Üç ölkə arasında hərbi əsir mübahisələri...

Sizin brauzer HTML5-i dəstəkləmir

Müharibədən sonra saxlanmış ermənilərlə bağlı iki fərqli mövqe

Bu il mayın 4-də Azərbaycanın saxladığı üç hərbçini Ermənistana qaytardığı bildirilir. Azərbaycanın rəsmi qurumları bu barədə hər hansı bir açıqlama verməsələr də, hökumətə yaxınlığı ilə seçilən yerli saytlarda onların ötən ilin noyabrın 10-da imzalanmış razılaşmadan sonra Qarabağda tərksilah edilərək tutulduqları qeyd olunurdu.

Yanvarın 9-da Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yaymışdı ki, ölkənin işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən məqsədyönlü şəkildə yerləşdirilən 62 nəfərdən ibarət terrorçu-diversant qrupu saxlanılaraq istintaqa təhvil verilib.

Lakin bəzi beynəlxalq qurumlar, habelə rəsmi Yerevan həmin şəxsləri hərbi əsir hesab edir və rəsmi Bakını onları Ermənistana qaytarmağa çağırırlar. Hərçənd, Azərbaycan rəsmiləri bu yanaşmanı düzgün saymırlar.

Buna da bax: İlham Əliyev Sergey Lavrovla bunları danışıb

Hazırda Azərbaycanda olan Rusiya xarici işlər naziri Sergey Lavrov da mayın 6-sı Ermənistana səfəri zamanı mətbuat konfransında bildirib ki, rəsmi şəxslərlə Dağlıq Qarabağ ətrafında vəziyyəti müzakirə ediblər: "Bütün saxlanılanların evə qaytarılmasına, ərazilərin minalardan təmizlənməsinə, mədəni və dini irsin qorumasına yönəlmiş səyləri davam etdiririk".

Sözügedən şəxslər Ermənistana qaytarılacaqmı?

Mayın 10-da prezident İlham Əliyev Rusiya xarici işlər naziri Sergey Lavrovu qəbul edərkən isə bildirib ki, Azərbaycan humanitar problemlərlə bağlı məsələlərdə xoş məram nümayiş etdirir: "Deməliyəm ki, hərbi əməliyyatlar başa çatandan sonra biz müharibənin yekunlarına əsasən bizdə olan bütün hərbi əsirləri vermişik".

"Cinayət işi də yekunlaşmaq üzrədir"

Dünən baş prokuror Kamran Əliyev də jurnalistlərə bildirib ki, Qarabağda vuruşmuş terrorçularının hər biri ilə bağlı konkret cinayət işləri var və ittihamlar irəli sürülüb: "Bunlardan biri - Livan vətəndaşı ilə bağlı cinayət işi Bakı Hərbi Məhkəməsinə göndərilib… Digər terrorçularla bağlı cinayət işi də yekunlaşmaq üzrədir".

E.Nəsirov

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov da "Turan"a bildirib ki, Azərbaycan mövqeyi beynəlxalq hüquqa söykənən mövqedir: "Beynəlxalq hüquqda əsir, terrorçu və diversant definisiyası var. Bunların hər birinin hüquqi baxımından əsaslandırılmış adı var. Nəzərə alsaq ki, Azərbaycan hərbçilərinə və mülki əhalisinə hücum edənlər bunu 2020-ci ilin noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan siyasi liderlərinin imzaladığı birgə bəyanatla müharibəyə son qoyulandan sonra ediblər, onlar artıq hərbçilər sayılmır. Onlar terrorçu və diversant sayılırlar".

"Bu, tamamilə yalandır"

Deputatın sözlərinə görə, həmin 62 şəxsi Ermənistan beynəlxalq ictimaiyyətə hərbi əsir kimi təqdim etmək istəyir: "Guya ki, Azərbaycan hərbi əsirləri geri qaytarmaq istəmir və beynəlxalq hüquqa hörmətsizlik edir. Bu, tamamilə yalandır. Həmin şəxslər məhz beynəlxalq hüquqa görə birmənalı terrorçu və diversantdırlar. Azərbaycan üç nəfəri azad etdi, onların da mülki əhaliyə və hərbçilərimizə qarşı hər hansı cinayətkar əməl törətməyi təsdiqini tapmayıb".

Buna da bax: Prezident: 'Münaqişə həll olunmayıbsa, hansı kommunikasiyaların açılmasından söhbət gedə bilər?'

Komitə üzvü vurğulayıb ki, Ermənistan Rusiyaya şikayət edir. "Eyni zamanda, Ermənistan tərəfi beynəlxalq aləmdəki havadarlarına şikayətlər edirlər. Fransa Senatının rəhbərliyi Ermənistana gəlir və bəyanatının bir cümləsi erməni "hərbi əsirlər"in azad olunması ilə bağlıdır".

E.Nəsirovun fikrincə burada ikili standartlarla yanaşma nümayiş etdirilir: "Belə olan vəziyyətdə Azərbaycan tərəfinin da tələbləri var".

"Bu nə ikili standartlardır?"

Deputat sual edir ki, bəs niyə onda çox sayda Azərbaycan vətəndaşlarının ölümünə səbəb olan minalanmış ərazilərin xəritəsinin verilməməsi barədə danışmırlar?: "Niyə Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən əsir götürülmüş 4 min soydaşlarımızın taleyi barədə heç bir məlumat verilməməsi barədə bir söz demirlər? Nə baş verir? Bu nə ikili standartlardır?".

Ə.Oruclu

Politoloq Ərəstun Oruclu isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycan hakimiyyətinin Qarabağ münaqişəsindən sonrakı dövrdə verdiyi bəyanatlar və atdığı addımlar bir- birinə diametral ziddiyyət təşkil edir: "Həmin diversantlarla bağlı da vəziyyət eyni cürdür. Hüquq-mühafizə orqanları tərəfindən bəyan olunmuşdu ki, 10 noyabr üçtərəfli bəyanatından sonra Azərbaycan ərazisində saxlanılan silahlılar hərbi əsir statusu almırlar, onlar diversant kimi mühakimə olunacaqlar. Amma indi biz tamamilə başqa mənzərə görürük".

"Belə gedişlə asta-asta hamısını azad edəcəklər"

Ekspert qeyd edib ki, bu mənzərə Livan vətəndaşı olan və snayper olduğu deyilən Maral Nazaryandan başladı: "Livan hökumətinin müraciəti ilə Azərbaycan onu azad elədi, sonra həmin bu üç nəfəri azad etdi".

Buna da bax: Qarabağ ətrafında nə baş veri? Fransa Qarabağda fəallaşmaq istəyir

Ə.Oruclunun fikrincə, belə gedişlə asta-asta hamısını azad edəcəklər: "Sonuncu üç nəfərdən birinin azad olunmasına görə Beynəlxalq Cüdo Federasiyasının prezidenti İlham Əliyevə təşəkkürünü bildirdi. İlham Əliyev də kimdənsə "sağ ol" eşitmək xatirinə bu terrorçuların hamısını təhvil verəcək".

Politoloq vurğulayıb ki, burada iki hərəkət görmək olar: "Azərbaycanın daxili auditoriyaya yönəlik populist bəyanatları və xarici auditoriyanın tələbi ilə həyata keçirilən addımlar".

Xatırlatma

Ötən il 44 günlük döyüşlərdə Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ alıb. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilmişdi.