Bakının çirkab sularının 60 faizi Hövsan qəsəbəsində yerləşən aerasiya stansiyasında təmizlənib dənizə axıdılır. "Bakı Sukanal" İdarəsinin balansındakı ən böyük aerasiya stansiyası olan bu qurumda ötən il yanğın olub. Həmin yanğına görə "Azərsu" suvarma sistemləri sahəsində fəaliyyət göstərən "Yağmur-2" MMC-ni məhkəməyə verib.
İddia olunur ki, yanğın bu şirkətin stansiyanın yaxınlığında apardığı qazıntı işləri üzündən baş verib. Çünki qazıntı işləri aparılanda ekskavator ərazidəki kabel xətlərini zədələyib. Zədələnmə nəticəsində kabellərdə fazalar arası qısaqapanma yaranıb, bundan da yanğın başlayıb.
"Azərsu" ASC iddia edir ki, yanğın nəticəsində bu quruma 132 min 700 manat ziyan dəyib. Ziyanın da ödənilməsini tələb edir.
Amma "Azərsu" bu pulu şirkətlə yanaşı, "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC-dən də tələb edir. Çünki "Yağmur- 2" MMC-yə sifarişi bu qurum verib.
Sizin brauzer HTML5-i dəstəkləmir
"Azərsu" 132 min 700 manatı tələb edərkən yanğından sonra Fövqəladə Hallar Nazirliyi və "Azərişıq" əməkdaşlarının tərtib etdiyi aktı əsas göstərir. Aktda dəymiş ziyanla bağlı rəqəmlər də əksini tapıb.
Amma şirkət "Azərsu"nun iddiasını qəbul etməyib, pulu da ödəməyib. Bu üzdən mübahisə məhkəmə müstəvisinə çıxıb.
"Yağmur-2" MMC-nin nümayəndəsi Bakı Kommersiya Məhkəməsində deyib ki, qazıntı işlərinin aparılması üçün rəsmi tender elan olunub. Layihə ekspertizadan keçirilib və rəsmi qurumların razılığı alınandan sonra işlər görülüb.
Məhkəmədə o da üzə çıxıb ki, yanğınla əlaqədar cinayət işi başlanıb, istintaq gedib. "Azərsu"dan prokurorluğa məktub göndərilib, orada bu qurumun zərər görmədiyi, heç bir şikayət-tələbi olmadığı göstərilib.
Prokurorluq yanğında ölüm və ya xəsarət hallarının olmamasını, avadanlıqların bərpa edildiyini, həmçinin, "Azərsu"nun da maddi ziyan dəyməməsi barədə məktubunu əsas götürərək, cinayət işi başlanmasının rədd edilməsi haqda qərar verilib.
Bakı Kommersiya Məhkəməsi də bu əsaslarla aprelin 27-də "Azərsu"nun iddiasını rədd edib.