Parlament Amnistiya Aktını qəbul edib

Sizin brauzer HTML5-i dəstəkləmir

Amnistiya aktı: "Kimin pulu var çıxacaq"... (Video arxiv. 2016)

16-17 min şəxsin amnistiyaya düşməsi gözlənilir

Bu gün, noyabrın 5-də Zəfər Günü ( 8 noyabr) münasibətilə Amnistiya Aktı layihəsi Milli Məclisdə müzakirəyə çıxarılıb.

Sənəd "8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" adlanır.

Layihə ilə bağlı Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli danışıb. Deputat bildirib ki, qərar layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin noyabrın 2-də keçirilən iclasında geniş müzakirə edilib.

Onun vurğulamasına görə, dörd hissədən ibarət sənəd dürüst hazırlanıb: "...Təxminən 16-17 min, bəlkə də daha çox şəxsin bu amnistiyaya düşməsi gözlənilir".

Aktın ayrılıqda sırf həbs formasında cəza çəkən 3 min məhbusa şamil ediləcəyi gözlənir.

Qərar layihəsi deputatların müzakirəsindən sonra səsə qoyularaq bir oxunuşda qəbul edilib.

Amnistiya gözlənilir. Kimə şamil ediləcək?

Azərbaycanda Zəfər Günü ilə bağlı Amnistiya Aktı hazırlanıb. Həmin sənəd bu gün, noyabrın 2-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə olunacaq.

Bu barədə "Turan"a komitənin üzvü Fəzail Ağamalı bildirib. Onun sözlərinə görə, Amnistiya Aktı layihəsi komitəyə daxil olub: "İclasda layihə müzakirə olunacaq. Detallar barədə isə iclasdan sonra məlumat veriləcək".

Azərbaycanda sonuncu Amnistiya Aktı 2016-cı ildə qəbul edilib. Həmin sənədin 10 min şəxsə şamil edildiyi açıqlanıb. Bildirilib ki, bu sənədlə 3 min 500-ə yaxın şəxs tam azadlığa qovuşub.

Azərbaycan müstəqillik qazandıqdan sonra ilk Amnistiya Aktı Əbülfəz Elçibəyin hakimiyyəti dönəmində (1993) verilib. Ölkədə indiyə qədər ümumilikdə 10-dan çox Amnistiya Aktı qəbul edilib.

Azərbaycanda Zəfər Günü noyabrın 8-də qeyd ediləcək.

Amnistiyanın şamil ediləcəyi gözlənən şəxslər…

Amnistiya Aktı layihəsini Prezident İlham Əliyev təqdim edib.

Layihədə bir çox məhkumların müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad edilməsi təklif olunur.

Söhbət Vətən müharibəsində (İkinci Qarabağ Müharibəsi), Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan digər döyüş əməliyyatlarında iştirak edənlərdən, habelə döyüşlərdə həlak olan və xəbərsiz itkin düşən şəxslərin yaxın qohumlarından gedir:

"- Vətən müharibəsində və Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan digər döyüşlərdə iştirakla əlaqədar, habelə digər xüsusi xidmətlərə görə orden və medallarla təltif olunmuş şəxslər".

- bu qərar qüvvəyə mindiyi günədək, o cümlədən Vətən müharibəsi dövründə mülki əhaliyə qarşı Ermənistan hərbi təxribatları nəticəsində əlil olmuş şəxslərin və ya həlak olmuş şəxslərin yaxın qohumları”

Xocalı faciəsində əlil, həlak olan və ya xəbərsiz itkin düşən şəxslərin yaxın qohumları da bura aid edilir:

“- 1948-ci, 1953-cü və 1988-ci və 1992-ci illərdə etnik təmizləmə, terrorçuluq və soyqırımı siyasəti nəticəsində Ermənistandan deportasiya edilmiş şəxslər;

- 1988-1993-cü illərdə Azərbaycan ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçkün düşmüş şəxslər”

Layihə 1990-cı il 20 Yanvar faciəsində əlil olan şəxsləri və ya həlak olanların yaxın qohumlarını da əhatə edir.

Üstəlik, Azərbaycanın, habelə keçmiş SSRİ-nin Silahlı Qüvvələrində beynəlmiləl borcunu yerinə yetirən və ya sülhməramlı əməliyyatlarda iştirak edənlər, həmin vəzifələrin yerinə yetirilməsində həlak olan şəxslərin yaxın qohumları da bu sənəddən bəhrələnməlidirlər. Habelə onların qohumları, keçmiş SSRİ-nin orden və medalları ilə təltif olunmuş şəxslər də unudulmur.

Sənədə görə, keçmiş SSRİ dövründə siyasi repressiyaya məruz qalan, sonradan bəraət alan şəxslər və onların yaxın qohumları da Amnistiyaya düşə bilərlər.

Həmçinin, Çernobl qəzasının iştirakçıları da sənəddən kənarda qalmayıb:

“- qadınlar;

- cinayət törədərkən yaşı 18-ə çatmamış şəxslər;

- bu qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatmış şəxslər;

- bu qərar qüvvəyə mindiyi günədək I və II dərəcə əlilliyi olan şəxslər”

Eyni zamanda, öhdəsində yetkinlik yaşına çatmayan övladı, yaxud I, II dərəcə əlil övladı olan şəxslər, o cümlədən atalığı, qəyyumluğu və himayəçiliyi müəyyən olunmuş şəxslər xoş xəbər gözləyə bilərlər.

Bütün bunlardan başqa bu məhkumlar da cəzalarının çəkilməmiş hissəsini çəkməkdən azad ediləcəklər:

- böyük ictimai təhlükə törətməyən, cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən şəxslər;

- həmin şəxslərdən başqa müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının bu qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olmayan məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən şəxslər”

Habelə, ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə, 3 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum şəxslər də bu sənəddən yararlana bilərlər.

Sənəddən intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilən şəxslərin də yararlanacağı gözlənir.

Ən nəhayət, hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəza təyin edilən, cərimələnən bəzi şəxslər da aktın əhatə dairəsinə düşə bilər.

Xatırlatma

2020-ci ildə 44-günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib. Noyabrın 8-də isə Şuşa şəhəri işğaldan azad edilib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilmişdi.