinayət Məcəlləsinə dəyişikliklərlə bağlı qanun imzalanıb: "200-dən çox dəyişiklik var, bəzi cəzalar dekriminallaşdırılıb. Bəzi cəzaların azaldılması, alternativ cəzaların tətbiqi məsələsi var. Bunun da tətbiqinə bayramdan sonra (24 may Ramazan bayramı, 28 May Respublika günü-red.) başlanacaq. Bu da bir çox məhkumların cəzasının azaldılmasına, bəzi məhkumların azadlığa çıxmasına səbəb olacaq. Təxminən 300-ə qədər məhbusun azadlığa çıxması gözlənir. Bütünlükdə isə Cinayət Məcəlləsinə yeni dəyişikliklərin 7 min nəfərə yaxın şəxsi əhatə edəcəyi barədə məlumatlar var".
Buna da bax: 'Azərbaycanda cəzaçəkmə müəssisələrində sıxlıqdır'
Ə.Nuriyev deyib ki, ortada iqtisadi məsələ də var, hər məhkumun il ərzində cəzaçəkmə müəssisəsində saxlanması (saxlanması, yemək, qida, nəzarət və s.) ortalama 6 min manat təşkil edir və çox məhbus iqtisadi baxımdan da faydalı deyil: "Odur ki, dövlət də bu yöndə addımlar atır...".
Xatırlatma
Azərbaycanın cəzaçəkmə müəssisələrində 46 məhkumda koronavirus aşkarlandığı rəsmən açıqlanıb. Ümumilikdə isə hazırkı dövrədək ölkədə 4 min 271 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 51 nəfər vəfat edib.
2019-cu ilin sonlarında Çində yeni koronavirus aşkar edilib.
Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 5 milyon 606 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 348 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.