Həbsdəki AXCP fəalının yanına vəkili buraxmadılar

Sizin brauzer HTML5-i dəstəkləmir

Həbsdəki AXCP fəalı işgəncələrdən danışdı. Video arxiv. 2020

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdəki fəalı Zamin Salayevin ailə üzvləri onun saxlandığı 17 saylı Cəzaçəkmə Müəssisəsində təzyiqlərə məruz qaldığını iddia edir. Bu barədə AzadlıqRadiosuna cəbhəçi fəalın oğlu Oqtay Salayev məlumat verərək bildirib ki, atasının ürəyində problemlər var. Onun sözlərinə görə, belə bir vəziyyətdə atasına nəinki ehtiyacı olan tibbi yardımı almasına imkan verilmir, əksinə, ona təzyiq göstərilir: "Bu müəssisədəki yataqxanalarda kondisionerlər yoxdur. Belə isti havalarda ürəyi xəstə adamı 100 nəfərin arasında saxlanmaq elə işgəncədir. Atamın səhhətindəki problemlərə görə gündə üç-dörd dəfə ürəktutması olur. Amma onu tibb müəssisəsinə köçürmürlər. Atam da buna etiraz edir. Onu qıcıqlandırırlar ki, məhkəmə öncəsi "kars"a salsınlar".

Salayev 1 il 4 aydır həbsdədir. Ona verilmiş cəzanın başa çatmasına 11 ay qalıb. Bu üzdən cəzasının yarıdan çoxunu çəkdiyini əsas gətirərək vaxtından əvvəl azadlığa buraxılması üçün Xəzər rayon Məhkəməsinə müraciət edib. Bir dəfə məhkəmə iclası keçirilib, növbəti iclas avqustun 6-na təyin olunub.

Buna da bax: Məhbus prezident Əliyevə vəsiyyət yazıb

Vəkillə görüşə icazə verilməyib

Vəkil Elçin Sadıqov AzadlıqRadiosuna bildirib ki, avqustun 3-də həm məhkəmə öncəsi məsləhətləşmələr, həm də Salayevə qarşı təzyiqlərlə bağlı ailəsinin dediklərini dəqiqləşdirmək məqsədilə 17 saylı Cəzaçəkmə Müəssisəsinə gedib. Lakin onun müvəkkili ilə görüşməsinə icazə verməyiblər.

Sadıqovun sözlərinə görə, o, Salayevin müdafiəçisi olduğunu təsdiqləyən vəkil orderini, vəkil vəsiqəsini də təqdim edib, amma xeyri olmayıb: "Dedilər ki, Penitensiar Xidmətdən məktub gətirməliyəm. Halbuki, qanunda belə bir şey yoxdur. Məhkəmədə şəxsin işi varsa, onun harada saxlanmasından asılı olmayaraq, vəkili onunla görüşə bilər. Vəkili olduğumu sübut edən orderi təqdim edirəmsə, bu kifayətdir. Xüsusilə ailəsi onun səhhətindən narahatdır. İstisna etmirəm ki, görüş verilməməsi onun durumuyla əlaqədardır".

Penitensiar Xidmət isə məhkumun tibbi yardıma ehtiyacı olduğu halda, onun bu yardımdan məhrum edilməsi haqda iddiaları təkzib edir. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, məhkumların sağlamlığı ilk növbədə elə Penitensiar Xidmətin özünün marağındadır.

Sadıqovun müvəkkili ilə görüşünə imkan verilməməsinə gəlincə, Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bildirib ki, vəkillərin məhkumlarla görüşməsində heç vaxt heç bir problem olmayıb: "Bundan sonra da ola bilməz. Sadəcə, müəyyən prosedur qaydalar var və bunlara əməl olunmalıdır".

Buna da bax: Əli Kərimlinin mühafizəçisi olmuş idmançı həbsdən buraxıldı

Xatırlatma

Zamin Salayev 2020-ci il aprelin 20-də CM-in 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə 2 il 3 ay azadlıqdan məhrum edilib. O, Salyan Rayon Polis İdarəsinin əməkdaşı Həmzə Əzizovun şikayəti əsasında cəzalandırılıb.

Salayev həbsindən bir müddət əvvəl sosial şəbəkələrdə adıçəkilən polis əməkdaşıyla mübahisəsinin videosunu yaymışdı. Həmin videoda cəbhəçi fəal Əzizovu rayonda yaşayan qadına qarşı təcavüzə görə ittiham edirdi.

Video yayılandan sonra Salayev inzibati qaydada 30 günlük həbs olundu. O, həmin vaxt saxlanılarkən işgəncəyə məruz qaldığını, nəticədə səhhətində ciddi problemlər yarandığını bəyan etmişdi.

Ardından polis əməkdaşı Salyan rayon Məhkəməsində ona qarşı xüsusi ittiham qaydasında iddia qaldıraraq həbsini tələb etmişdi.

Videoda haqqında bəhs olunan qadın H.Əzizova bıçaqla xəsarət yetirdiyinə görə 7 il azadlıqdan məhrum edilib. Qadın polisin ona qarşı zorakı hərəkətlərindən müdafiə olunmaq üçün ona xəsarət yetirdiyini bildirib. Polis əməkdaşı isə onun dediklərinin həqiqətəuyğun olmadığını söyləyib.